YAP Səbail rayon təşkilatının İdarə Heyətinin növbəti iclası keçirildi

İyulun 4-də YAP Səbail rayon təşkilatının tədbirlər planına uyğun olaraq, İdarə Heyətinin növbəti iclası keçirildi. İclasda İdarə Heyətinin üzvləri, Milli Məclisin deputatları, ərazi ilk partiya təşkilatlarının sədrləri və dəvət olunan şəxslər iştirak etdilər.

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev iclası açaraq, son bir ay ərzində respublikamızın ictimai-siyasi və mədəni həyatında baş verən hadisələr, eləcə də Yeni Azərbaycan Partiyası tərəfindən həyata keçirilən tədbirlər, o cümlədən YAP Səbail rayon təşkilatında görülən işlər haqqında ətraflı məlumat verərək, diqqətə çatdırdı ki, ötən ay Azərbaycanın ən yeni tarixində çox əlamətdar bir hadisə, 15 iyun – Milli Qurtuluş Günü yüksək bayram əhval-ruhiyyəsi ilə qeyd edildi. 1993-cü ilin 15 iyun tarixi müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında və dövlətçilik tarixində əsaslı dönüş yaratmaqla bugünkü müstəqil, firavan həyatımızın, dinamik və dayanıqlı sosial-iqtisadi inkişafımızın bünövrəsini formalaşdırdı. Azərbaycan xalqının təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı qısa müddət ərzində Azərbaycanın istər siyasi, istər sosial-iqtisadi, istərsə də ordu qurulucuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması sahəsində böyük inkişafa, əsaslı dəyişikliklərə səbəb oldu. Mübaliğəsiz demək olar ki, əgər 15 iyun – Milli Qurtuluş olmasaydı nəinki bugünkü inkişafımız, bəlkə də müstəqil Azərbaycan Respublikasının varlığı belə şübhə altında olardı. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan bu gün də sürətlə inkişaf edir və gələcəyə inamla baxır. Bu gün şahidi olduğumuz misilsiz nailiyyətlər məhz, ölkədə aparılan düşünülmüş siyasət və güclü liderin siyasi iradəsi ilə bağlıdır. Cənab Prezidentin Yeni Azərbaycan Partiyasının Sədri olması bizim üçün o deməkdir ki, ölkə rəhbərinin həyata keçirdiyi genişmiqyaslı işlərdə partiyamızın rolu və yeri olduqca böyükdür.

Çıxışının davamında Milli Məclisin 30 iyun tarixində keçirilmiş plenar iclasında müzakirəyə çıxarılmış “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqında qısa məlumat verən millət vəkili bildirdi ki, dünyada, yaxın-uzaq coğrafiyada baş alıb gedən siyasi-iqtisadi kataklizmlər, müharibələr, qaçqın problemi, terror və dini radikalizm meylləri fonunda Azərbaycanda bu gün şahidi olduğumuz dinamik və davamlı inkişaf möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən aparılan düşünülmüş siyasətin nəticələridir. Məhz bu məqsədyönlü və hər şeydən öncə milli mənafelərin, əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş siyasət və səmərəli makroiqtisadi fəaliyyət nəticəsində 2017-ci ilin birinci yarısında dövlət büdcəsinə yarım milyon manatdan çox əlavə vəsait daxil olmuşdur. Büdcədə nəzərə çarpan bu müsbət gəlir artımının büdcə xərclərinin də yüksəldilməsinə imkan yaratdığını diqqətə çatdıran Ş.Hacıyev vurğuladı ki, büdcənin proqnoz xərclərinin artımı məqsədilə Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi dayanıqlı sosial-iqtisadi inkişafın təmini istiqamətində zəruri, təxirəsalınmaz xərclərin maliyyələşdirilməsinə yönəldiləcəkdir. Bütün bunlar bir daha göstərir ki, cənab İlham Əliyevin vətəndaş-mərkəzli siyasəti əhalinin rifahının mütəmadi olaraq yüksəldilməsinə, iqtisadi inkişafın dayanıqlılığının təmininə və hərbi qüdrətimizin daha da gücləndirilməsinə yönəldilmişdir. Deputat sözügedən büdcə dəyişikliklərini bütövlükdə müsbət xarakterli hadisə kimi qiymətləndirdi.

Sədr xüsusi vurğuladı ki, Yeni Azərbaycan Partiyasının qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsində və Səbail rayonunun ictimai-siyasi həyatında yaxından iştirak edən və bu gün sıralarında 25 mindən çox partiya üzvünü cəmləşdirən YAP Səbail rayon təşkilatının bu ilin birinci yarısındakı fəaliyyətinə nəzər salsaq, əminliklə deyə bilərik ki, rayon təşkilatımız daima ölkədə aparılan siyasəti dəstəkləmiş, partiyamızın bütün üzvləri, xüsusilə gənclərimiz xüsusi fəallıqları ilə fərqlənmişlər. Ötən iclasdan keçən müddət ərzində YAP Səbail rayon təşkilatının gördüyü işlər haqqında ətraflı məlumat verən Ş.Hacıyev bildirdi ki, iyun ayı ərzində Milli Qurtuluş Günü ilə bağlı çoxsaylı tədbirlər keçirilmiş, rayon təşkilatı nəzdində yeni üç ərazi ilk partiya təşkilatları təsis olunmuş, mübarək Ramazan bayramı münasibətilə rayonun aztəminatlı sakinləri üçün bir neçə xeyriyyə aksiyası keçirilmiş və ciddi ehtiyacı olan və hərəkət etməkdə çətinlik çəkən yeddi nəfər aztəminatlı rayon sakininə əlil arabaları hədiyyə olunmuş, məktəblilərin respublikamızın ali qanunvericilik orqanının fəaliyyəti ilə tanış olması üçün Milli Məclisə bir neçə ekskursiya təşkil olunmuşdur. Həmçinin 15 İyun Milli Qurtuluş Günü və 26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə təşkilatımızın Qadınlar Şurasının bir qrup üzvü cəbhə bölgəsində N saylı hərbi hissəsinə və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər etmiş, insanlarda vətənpərvərlik hisslərinin yüksəldilməsində göstərdiyi şəxsi nümunəyə görə 1-ci dərəcəli “Əmək ordeni” ilə təltif edilmiş Oqtay Həziyevin evində olmuşlar.

Sədr ilin əvvəlindən etibarən 900-ə yaxın yeni üzvün partiya sıralarına daxil olduğunu və İdarə Heyətinin üzvlərinin bu müddət ərzində mətbuatda aktual məsələlər barədə çoxsaylı çıxışlarının, məqalə və müsahibələrinin dərc edilməsini xüsusi vurğuladı. Azərbaycanın rəsmi nümayəndə heyətinin tərkibində Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov ilə birgə Türkiyə Respublikasına etdiyi son səfər və Türkiyənin Isparta şəhərində Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirəlin xatirəsinə həsr olunmuş anım tədbirlərində iştirakları haqqında danışan Ş.Hacıyev qeyd etdi ki, Süleyman Dəmirəl Türk dünyasının fəxr etdiyi və bütün türk millətinin yaddaşına əbədi həkk olunmuş böyük şəxsiyyətlərdən biridir və onun Ulu öndər Heydər Əliyevlə dostluq və qardaşlıq münasibətləri bu gün də dünya liderləri üçün bir nümunədir.

Sonra gündəlikdə duran məsələlər müzakirəyə çıxarıldı. “Bibi-Heybət” (50 saylı orta məktəb) ərazi ilk partiya təşkilatının sədri Sədaqət Həsənova, “Müharibə veteranları” (Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon şöbəsi) ərazi ilk partiya təşkilatının sədri İlham Əliyev və “Əmək normaçıları” (SOCAR-ın Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsinin baş ofisi) ərazi ilk partiya təşkilatının sədri Telman Məhəmmədov ərazi ilk partiya təşkilatlarında görülmüş işlər haqqında məlumatlarla çıxış etdilər. Məlumatlar müzakirə olunaraq yekdilliklə qəbul olundu.

İclasın davamında yeni təsis olunmuş ərazi ilk partiya təşkilatları – “Gənclər Fondu”, “Milli Kitabxana” və “Şıx Sanatoriyası” ərazi ilk partiya təşkilatlarından daxil olmuş müraciətlərə baxıldı, bu yeni ərazi illk partiya təşkilatlarının rayon təşkilatının qeydiyyatına alınması qərarı yekdilliklə qəbul olundu. Fəal, dinamik və yüksək potensiallı gənclərin və milli-mənəvi dəyərlərimizə, dövlətçiliyimizə bağlı vətəndaşlarımızın mütəmadi şəkildə partiya sıralarına cəlb olunmasını daim xüsusi diqqətdə saxladıqlarını və adıçəkilən üç mötəbər qurumda partiya təşkilatlarının yaranmasının əlamətdar hadisə olduğunu vurğulayan Sədr, yeni yaranmış ərazi ilk partiya təşkilatlarının üzvlərinə gələcək siyasi fəaliyyətlərində uğurlar arzuladı. Qeyd olundu ki, sıraları kəmiyyət və keyfiyyət baxımından müsbət mənada günbəgün genişlənən və üzvlərinin sayı 700 mini ötmüş Yeni Azərbaycan Partiyası məhz bu intellektual potensialı sayəsində Azərbaycanın ictimai-siyasi həyatında həlledici rola malik olmaqla yanaşı, yaxın coğrafiyanın ən böyük və mütəşəkkil siyasi təşkilatıdır.

Sonra “Xəzər dənizçiləri” (Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC) ərazi ilk partiya təşkilatının sədri İzafət Məmmədov 25 iyun dənizçilərin peşə bayramı – “Dənizçi günü” münasibətilə rayon təşkilatının Fəxri Fərmanı ilə təltif olundu.

Sonda cari məsələlərə baxıldı və müvafiq qərarlar qəbul olundu.