Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin ildönümü Səbail rayonunda qeyd olundu

Azərbaycan dövlətçiliyi ideyasının yaşaması və sonradan yenidən reallaşdırılması birbaşa olaraq, 1969-cu ildə respublikamızda ilk dəfə hakimiyyətə gələn Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dövlətçilik tariximizin özünəməxsus bir həlqəsi olan sovet dövründə də bu böyük siyasətçi və dövlət xadimi, milli inkişafımız baxımından əvəzolunmaz nailiyyətlərə imza atıb.

Ulu Öndərimiz Heydər Əlirza oğlu Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 48-ci ildönümü münasibəti ilə Səbail rayonunun idarə, təşkilatlarında, elm və təhsil müəssisələrində müxtəlif tədbirlər keçirilir. Həmin tədbirlərdən biri də Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin qərargahında Səbail Rayon İcra Hakimiyyəti, YAP Səbail Rayon təşkilatı, rayonun Ağsaqqallar, Veteran Təşkilatları Şuralarının, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin, rayondakı bir sıra ictimai təşkilatların, QHT-lərin, rayon ictimaiyyətinin nümayəndələrinin və digər qonaqların iştirakı ilə keçirildi.

Tədbirin əvvəlində Ulu Öndərin əziz xatirəsi 1 dəqiqəlik sükütla yad olundu.

Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev tədbir iştirakçılarını və qonaqları salamlayaraq Ümummmilli Liderimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə gəlməsi, fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış etdi. Qeyd olundu ki, 48 il əvvəl – 1969-cu il iyul ayının 14-də Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Plenumunda Heydər Əlirza oğlu Əliyev Azərbaycan Kommunist Partiyasının birinci katibi seçilmişdir. Həmin gündən etibarən Azərbaycanın inkişafında böyük dönüş və tərəqqi başlandı. Heydər Əliyevin böyük xidmətləri, Vətənə və xalqa məhəbbəti, təşkilatçılıq qabiliyyəti, mövcud problemləri dərindən  öyrənərək onların aradan qaldırılmasını təmin etmək bacarığı öz bəhrəsini verdi. Heydər Əliyevin fenomenal idarəçiliyi, bilik və bacarığı, gərgin əməyi sayəsində bir zamanlar keçmiş Sovetlər İttifaqının geridə qalmış aqrar respublikası olan Azərbaycan sənaye və kənd təsərrüfatının geniş inkişaf etdiyi bir qabaqcıl respublikaya çevrildi. Respublikada yüzlərlə iri sənaye müəssisəsi, sosial obyektlər inşa edildi, əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması üçün geniş miqyaslı mənzil tikintisi layihələri həyata keçirildi. Görülən bütün işlərin təşəbbüskarı, əsas himayədarı, dəstəkçisi və onların başında duran isə məhz xalqımızın böyük oğlu Heydər Əliyev oldu.

1993-cü ildə xalqın tələbi və təkidi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra Heydər Əliyev Azərbaycanı parçalanmaqdan, məhv olmaqdan qorudu, xalqımızın xilaskarına çevrildi. O, bu gün aparıcı dünya dövlətlərinin hesablaşdığı Azərbaycan Respublikasının hərtərəfli inkişafının əsasını qoymuş, böyük starateji layihələrin həyata keçirilməsinə başlamışdır. Heydər Əliyevin əsasını qoyduğu siyasət isə bu gün onun layiqli davamçısı, Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Fenomenal şəxsiyyət olan Heydər Əliyevlə birgə çalışmaq, onunla birlikdə gənc müstəqil Azərbaycan dövlətinin inkişafını görmək xoşbəxtliyinə sahib olduğunu diqqətə çatdıran YAP Səbail Rayon təşkilatının sədr müavini Afət Xanbabayeva çıxışında bildirdi ki, bu dahi rəhbər günəş kimi parlayan Azərbaycanı bütün dünyaya təqdim etdi. Hələ sağlığında “millətin atası” ünvanını qazanan Ümummilli Liderimiz Yeni Azərbaycanı yaratdı, “Yeni Azərbaycan Partiyası”nı təsis etdi və Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri olan dövlət müstəqilliyimizi əbədiləşdirdi. Heydər Əliyev bütün Azərbaycan xalqının ağsaqqalı, böyüyü idi. Bütün gördüyü işlərdə xalqa və Yeni Azərbaycan Partiyasına arxalanırdı. Heydər Əliyevin rəhbərliyi altında işlədikləri zamanları xatırlayan A.Xanbabayeva qeyd etdi ki, biz onun əsl zadəgan maneralarını böyük heyranlıqla izləyir və bütün çıxışlarını, nitqlərini böyük məhəbbətlə dinləyirdik. Ulu Öndərin ruhuna sonsuz ehtiramını bildirən sədr müavini vurğuladı ki, nə qədər Azərbaycan var, Heydər Əliyevin adı da əbədi olaraq yaşayacaqdır və biz əminik ki, bu dühanın layiqli davamçısı İlham Əliyev Azərbaycanımızı bundan sonra da parlaq gələcəyə doğru aparacaqdır.

Toplantıda çıxış edən Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail Rayon təşkilatının sədri İlham Əliyev görkəmli dövlət xadimi Heydər Əliyevin Böyük Vətən Müharibəsi və Qarabağ veteranlarını daim xüsusi diqqətdə saxlaması barədə danışaraq, bildirdi ki, ümumiyyətdə ölkəmizdə elə bir sahə, elə bir sosial qrup yox idi ki, Heydər Əliyevin nəzər-diqqətində olmasın. Fərəhləndirici haldır ki, onun siyasi kursunu böyük uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev müharibə veteranlarını, əlilləri, şəhid ailələrini unutmur və bu həssas qrup insanlarına qayğı göstərir. Biz də, veteranlar, hərbiçilər, orduda xidmət etmiş zabitlər olaraq Ali Baş Komandanımızın bütün əmrlərini yerinə yetirməyə canla-başla hazırıq.

Azərbaycan Respublikası Veteranlar Şurası sədrinin müavini, polkovnik Cəlil Xəlilov Azərbaycanın dahi oğlu, böyük siyasi xadim Heydər Əliyevin sözün əsl mənasında əzəmətinin yalnız zamanın fövqündə dərk olunduğundan danışaraq, bildirdi ki, bu gün biz Heydər Əliyev dühasının idarəçiliyinin nəticələrini görürük, Azərbaycanın necə bir güclü dövlətə çevrilməsinin hamımız şahidləri və iştirakçılarıyıq. Gənclər üçün böyük məktəb olan Heydər Əliyevin zəngin dövlətçilik irsini hər birimiz öyrənməli, nümunələr götürməli və onun kimi yaşamağa çalışmalıyıq.

Bu gün Azərbaycanın istənilən sosial-iqtisadi, siyasi-ictimai sahəsində Heydər Əliyevin izinin, xeyir-duasının olduğunu qeyd edən və Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycan SSR-ə rəhbərliyi dövründə gördüyü çoxşaxəli işlər haqqında danışan YAP Səbail Rayon təşkilatının sədr müavini Mehman İsmayılov xüsusi vurğuladı ki, bütün bu işləri yalnız Azərbaycana, milli dövlətçiliyə, Vətəninə, xalqına qəlbən bağlı olan insan görə bilərdi. Çıxışında Ulu Öndərin milli kadr potensialının formalaşdırılmasındakı misilsiz rolunu ifadə edən faktlara nəzər salan sədr müavini belə bir məqama diqqət çəkdi ki, dövlətin inkişafının əsas hərəkətverici qüvvəsi məhz milli kadr potensialının olmasıdır. Biz böyük fəxarət hissi ilə qeyd edə bilərik ki, bu gün müstəqil Azərbaycan Respublikasına xidmət edən dövlət rəsmilərinin əksəriyyəti Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrdə yetişən kadrlardır. Sonda Ulu Öndərə Allahdan rəhmət diləyən M.İsmayılov qeyd etdi ki, biz Heydər Əliyevin ruhunun şad olmasını istəyiriksə, hər birimiz gördüyümüz işdən asılı olmayaraq bu Vətənə, bu xalqa vicdanla, ləyaqətlə xidmət etməliyik.

Tədbir iştirakçılarını YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyevin adından salamlayan rayon təşkilatının Aparat rəhbəri dos. Zəfər Bayramov 1969-cu ilin 14 iyul tarixini Azərbaycanın dövlətçilik salnaməsində mühüm bir epoxanın başlanğıcı olan əlamətdar bir gün kimi səciyyələndirdi. “Dövlətin ləyaqəti onu yaradan şəxsiyyətin ləyaqətindən asılıdır.” deyən Aparat rəhbəri bütün yüksək əxlaqi və mənəvi keyfiyyətlərə malik olan Heydər Əliyev şəxsiyyətinin müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi, sosial və mədəni təməllərinin əsasını qoymasını Azərbaycan xalqının, bizlərin böyük bir xoşbəxtçiliyi olduğunu vurğuladı. Z.Bayramov xüsusi qeyd etdi ki, Azərbaycan bu gün məhz möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında və Heydər Əliyevin alternativsiz siyasətinin təməlləri üzərində inkişaf edir, dəyişən dünya şərtlərinə və çağırışlarına adekvat cavab verir və günbəgün yeni və daha böyük uğurlara imza atır.

Daha sonra Badamdar bələdiyyəsinin sədr müavini Fəxrəddin Quliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev haqqında xatirələrini bölüşdü və şairə Ülkər Piriyeva Zəlimxan Yaqubun Heydər Əliyevin dühasına həsr olunmuş şeri səsləndirdi.

Tədbirə yekun vuran Eldar Ağayev Azərbaycanımızın müstəqilliyinin qorunmasının hər birimizdən asılı olduğunu qeyd etdi və bildirdi ki, Səbail rayonunun rəhbərliyi başda olmaqla bütün sakinləri, rayonunun ağsaqqaları, veteranları, digər ictimai təşkilatların üzvləri Azərbaycan Respubliksının Prezidenti, Ulu Öndərimizin layiqli davamçısı cənab İlham Əliyevin Azərbaycanın inkişaf və tərəqqisinin günbəgün artması, onun qüdrətli və zəngin bir dövlətə çevrilməsi və ən başlıcası itirilmiş torpaqlarımızın geri qaytarılması istiqamətində apardığı işləri bəyənir və cənab Prezidentə hər zaman sözdə yox, işdə dəstək olmağa hazırdır.

Tədbirin videoyazısı
AzTV