Səbail Rayon İcra Hakimiyyətindən açıqlama

Vəkil Aslan İsmayılovun müraciəti böyük təəccüb doğurdu

Ötən gün vəkil Aslan İsmayılov sosial şəbəkədəki səhifəsində Bakı şəhərinin mərkəzində park salması ilə bağlı video müraciətlə çıxış etmişdir. O, vaxtı ilə sürüşmə baş vermiş Bayıl yamacında park saldığını və burada ağaclar əkdiyini göstərir.

Bu məlumat Səbail Rayon İcra Hakimiyyətində çox böyük təəccüb doğurmuşdur. Hamıya yaxşı məlumdur ki, 2016-cı ilin sonlarından etibarən ölkə başçısı cənab İlham Əliyev tərəfindən Şıx yamacından Bayıl yamacı istiqamətində böyük sahəni əhatə edən ərazidə yaşıllıqlar zonası və meşə zolağının yaradılması barədə tapşırıqlar verilmişdir. Bununla əlaqədar, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı şəhər və Səbail Rayon İcra Hakimiyyətləri tərəfindən ilkin mərhələdə «Şıx» yamacında böyük “Ekoloji park” yaradılıb, təkcə Səbail RİH tərəfindən burada 80 mindən çox müxtəlif ağac əkilib və damcı üsulu ilə ağaclara qulluq gösrərilir. Lazımi qulluq nəticəsində ağacların hamısında inkişaf gedir. Qeyd olunmalıdır ki, 10 minlərlə ha ərazini əhatə edən bu yaşıllıq ərazisi cənab Prezidentin hakimiyyəti illərində salınmış ən böyük yaşıllıq ərazilərindən biridir.

Mövsüm ərzində həmin ərazilərdə əkilən ağacların sayının ilbəil artırılaraq Bayıl yamacına kimi böyük bir ərazini əhatə etməsi nəzərdə tutulmuş və hazırda bütün ərazidə ağaclara qulluq göstərilməsi işləri gedir.

Aslan İsmayılovun yayımladığı video materialdakı görüntülərdən aydın bilinir ki, buradakı işləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları aparır. Yəqin ki, Aslan İsmayılov dövlət qurumları tərəfindən ərazidə aparılan geniş miqyaslı işləri öz adını yazmaqla özünü gündəmdə saxlamağa çalışır və cənab Prezidentin rəhbərliyi ilə aparılan geniş miqyaslı işlərə özünü əlavə etmək istəyir.

Bu da bizdə böyük təəccüb hissi doğurur.