YAP Səbail rayon Qadınlar Şurasının üzvləri cəbhə bölgəsində N saylı hərbi hissədə və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində oldular

YAP Səbail rayon Qadınlar Şurasının bir qrup fəalları 15 İyun Milli Qurtuluş Günü və 26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə cəbhə bölgəsində və işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Oqtay Həziyevin ailəsində olmuşlar.

Müdafiə Nazirliyi və Füzuli rayon İcra Hakimiyyətinin birgə dəstəyi ilə təşkil olunmuş səfərdə iştirak edənlər ilk öncə Füzuli rayonunda Ümummilli lider Heydər Əliyevin Horadizdəki abidəsini ziyarət edərək, abidə önünə əklil və gül dəstələri qoyublar. Daha sonra ziyarətçilər Horadiz-Cəbrayıl avtomobil yolunun kənarında inşa edilən “Aprel şəhidlərinə xatirə” abidəsini də ziyarət ediblər, onlar Lələtəpə yüksəkliyinə yaxın ərazidə Şükürbəyli kəndində yerləşən N saylı hərbi hissədə əsgərlərlə görüş keçirib, onları bayramlar münasibətilə təbrik edib, xidməti fəaliyyətdə fərqlənən zabit və əsgərlərə qol saatı və fəxri fərmanlar təqdim ediblər.

YAP Səbail rayon Qadınlar Şurasının sədri Təranə Kərimova əsgərlər qarşısında çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğu ilə bağlı dediyi sözlər “Azərbaycanda ordu quruculuğu prosesi sürətlə və çox uğurla gedir. Azərbaycanda nizami ordunun yaradılması prosesi ölkəmizə böyük faydalar gətiribdir. Biz öz hərbi potensialımızı gücləndiririk və inanıram ki, bu proses gələcəkdə daha da sürətlə gedəcəkdir” aprel döyüşlərində əsgərlərimizə qol-qanad verirdi. T.Kərimova qeyd etdi ki, “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Aprel döyüşləri göstərdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa olsun bərpa edəcəkdir. Bu gün Azərbaycan ordusu təmas xəttində tam üstünlüyü özündə saxlıyır. Aprel döyüşləri mühüm qələbə olmaqla yanaşı, beynəlxalq arenada bütün diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb etdi, Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi. Bu döyüşlər dövlətimizin və ordumuzun gücünü, xalqın birliyini, həmrəyliyini, vətənpərvərliyini sərgilədi”.

Sonra YAP Səbail rayon Qadınlar Şurasının üzvləri və qonaqlar Cəbrayıl rayonunun işğaldan azad olmuş Cocuq Mərcanlı kəndinə getdilər. Orada yerləşən Şuşadakı Gövhərağa məscidinin bənzəri olan yeni inşa edilmiş məscidi ziyarət etdilər. Qeyd edək ki, 1993-cü ilin sonlarında 3 aylıq erməni işğalından sonra xarabalığa çevrilmiş Cocuq Mərcanlı kəndi 1994-cü ildə Azərbaycan Ordusu tərəfindən azad ediləndə vaxtilə orada yaşayan 283 ailədən yalnız Oqtay Həziyevin ailəsi kəndə qayıdıb. İyun ayının 14-də Azərbaycan Prezidenti Ali Baş Komandan İlham Əliyev insanların vətənpərvərlik hisslərinin yüksəldilməsində göstərdiyi şəxsi nümunəyə görə Cocuq Mərcanlı sakini Oqtay Həziyevi 1-ci dərəcəli “Əmək ordeni” ilə təltif edib. YAP-ın fəal üzvləri Oqtay Həziyevin ailəsində oldular, onu yüksək mükafat alması münasibətilə təbrik etdilər. Həyat yoldaşı Xuraman xanım və 83 yaşlı ağbirçək anası Minarə nənə ilə səmimi görüşüb, şəkillər çəkdirdilər, onların sarsılmaz iradəsinə heyran olduqlarını bildirdilər. Azərbaycan ordusunun gücünə güvəndiyini bildirən bu zəhmətkeş ailəyə uğurlar diləyib onları qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik etdilər.

Səfərdə əməkdar jurnalist Flora Xəlilzadə və “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova da iştirak ediblər.