YAP Səbail “Baktelekom” (Bakı Telefon Rabitəsi İstehsalat Birliyi) ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi

14 iyul 2017-ci il tarixində “Baktelekom” (Bakı Telefon Rabitəsi İstehsalat Birliyi – BTRİB) ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi.

Yığıncaqda YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev və Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Baş direktoru Rövşən Əliyev iştirak etdilər.

Yığıncağa sədrlik edən prof. Şəmsəddin Hacıyev Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) kollektivini salamlayaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə yaranan Yeni Azərbaycan Partiyasının (YAP) 25 illik fəaliyyəti dövründə keçdiyi mürəkkəb, eyni zamanda şərəfli inkişaf yolundan bəhs etdi. Cəmi 550 partiya üzvünün iştirakı ilə müxalifət partiyası kimi yaranan və bu gün 700 mindən çox üzvü öz sıralarında birləşdirən Yeni Azərbaycan Partiyası istər kəmiyyət, istər keyfiyyət baxımından, istərsə də genişmiqyaslı, çoxşaxəli fəaliyyətinə görə nəinki Azərbaycanda, Cənubi Qafqazda, ümumiyyətlə yaxın coğrafiyada ən mütəşəkkil siyasi təşkilatdır. Deputat xüsusi qeyd etdi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin partiyamızın Sədri olması, ölkəmizin ziyalı elitasının mütləq əksəriyyətinin bu partiya sıralarında cəmləşməsi partiyamızın nüfuzundan xəbər verməklə yanaşı, YAP-ın iqtidar partiyası olaraq, ölkəmizdə demokratik hüquqi dövlət quruculuğunda, vətəndaş cəmiyyətinin formalaşmasında və ümumiyyətlə ictimai-siyasi həyatımızın bütün sahələrinin inkişafında rolu və yeri olduqca böyükdür. Məhz, möhtərəm Prezidentimiz İlham Əliyevin bu partiyaya rəhbərlik etməsi və onun həyata keçirdiyi genişmiqyaslı və çoxşaxəli işlər, əldə olunan misilsiz uğur və nailiyyətlər elə partiyamızın gördüyü işlər kimi qiymətləndirilir.

Bugünkü yığıncağın çox əlamətdar tarixə təsadüf etdiyini diqqətə çatdıran deputat bildirdi ki, 1969-cu ilin məhz bu günü – 14 iyul tarixində Heydər Əliyev Azərbaycan SSR-ə rəhbər seçilməklə, respublikamızın intibah dövrünə start verildi. 1969-cu ildə bütün sosial-iqtisadi göstəricilərə görə 15 ittifaq respublikası arasında axırıncı yerlərdə olan Azərbaycan qısa zaman kəsiyində, Heydər Əliyevin rəhbərliyi altında, geriliyi aradan qaldıraraq, yüksək sosial-iqtisadi inkişafa nail oldu. Millət vəkili xüsusi olaraq vurğuladı ki, harada olmasından və tutduğu vəzifəsindən asılı olmayaraq, daima Vətəninə, canından çox sevdiyi Azərbaycanına, xalqına, torpağına bağlı olan böyük türk və Azərbaycan oğlu Heydər Əliyev cəmi 13 il ərzində aqrar-xammalı istehsal edən geridə qalmış respublikanı hazır məhsullar istehsal edən sənaye respublikasına çevirdi, 65 ölkəyə 350 adda Azərbaycanda istehsal olunmuş məhsullar ixrac olunmağa başladı. 1982-ci ildə Azərbaycan 15 respublika arasında özünü tamamilə təmin edən iki-üç respublikadan biri oldu. SSRİ kimi fövqəldövlətin tərkibində formal müstəqilliyə malik olan Azərbaycanda bütün bu nailiyyətlərin əldə olunması məhz, Heydər Əliyev fenomeni ilə bağlıdır.

Müstəqilliyin ilk illərində Azərbaycanda yaranmış iqtisadi defolt, ölkənin parçalanmaq və məhv olmaq təhlükəsi ilə üzləşdiyi taleyüklü məqamlarda Azərbaycanın dahi oğlu Heydər Əliyevin xilaskarlıq missiyasını yerinə yetirməsi, Yeni Azərbaycan Partiyasının yaradılması və Ulu Öndərin 1993-cü ilin iyununda ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycanın milli intibahının başlanğıcının qoyulması proseslərinin tarixi zərurət kəsb edən şərtlərini təhlil edən Ş.Hacıyev qeyd etdi ki, artıq 24 ildir ki, Azərbaycanımızın ictimai-siyasi, sosial-mədəni həyatında çox görkəmli və önəmli yerə malik olan Yeni Azərbaycan Partiyası olmasaydı, biz bu gün nə dünənimizdən, nə bugünümüzdən, nə də gələcəyimizdən danışa bilərdik. Məhz Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyalarına əsaslanan, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən böyük məharətlə davam etdirilən və xalqın milli mənafelərinin hər şeydən üstün tutulduğu düşünülmüş siyasətin nəticəsidir ki, bu gün iqtisadi və hərbi qüdrətini günbəgün artıran Azərbaycan dünyada sayılıb-seçilən ölkələrdən biri olmaqla, etibarlı tərəfdaş kimi tanınır. Azərbaycanın iradəsi, razılığı olmadan bölgəmizdə heç bir transmilli irihəcmli layihənin həyata keçirilməsi mümkün deyil. Müqayisə etsək, makroiqtisadi rəqəmlərdən də görə bilərik ki, Azərbaycan çox sürətlə inkişaf edən, yeniləşən və daima təkmilləşən bir ölkədir. Bu yeniləşmə və modermləşməni İKT texnologiyaları olmadan təsəvvür etmək qeyri-mümkündür. “Bu baxımdan milli iqtisadiyyatımızda əhəmiyyətinə görə neft sənayesindən sonra ikinci mövqedə olan İKT sektorunda uğurla fəaliyyət göstərən Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin iqtisadi cəhətdən ölkəmizə verdiyi töhfələrlə yanaşı, “Baktelekom” ərazi ilk partiya təşkilatının artıq 15 ildən çoxdur ki ölkəmizin ictimai-siyasi həyatında da yaxından iştirak etməsi bizi sevindirir və fərəhləndirici haldır ki, belə bir mötəbər qurumun əməkdaşları YAP Səbail rayon təşkilatının partiya qeydiyyatındadırlar.”

Çıxışının davamında Bakı şəhərinin ən böyük mərkəzi rayon təşkilatlarından biri olan YAP Səbail rayon təşkilatının fəaliyyəti haqqında yığıncaq iştirakçılarına məlumat verən sədr vurğuladı ki, “bizim başlıca amalımız paytaxtın paytaxtı sayılan Səbail rayonuna layiq partiya təşkilatı kimi fəaliyyət göstərməkdir. Respublikada ən fəal rayon təşkilatlardan biri olan YAP Səbail rayon təşkilatı ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında yaxından iştirak edir, fəaliyyətimiz çoxşaxəli olmaqla müxtəlif mövzular üzrə konfranslar, dəyirmi masalar təşkil etmək, ictimai-siyasi tədbirlərdə fəal iştirak etmək, gənclərimizdə vətənpərvərlik hisslərini gücləndirmək, eləcə də rayonumuzda xüsusi qayğıya ehtiyacı olan aztəminatlı sakinlər, əlillər, müharibə veteranları, şəhid ailələri, tənha qocalar, yataq xəstələri və kimsəsizlər üçün imkanımız yetdiyi qədər Rayon İcra Hakimiyyətinin və sponsorların köməkliyi ilə xeyriyyə aksiyaları təşkil etmək, mütəmadi olaraq cəbhə bölgələrinə getmək, ictimai-mədəni, idman, sağlamlıq və s. tədbirləri həyata keçirməkdən ibarətdir”. Səbail rayonunda görülən bütün bu işlərin yüksək səviyyədə həyata keçirilməsində “Baktelekom” ərazi ilk partiya təşkilatının yeri və rolunun bundan sonra daha da artacağına dair əminliyini ifadə edən Ş.Hacıyev milli İKT sektorumuzun gələcək inkişafı və ölkəmizdə ən müasir texnologiyalarla təchiz olunmuş informasiya-kommunikasiya sisteminin qurulması istiqamətində Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin bütün əməkdaşlarına uğurlar arzu etdi və bildirdi ki, YAP Səbail rayon təşkilatı məqdəsyönlü idarəçiliyi və səmərəli fəaliyyəti ilə seçilən “Baktelekom” un təşəbbüskar və kreativ düşüncəli gənc rəhbərliyinə, eləcə də yüksək potensiallı təcrübəli kollektivinə gələcək fəaliyyətlərində və yeni layihələrində istər intellektual resurs mübadiləsi, istərsə də istənilən təşkilati işlərdə hər zaman dəstək olmağa hazırdır.

Sonra gündəlikdə duran məsələlər müzakirəyə çıxarıldı.

Ərazi ilk partiya təşkilatının sədr müavini İsrafil Bəkirov ilk təşkilatın hesabatı ilə çıxış etdi. Bildirildi ki, 2001-ci ildən fəaliyyət göstərən “Baktelekom” ilk təşkilatının qeydiyyatda olan üzvlərinin sayı hazırda 1174 nəfərdir ki, bunların da 62%-i gənclər, 50%-i isə qadınlardır. Partiya üzvlərinin Səbail rayonunun zəngin ictimai-siyasi həyatında yaxından iştirak etdiyini diqqətə çatdıran İ.Bəkirov bildirdi ki, “Baktelekom” ilk təşkilatı ötən illər ərzində Prezident, Milli Məclis, Referendum seçkilərində xüsusi fəallığı ilə seçilmiş, eləcə də Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələrdə, Rayon İcra Hakimiyyətinin Bayılda, Şıx yamacında, Zıx şossesində təşkil etdiyi ağacəkmə və iməcilik kampaniyalarında, o cümlədən cari ilin may ayında YAP Səbail rayon təşkilatının təşəbbüsü və bilavasitə təşkilatçılığı ilə reallaşdırılan və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş qanvermə aksiyasında yaxından iştirak etmişdir. Təşkilatın qeydiyyatında olan rabitəçilərin bugünədək çoxsaylı beynəlxalq səviyyəli layihələrə də imza atdığını xüsusi vurğulayan İ.Bəkirov qeyd etdi ki, təşkilatın yüksək siyasi-ideoloji potensialı üzvlərinin səmimi qəlbdən Azərbaycan dövlətçiliyinə, Heydər Əliyev ideyalarına və İlham Əliyev siyasətinə bağlılığında əks olunmuşdur. Sonda İ.Bəkirov hesabat-seçki konfransının işinə və yığıncaqda yeni seçiləcək İdarə heyətinin üzvlərinə uğurlar arzuladı.

Hesabat məruzəsi geniş müzakirələrdən sonra yığıncaq iştirakçıları tərəfindən qənaətbəxş qiymətləndirildi və yekdilliklə qəbul olundu.

Sonra təşkilati məsələlərə baxıldı və 11 nəfərdən ibarət İdarə Heyətinin yeni tərkibi seçildi.

Sədr Ş.Hacıyev bildirdi ki, müxtəlif idarə və təşkilatlarda fəaliyyət göstərən ərazi ilk partiya təşkilatlarında partiya işinin təşkili və partiya üzvləri arasında nizam-intizam ilk növbədə həmin qurumun rəhbər şəxslərindən asılıdır. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu və tələbəsi olmuş Rövşən Əliyevin bu gün belə bir mötəbər quruma uğurla rəhbərlik etdiyinə görə böyük qürur və fərəh hissi yaşadığını xüsusi vurğulayan Ş.Hacıyev İKT sektoru kimi aparıcı bir sahədə çalışmaq üçün yüksək təhsil səviyyəsi, təcrübə və idaretmə bacarığının önəmli faktorlar olduğunu qeyd etdi. Rövşən Əliyevə və “Baktelekom”un bütün kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzu etdi.

Qeyd olundu ki, bugünkü hesabat-seçki yığıncağında “Baktelekom” ərazi ilk partiya təşkilatının sədri seçilməlidir. Yığıncaq iştirakçıları tərəfindən “Baktelekom” ərazi ilk partiya təşkilatının sədri vəzifəsinə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Baş direktoru Rövşən Əliyevin namizədliyi irəli sürüldü. Təklif müsbət qarşılandı və Rövşən Əliyev yekdilliklə “Baktelekom” ərazi ilk partiya təşkilatının sədri seçildi. R.Əliyevin təklifi əsasında İsrafil Bəkirov və Razi Tağıyev ərazi ilk partiya təşkilatının sədr müavinləri seçildilər.

Çıxış edən “Baktelekom” ərazi ilk partiya təşkilatının yeni seçilmiş sədri Rövşən Əliyev ona göstərilən etimada görə yığıncaq iştirakçılarına təşəkkür etdi. 25 il öncə müəllimi olmuş Şəmsəddin Hacıyevlə bu gün yenidən birgə fəaliyyət göstərməyə başladığı üçün böyük məmnunluq hissi keçirtdiyini dilə gətirən R.Əliyev Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin fəaliyyəti haqqında geniş məlumat verdi. Qeyd olundu ki, “Baktelekom”  bütün növ telefon, genişzolaqlı internet, radiorabitə və digər müasir telekommunikasiya xidmətlərini son yeni nəsil şəbəkə texnologiyası əsasında yüksək standartlara uyğun səviyyədə təşkil edir. Hazırda əhaliyə və respublikanın idarə və təşkilatlarına müasir telefon rabitəsi üzrə 50-dən çox servis və multimedia xidmətləri göstərilir. Əsas hədəflərinin xidmət keyfiyyətinin yüksəldilməsi, beynəlxalq standartlara uyğun rabitə şəbəkəsinin qurulması və müştəri məmnuniyyəti olduğunu diqqətə çatdıran R.Əliyev, hazırda Bakının bütün parklarının pulsuz ictimai wi-fiyla təmin olunması layihəsi üzərində işlədiklərini və çox yaxın zamanda şəhərin bütün açıq ərazilərində bu xidmətin təmin olunacağını qeyd etdi. Son illər “Baktelekom” ilk təşkilatının qeydiyyatında olan üzvlərin iş yerlərini dəyişərək digər rayon qeydiyyatlarına keçməsi ilə əlaqədar təşkilat üzvlərinin sayında azalma müşahidə olunduğunu bildirən R.Əliyev partiya sıralarının çox yaxın zamanda “Baktelekom”  kollektivinin yeni gənc kadrları hesabına daha da genişlənəcəyinə dair əminliyini ifadə etdi. R.Əliyev ona göstərilən bu yüksək etimada görə bir daha təşəkkür edərək, ilk təşkilat sədri vəzifəsini yüksək məsuliyyət və ləyaqətlə icra edəcəyini xüsusi vurğuladı.

Yığıncağa yekun vuran Ş.Hacıyev “Baktelekom” ərazi ilk partiya təşkilatının yeni seçilmiş İdarə Heyəti üzvlərini, sədr və sədr müavinlərini təbrik edərək, “Baktelekom” un bütün kollektivinə işlərində və partiya fəaliyyətlərində uğurlar arzuladı.

Tədbirin videoyazısı