Bakıda “FETÖ ilə mübarizə çərçivəsində 15 İyul çevriliş cəhdi” mövzusunda “dəyirmi masa” keçirildi

İyulun 12-də Beynəlxalq Mətbuat Mərkəzində 2016-cı il iyulun 15-i Türkiyədə baş verən hərbi çevriliş cəhdinin qarşısının xalq tərəfindən alınması və FETÖ ilə bu gün də aparılan mübarizəyə həsr olunmuş “dəyirmi masa” keçirildi.

TRT World Research Centre və Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilmiş “dəyirmi masa”da Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri, Ədalət və İnkişaf Partiyasından (AKP) Adana deputatı olan Necdet Ünüvar, TBMM-nin AKP-dən Düzce deputatı olan Ayşe Keşir, Azərbaycan Respublikası Milli Məclisinin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri akademik Əhliman Əmiraslanov və dostluq qrupunun üzvü, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev, Milli Məclisin deputatı Fazil Mustafa, TRT World baş redaktoru Fatih Ər, o cümlədən Azərbaycandakı diplomatik korpusların nümayəndələri, QHT rəhbərləri, ekspertlər və media nümayəndələri iştirak etdilər.

“FETÖ ilə mübarizə çərçivəsində 15 İyul çevriliş cəhdi” mövzusunda təşkil olunmuş “dəyirmi masa”da çıxış edən natiqlər ötən il 15 iyul tarixində Türkiyədə reallaşdırılmağa cəhd olunan hərbi çevrilişin obyektiv və subyektiv siyasi-ictimai səbəblərindən bəhs edərək, hüquqi yolla seçilmiş demokratik hökumətə qarşı yönəldilmiş bu xəyanətkar qiyamın qarşısının qətiyyətlə alınması, xalqın milli iradə nümayiş etdirərək ölkəsinə, demokratiyaya sahib çıxması haqqında ətraflı məlumatlar verdilər və çevriliş cəhdi ilə bağlı öz fikirlərini bildirdilər. Vurğulandı ki, bu hadisələr bir daha sübut etdi ki, Türkiyə dövləti, demokratiyası çox güclüdür. 15 iyul hadisələrinin mahiyyətinin təhlil olunduğu tədbirdə Türkiyəli deputatlar türk xalqının qəhrəmanlığı ilə yanaşı, o gecə, parlamentdə yaşananlar haqqında da ətraflı danışdılar.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral diqqətə çatdırdı ki, Türkiyə Cümhuriyyətinin ən yeni tarixində önəmli dönüş nöqtəsi və unudulmayacaq tarix olan 2016-cı il 15 iyul tarixində bütün vicdani və əxlaqi dəyərlərdən kənar olan FETÖ təşkilat üzvləri Türkiyə tarixində görünməmiş bir xəyanətə imza atdılar və ölkədə hərbi çevriliş etməyə çalışdılar. Qəhrəman və qədirbilən Türk xalqı o gecə tək ürək oldu, 250 şəhid bədənlərini Türkiyədəki demokratiyanı qorumaq üçün xəyanətkarlar qarşısında sipər etdi. FETÖ terror təşkilatı təkcə Türkiyə üçün deyil, bütün dünya üçün təhdiddir. Ona görə də FETÖ-yə qarşı təkcə Türkiyə yox, bütün dünya mübarizə aparmalıdır. Diplomat Türkiyə xalqının həmin gecə şəhid olanların xatirəsini əbədi olaraq hörmət və ehtiramla anacağını ifadə etdi.

Azərbaycan Respublikası Milli Məclisinin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri akademik Əhliman Əmiraslanov qeyd etdi ki, bir il əvvəl qardaş Türkiyədə baş verən dövlət çevrilişi cəhdi yalnız Türkiyədə deyil, Azərbaycanda da böyük təşviş yaratdı. Ə.Əmiraslanov bildirdi ki, Azərbaycan parlamenti, eləcə də Azərbaycanlı deputatlar fərdi şəkildə həmin vaxt sözügedən hadisə ilə bağlı bəyanatlarla çıxış etdilər. Azərbaycan-Türkiyə münasibətlərinə də toxunan işçi qrupunun rəhbəri vurğuladı ki, qardaş ölkələrimizin hər zaman bütün məsələlərdə bir-birlərini dəstəkləməsi Azərbaycan-Türkiyə arasında mövcud olan sarsılmaz dostluq-qardaşlıq əlaqələrinin bariz təzahürüdür.

Əsrlər öncə ölkələrimiz arasında başlayan qardaşlıq münasibətlərinin tarixindən danışan Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Necdet Ünüvar bildirdi ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanında olub. “Qardaşın dəstəyi məhz çətin günlərdə bilinir. Bu gün yalnız SOCAR Türkiyə iqtisadiyyatına 12 milyard dollar sərmayə qoyub. Amma dostluğumuz bu pullardan üstündür. Bəlkə də dövlət çevrilişinə cəhd zamanı Azərbaycanlı qardaşlarımızın dəstəyi, duaları sayəsində bu gün sağıq və Bakıdayıq” deyən Necdet Ünüvar daha sonra müəllifi olduğu “Gazi Mecliste O Gecə” adlı kitabında toxunduğu analitik təhlil məqamlarını və “15 iyul” zəfər gecəsindən çıxarılmalı olan dərsləri “dəyirmi masa” iştirakçılarınının diqqətinə çatdırdı. N.Ünüvar qeyd etdi ki, Fetöcular bu qiyam vaxtı hər şeyi nəzərə alsalar da, bir məqamı gözdən qaçırtdılar ki, bu da Türk millətinin dövlətçiliyinə olan sevgisidir. O gecə hərbi komandirindən tutmuş ən sıravi vətəndaşına kimi tarix yazan Türk xalqı “Bir türk kimi güclü və dəyanətli olmaq” ifadəsinin nə demək olduğunu bütün dünyaya 15 iyul tarixində bir daha sübut etdi.

Ötən il baş verən dövlət çevrilişi cəhdini daha əvvəllər Türkiyədə baş verən çevriliş cəhdləri ilə müqayisə edən AKP-dən deputat olan Ayşe Keşir Türkiyədə baş verən bu hadisələrin ölkənin demokratik inkişafını, iqtisadiyyatının güclənməsini istəməyən qüvvələr tərəfindən törədildiyini qeyd etdi. 15 iyul hadisələrini dövlət çevrilişindən daha çox ölkədaxili vətəndaş müharibəsinin başladılması cəhdi kimi səciyyələndirən deputat xüsusi vurğuladı ki, bu hadisələrlə bağlı Rəcəb Tayyib Ərdoğana ilk zəng edən şəxsin məhz cənab İlham Əliyevin olması Türkiyə xalqı üçün çox qiymətli jestdir və qardaş ölkələrimiz arasında mövcud olan birlik və bərabərliyin təcəssümüdür.

TRT World baş redaktoru Fatih Ər, FETÖ-nün dünyadaki şəbəkəsinin Türkiyə əleyhinə fikir formalaşdırmağa çalışdığını dilə gətirərək, bildirdi ki, TRT World əməkdaşları olaraq, KİV kimi fəaliyyət göstərdikləri bütün dünya ölkələrində bu siyasətə qarşı mümkün təbliğat vasitələri ilə mübarizə aparırlar. Fetönün iç üzünü bütün dünya ölkələrində tanıtmaq məqsədi daşıyan bugünkü “dəyirmi masa” tipli toplantıların 12 ölkədə keçirilməsinin nəzərdə tutlduğunu qeyd edən F.Ər ilk “dəyirmi masa”nın məhz Azərbaycanda keçirilməsinin də təsadüfü olmadığını vurğuladı.

Çıxış edən Milli Məclisin deputatı Fazil Mustafa xarici qüvvələrin Türkiyədə reallaşdırmaq istədiyi ssenarinin qarşısının məhz Türk xalqının iradəsi ilə alındığını bildirdi.

Azərbaycan Respublikası Milli Məclisinin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev Azərbaycan və Türkiyə kimi aralarında bu dərəcədə möhkəm və sarsılmaz qardaşlıq-dostluq əlaqələrinin olduğu başqa iki dövlətin olmadığını xüsusi vurğulayaraq qeyd etdi ki, ötən ilin 15 iyul hadisələri zamanı bütün Azərbaycan xalqı, damarlarında türk qanı axan hər kəs Türkiyədə baş verən hadisələri böyük həyəcan hissi ilə izlədi. Bir daha bu səpkidəki hadisələrin təkrarlanmaması üçün 15 iyul çevriliş cəhdinə rəvac verən şərtlərin təhlil olunmasının, bu prosesdən dərs alınmasının və nəticələr çıxarılmasının əhəmiyyətinə diqqət çəkən millət vəkili qeyd etdi ki, Fetönün sadəcə bir maşa olduğu və böyük güclər tərəfindən planlaşdırılmış bu ssenaridə, xüsusilə yaxın coğrafiyada, ərəb-müsəlman dünyasında, Orta Şərqdə, postsovet məkanında son illər cərəyan edən geosiyasi və geoiqtisadi proseslər fonunda hədəf kimi məhz Türkiyənin seçilməsi heç də təsadüfi deyildir. “Bu gün dünyada, regionda, ümumiyyətlə bütün Türk və İslam dünyasında ciddi oyunçuya çevrilən Türkiyə Cümhuriyyəti iqtisadi, hərbi qüdrətinə görə günü-günüdən güclənir. Dünyanın 17-ci iqtisadiyyatı olan Türkiyə iqtisadi artım sürətinə görə Çindən sonra ikincidir. Dünyada sahib olduğu böyük nüfuzu müqabilində artıq öz layiqli yerini tapmış olan Türkiyə xüsusilə 2000-ci ildən etibarən tam müstəqil siyasət yürütməklə yanaşı, bu siyasətdə xalqın milli mənafelərini hər şeydən üstün tutur.” deyən Ş.Hacıyev qeyd etdi ki, Türkiyədə demokratik və vətəndaş cəmiyyəti quruculuğunda xalqın iradəsinin təcəssümü cari ilin aprel ayında keçirilmiş Referendumun nəticələrində də bariz şəkildə əks olundu. Bu arzuolunmaz hadisələrin təkrarlanmaması üçün Türk-İslam dünyasında həmrəyliyin, birlik və bərabərliyin əldə olunmasının önəmini xüsusi vurğulayan deputat çıxışının sonunda bu hadisələrdə şəhid olanlara Allahdan rəhmət dilədi və diqqətə çatdırdı ki, o gecə qəhrəmanlıq göstərmiş 250 şəhid və 2500 qazi bir daha sübut etdi ki, dünya sivilizasiyasında əhəmiyyətli işlər görmüş, izlər qoymuş mərd və cəsur türk millətinin övladları torpaq, Vətən, xalq, dövlət kimi müqəddəs amalları canları bahasına da olsa qorumağa hazır və qadirdirlər.

Tədbirin yekununda bildirildi ki, bu hərbi çevrilişin qarşısının qətiyyətlə alınması üçün ilk növbədə şəhidlərimizə borcluyuq. Güclü vətəndaş və demokratik cəmiyyət güclü dövlət deməkdir, güclü Türkiyə dövləti isə, güclü Azərbaycan deməkdir.

“Dəyirmi masa” iştirakçılarına Halil Berktay və Pınar Kandemirin redaktorluğu ilə nəşr olunmuş “Tarix və Yaddaş: TRT World gözündən 15 İyul Çevriliş Cəhdi” (“History and Memory: TRT World in the Face of July 15 Coup”) adlı kitab paylanıldı.

Tədbirin videoyazısı
XəzərTV
LiderTV