Ordudan tərxis olunmuş Səbailli gənclərlə görüş keçirildi

İyulun 14-də Azərbaycan Silahlı Qüvvələrinin sıralarından yeni tərxis olunmuş bir qrup Səbailli gənclə görüş keçirildi. Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının qərargahında Rayon İcra Hakimiyyəti, YAP Səbail Rayon təşkilatı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail Rayon İdarəsinin, Veteran Təşkilatları Şuralarının, rayondakı bir sıra ictimai təşkilatların, yerli bələdiyyələrin və tərxis olunmuş gənclərin valideynlərinin iştirakı ilə keçirilən görüşün əvvəlində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev ordu sıralarından tərxis olunmuş gəncləri hərbi xidmətlərini şərəflə başa vurmaları münasibətilə təbrik etdi. O, gənclərin şəxsiyyət kimi formalaşmasında həqiqi hərbi xidmətin əhəmiyyətindən, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təminində ordumuzun rolundan və Silahlı Qüvvələrimizin hərbi qüdrətindən söz açdı. Eldar Ağayev Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu siyasətinin hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayaraq, aprel döyüşləri zamanı mənfur erməni işğalçıları tərəfindən mövqelərimizə və yaşayış məntəqələrinə edilən hücumun qarşısının Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alındığını və düşmənə sarsıdıcı zərbə endirildiyini bildirdi. Bu qələbə bütün dünyaya bəyan etdi ki, Milli Ordumuz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğalçı qüvvələri doğma torpaqlarımızdan çıxarmağa hər an hazırdır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi, polkovnik Polad İbrahimov bildirdi ki, Vətənə xidmət etmək həm müqəddəs, həm də çox məsuliyyətli vəzifədir. Əsgər və zabitlərimizin aprel döyüşlərindəki qələbəsi bütün dünyaya göstərdi ki, Milli Ordumuz öz rəşadəti ilə torpaqlarımızı azad etməyə qadirdir. Hər kəs mobil və yüksək döyüş hazırlığına malik Azərbaycan Silahlı Qüvvələrinin həqiqətən regionun ən güclü ordusu olduğunu gördü. Gənclərimiz belə bir orduda xidmət edib hərbi sirlərə dərindən yiyələnməklə Azərbaycan əsgərinin adını şərəflə doğruldub. Ordumuzun aprel qələbəsi bizə böyük inam və ümid bəxş etdi. Bu gün Azərbaycan Silahlı Qüvvələrinə müasir növ silahlar idxal olunur, texniki baza müasirləşir. Azərbaycan ordusu istənilən hədəfi dəf etməyə və ərazi bütövlüyümüzü bərpa etməyə qadirdir. Müstəqil Azərbaycan Respublikasına, şərəfli bir dövrdə xidmət edən Səbailli gəncləri tərxis olunması münasibətilə ürəkdən təbrik edən P.İbrahimov arzu etdi ki, növbəti bu səpkili görüşləri azad olunmuş torpaqlarımızda qeyd edək.

YAP Səbail rayon təşkilatının Aparat rəhbəri dos. Zəfər Bayramov görüş iştirakçılarını YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev adından salamlayaraq, bugünkü görüşün çox əlamətdar tarixə – görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbər seçildiyi 1969-cu ilin 14 iyul tarixinin ildönümünə təsadüf etdiyini qeyd etdi. Dahi rəhbərin 1969-1982-ci illərdə respublikanın bütün sahələrində milli kadr potensialının yüksəldilməsi istiqamətindəki fəaliyyəti barədə bəhs edən dos. Z.Bayramov diqqətə çatdırdı ki, o dövrdə Heydər Əliyev Azərbaycan gənclərini SSRİ ərazisindəki 54-dən çox ali hərbi məktəblərə göndərərək, müstəqil Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin formalaşmasında iştirak etmiş hərbi zabit potensialımızı formalaşdırmış, beləliklə də milli ordumuzun yaranmasında misilsiz xidmətlər göstərmişdir. Belə ki, 1991-ci ildə müstəqillik əldə edən Azərbaycan qarşısında bir çox mühüm, mürəkkəb və şərəfli missiyalar dururdu. Təəssüf ki, hakimiyyətdə olan səriştəsiz AXC-Müsavat cütlüyü özünün yarıtmaz və yalnız şəxsi maraqlara söykənən siyasəti çərçivəsində milli ordu quruculuğu məsələsini gözardı etmişdilər. Çünki, ordu üçün yaxşı kadr potensialının olması nə qədər vacibdirsə, yüksək səviyyəli nizam-intizamlı mərkəzi idarəetmənin olması da bir o qədər önəmlidir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə gəlməsi ilə milli ordu quruculuğu sahəsində yaranmış dönüş və yeni mərhələnin başlanması haqda danışan Aparat rəhbəri xüsusi qeyd etdi ki, bu gün Ulu Öndərin ordu siyasətini möhtərəm Prezidentimiz İlham Əliyev yeni çərçivədə və yeni müstəvidə böyük uğurla davam etdirir. Azərbaycan Silahlı Qüvvələri bu gün ən mükəmməl hərbi texnika və müasir silahlarla təchiz olunmuş Cənubi Qafqazın ən qüdrətli ordusudur. 2016-cı ilin aprel döyüşləri, kənd sakinlərinin bu il Cocuq Mərcanlıya dönüşünün başlanması göstərdi ki, Azərbaycan ordusu lazımi məqamlarda istənilən ali dövlət missiyasını yerinə yetirməyə qadir olan müzəffər ordudur. Bu gün hər birimiz Ali Baş Komandanımızın əmrlərinə canla-başla hazır olmalıyıq. Z.Bayramov vurğuladı ki, biz cənab İlham Əliyev kimi Ali Baş Komandanımız olduğuna görə fəxr edirik, çünki İlham Əliyev: İ – inkişaf, L – ləyaqət, H – humanizm, A – abadlıq, M – modernləşmə deməkdir. Eşq olsun Azərbaycan Silahlı Qüvvələrinə, eşq olsun Azərbaycanın Ali Baş Komandanına!!!

Çıxış edən Azərbaycan Respublikası Veteranlar Şurası sədrinin müavini, polkovnik Cəlil Xəlilov Vətənə şərəf borclarını ləyaqətlə yerinə yetirən gəncləri ordu sıralarından tərxis olunmaları münasibətilə təbrik edərək, bu səpkidə keçirilən görüşlərin orta və ali məktəblərdə oxuyan gənclərimizdə vətənpərvərlik hisslərinin güclənməsindəki rolu və əhəmiyyətindən bəhs etdi. Azərbaycan gənclərinin bugün ürəklə, cani-könüldən hərbiyə gedərək Vətənə şərəflə xidmət etdiklərini xüsusi qeyd edən polkovnik bildirdi ki, bütün Azərbaycan vətəndaşları harada işləmələrindən asılı olaraq, vətənpərvərlik ruhunu yaşatmalı, ölkənin daxili və xarici siyasətini dəstəkləməli və bu gün Azərbaycanda müşahidə olunan iqtisadi və siyasi stabilliyə görə cənab Prezidentə dərin minnətdarlıq hissi ilə onun ətrafında daha da sıx birləşməlidirlər.

Gəncləri təbrik edən Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının sədri İlham Əliyev Qarabağ müharibəsində iştirakı və döyüş yoldaşları ilə bağlı xatirələrini görüş iştirakçıları ilə bölüşərək, Azərbaycan Silahlı Qüvvələrində vahid komanlıq altında aparılan işləri yüksək qiymətləndirdi.

Çıxış edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Ümid Mirzəyev, Qarabağ müharibəsi veteranı Bəhram Ağakişiyev, Əmək veteranı, jurnalist, professor hacı Tofiq Seyidzadə ölkəmizdə gedən ordu quruculuğu prosesindən bəhs edərək, Vətənə xidməti gənclərimiz üçün ən yüksək və şərəfli vəzifə kimi qiymətləndirdilər və bu şərəfli missiyanı uğurla başa vuran Səbailli gəncləri təbrik etdilər, onlara gələcək fəaliyyətləri ilə bağlı öz tövsiyələrini verdilər.

Əsgərlərimiz və ordu sıralarından tərxis olunmuş gənclər adından çıxış edən aprel döyüşlərinin iştirakçısı Vəli Əsədov və valideynlər bildirdilər ki, nə qədər ki, bizim işğal altında olan torpaqlarımız düşmən tapdağı altındadır, biz Vətənimizə borclu qalacağıq. Bütün Azərbaycan gənclərinin, hər bir Azərbaycan vətəndaşının Ali Baş Komandan ətrafında hər an bir yumruq kimi birləşməyə hazır olduğunu vurğulayan natiqlər əminliklərini ifadə etdilər ki, biz mütləq bütün torpaqlarımızı düşməndən azad edəcəyik.

Sonra ordu sıralarından tərxis olunmuş və hərbi xidmət zamanı fərqlənən gənclərə hədiyyələr təqdim edildi.

Tədbirin videoyazısı
AzTV