YAP Səbail rayon təşkilatının təşkilatçılığı ilə Milli Qurtuluş gününə həsr olunmuş növbəti tədbir keçirildi
14.06.2017YAP Səbail rayon təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə “15 iyun – Milli Qurtuluş Günü” münasibətilə iyunun 14-də 6 saylı məktəb-liseyin şagirdlərinin Milli Məclisə ekskursiyası təşkil olundu.
Ekskursiya zamanı məktəblilər Milli Məclisin İclas zalı, Heydər Əliyev Xatirə zalı və komitə iclaslarının keçirildiyi toplantı zalları ilə tanış oldular. Parlamentin binasında deputatlar üçün yaradılmış şəraitlə yaxından tanış olan şagirdlərə bu ali qanunvericilik orqanının fəaliyyəti, Milli Məclisin komitə və komissiyalarında gedən işlər haqqında ətraflı məlumat verildi.
Hər zaman canlı iş və diskusiyaların aparıldığı Milli Məclisin İclas zalında məktəbliləri salamlayan deputat prof. Şəmsəddin Hacıyev və Milli Məclisin əməkdaşları məktəblilərə ölkənin ali qanunverici hakimiyyətinin fəaliyyəti haqqında geniş məlumat verdilər. Ş.Hacıyev hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində ölkəmizdə aparılan işlər barədə danışaraq qeyd etdi ki, Konstitusiya başda olmaqla bütün qanunvericilik aktlarının müzakirə olunub qəbul olunduğu bu tarixi zalda ölkəmizdə hüququn aliliyini təmin etmək üçün bu gün də gərgin iş aparılır. Yalnız ötən il ərzində Parlamentdə 1200 qanun layihəsi müzakirə olunub. Milli Qurtuluş Günü münasibətilə məktəbliləri ürəkdən təbrik edən millət vəkili gəclərimizə yaxşı təhsil almağı və Vətəninə, dövlətçiliyinə, milli-mənəvi dəyərlərimizə bağlı əsl vətəndaşlar kimi formalaşmağı arzuladı. Məktəblilərə tariximizi əsaslı şəkildə öyrənməyi tövsiyə edən Ş.Hacıyev Azərbaycanın ən yeni tarixinə şahidlik etmiş bu möhtəşəm İclas zalında 1990-cı illərdə baş verənlər haqqında danışdı və vurğuladı ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 1993-cü ildə ölkədə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ilk yığıncaqdan etibarən Milli Məclis iclaslarında qayda-qanun yaratdı. Müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev mövcud siyasətin bünövrəsini qoyduğunu, möhtərəm Prezidentimiz İlham Əliyevin bu siyasi kursu bu gün böyük uğurla davam etdirdiyini xüsusi qeyd edən deputat bildirdi ki, “Siz, məktəblilərin bir nömrəli vəzifəsi dərslərini yaxşı oxumaq, yüksək biliklərə yiyələnmək, ən əsası isə milli dəyərlərimizi üstün tutmaqdır. Bütün bunların ən gözəl örnəyini biz Ulu Öndər Heydər Əliyevin nümunəsində görmüşük. Heydər Əliyev Azərbaycan xalqı üçün yaşadı, qədirbilən Azərbaycan xalqı da hər zaman Heydər Əliyevə arxa, dayaq oldu. Bu dahi siyasət bizə bugünkü həsəd olunacaq möhtəşəm nəticələri qazandırdı, siz, gənclər də dövlətçiliyimizə bağlı vətəndaşlar kimi bu pozitiv siyasəti gələcəkdə də qorumalı və davam etdirməlisiniz.”
Parlament binasındakı Heydər Əliyev Xatirə zalında məktəblilər Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif mərhələlərini, görkəmli dövlət xadiminin keçirdiyi görüşləri, xarici ölkələrə səfərlərini əks etdirən fotoşəkillər və tarixi sənədlərlə tanış oldular.
Daha sonra məktəblilər Milli Məclisin çox gözəl tərtibatla və yüksək zövqlə dizayn olunmuş toplantı zalları ilə tanış oldular. Şagirdlərin böyük marağına səbəb olan zallarda keçirilən iclaslar, təşkil olunan görüşlər haqqında məlumat verən Ş.Hacıyev məktəblilərin suallarını cavablandıraraq diqqətə çatdırdı ki, sadə, çox funksional və ideal tərtibatlı zallar möhtərəm Prezidentimizin bilavasitə diqqəti və zövqü ilə hazırlanmışlar.
Ekskursiyanın davamında məktəblilər Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov və Milli Məclis Sədrinin müavini Bahar Muradova ilə görüşdülər. Millət vəkilləri çay süfrəsi arxasında şagirdlərlə səmimi söhbət etdilər, onların çoxsaylı suallarını cavablandırdılar.
Çıxış edən Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini Ziyafət Əsgərov bildirdi ki, məktəblilərin, tələbələrin Milli Məclisə gələrək burada görülən işlərlə tanış olması artıq müsbət təcrübə halını alıb. “Biz gələcəyimizi yalnız savadlı insanlara etibar edə bilərik, bu səbəblə şagirdlərimiz Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün təhsildə, elmdə yüksək nailiyyətlər əldə etməli və gələcəyin vətəndaşları kimi mütləq öz üzərlərində işləməlidirlər. Əminik ki, bugünkü ekskursiya məhz bu məqsədə xidmət edərək gələcəyin siyasətçiləri olan məktəblilərimizdə qanunverici orqanın fəaliyyəti haqqında müsbət təsəvvür yaratdı.”
Bütün həmkarları adından məktəbliləri səmimi qəlbdən salamlayan Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini Bahar Muradova gələn il yaradılmasının 100 illiyini qeyd edəcəyimiz və hələ 1918-ci ildə apardığı islahatlarla Şərqdə avanqard rolunu oynayan Azərbaycan Parlamentinin fəaliyyəti, “Hakimiyyətin mənbəyi xalqdır” ifadəsinin fəlsəfi və sosial məsuliyyəti, eləcə də Milli Məclisin qanunverici, nəzarət və təmsilcilik kimi ictimai funksiyaları haqqında danışdı. 14 iyun tarixinin Azərbaycanın ən yeni tarixində əlamətdar gün kimi qeyd olunacağını vurğulayan vitse-spiker diqqətə çatdırdı ki, bu gün Cocuq Mərcanlı qəsəbəsi yaşayış üçün istifadəyə verildi. Bu önəmli hadisə cənab Prezident İlham Əliyevin təmas xəttində yaşayan sakinlərimizə, ümumilikdə əzəli torpaqlarından didərgin düşmüş qaçqın və köçkünlərə göstərdiyi yüksək diqqətin nümayişidir. Azərbaycan xalqının etimadını bundan sonra da layiqincə doğrultmağa çalışacaqlarını xüsusi qeyd edən B.Muradova məktəblilərə gələcək işlərində və təhsillərində uğurlar arzuladı.
6 saylı məktəb-liseyin direktoru Gülşən Orucova cənab Prezident İlham Əliyevin təhsil aldığı məktəbdə oxumağın da, bu məktəbdə çalışmağın da böyük şərəf olduğunu bildirərək, qeyd etdi ki, biz möhtərəm Prezidentimizdən Vətəni sevməyi, xalqımıza, dövlətçiliyimizə xidmət etməyi öyrənirik. Bugünkü tədbir də məktəblilərimiz üçün unudulmaz və əvəzolunmaz təcrübə oldu.
Ekskursiyada iştirak edən məktəblilər adından çıxış edən 10-cu sinif şagirdi Cəbrayıl Məmmədzadə tədbirdə iştirak edən deputatlara və bütün təşkilatçılara ürəkdən təşəkkür edərək bildirdi ki, bu yaşda Milli Məclisin möhtəşəm binasına daxil olmaq, Parlamentin işi ilə tanış olmaq, deputatlarımızla səmimi söhbət etmək imkanını əldə etmək hər birimiz üçün böyük şərəf oldu. Hər kəsin böyük qürurla və maraqla iştirak etdiyi ekskursiyadan çox müsbət təəssüratlar qazandıqlarını ifadə edən C.Məmmədzadə xüsusi qeyd etdi ki, biz bugünkü firavan həyatımız üçün Ümummilli Liderimiz Heydər Əliyevə borcluyuq, onun əziz xatirəsi qarşısında baş əyirik və Ulu Öndərimizin bizə əmanət etdiyi müstəqil Azərbaycanın gələcək inkişafı üçün hər birimiz canla-başla çalışacağımıza söz veririk.
Tədbirə yekun vuran Şəmsəddin Hacıyev məktəblilərimizdə Milli Məclisin fəaliyyəti, bu ali qanunvericilik orqanında görülən işlər, gedən proseslər haqqında ümumi təəssürat yaratmaq məqsədi daşıyan bugünkü ekskursiyada iştirak edən həmkarlarına təşəkkür edərək bildirdi ki, 26 sentyabrda keçirilmiş Referendumda Konstitusiyamıza əlavə edilən ən diqqətçəkən maddələrdən biri 18 yaşına çatmış gənclərimizə seçilmək hüququ verilən dəyişiklik oldu. Möhtərəm Prezidentimizin gənclərə olan etimadını nümayiş etdirən bu dəyişiklik əslində ölkə rəhbərinin gənclərimizə olan hədiyyəsidir. Bu yüksək etimadı və böyük məsuliyyəti doğrultmaq üçün isə Ş.Hacıyev məktəblilərə üç şeyi tövsiyə etdi: 1) bilikli mütəxəssislər kimi formalaşmaq üçün yüksək səviyyəli təhsilə yiyələnmək; 2) Azərbaycan həqiqətlərini beynəlxalq arenada dünya ictimaiyyətinə layiqincə çatdıra bilmək üçün ən azı iki-üç xarici dili mükəmməl öyrənmək; və 3) bütün bu vəzifələri yerinə yetirmək üçün ilk növbədə fiziki və mənəvi sağlamlıqlarını qorumaq.
6 saylı məktəb-liseyin nümunəvi rəhbərliyinin və pedaqoji kollektivinin olduğunu qeyd edən Ş.Hacıyev vurğuladı ki, bu məktəbin şagirdləri unutmamalıdırlar ki, möhtərəm Prezidentimiz İlham Əliyev də bu məktəbin yetirməsidir. Biz, hər birimiz yüksək intellektli, savadlı, nüfuzlu və dahi Heydər Əliyev akademiyasını bitirən yeganə siyasətçi olan cənab Prezidentimizlə fəxr edirik və müstəqil Azərbaycanın gələcək inkişafı naminə bundan sonra da əzmlə çalışmağa davam edəcəyik.
Məktəblilərin böyük marağına səbəb olan ekskursiya zamanı çoxlu sayda xatirə şəkilləri çəkildi və iştirakçılar bu unudulmaz ziyarətdən xoş təəssüratlarla ayrıldılar.