Səbail rayonu ilə qardaşlaşmış olan Nyu-York şəhərinin Bruklin inzibati rayonunda Beynəlxalq Dostluq günü keçirildi
10.08.2017Bakının Səbail rayonu ilə dostluq və əməkdaşlıq əlaqələri olan Amerika Birləşmiş Ştatları Nyu-York şəhərinin Bruklin inzibati rayonunda 4-cü Beynəlxalq Dostluq günü keçirildi. Bayram mərasimində dünyanın müxtəlif ölkələrindən Nyu-York şəhərinə köçmüş yüzlərlə insan iştirak etdi. Qeyd olunmalıdır ki, bu bayram Nyu-York şəhərinin müxtəlif etnik icmaları arasında əlaqələrin daha da möhkəmləndirilməsi işində mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu gün Bruklində dünyanın müxtəlif ölkələrində anadan olmuş milyona yaxın insan yaşayır.
Səhər saatlarından ilk olaraq Beynəlxalq Dostluq gününə həsr olunmuş Birlik yürüşünə start verildi. Yürüş iştirakçıları 195 ölkənin dövlət bayraqlarını böyük qürur hissi ilə apardılar. Amerika Birləşmiş Ştatlarındakı Azərbaycan diasporunu təmsil edən 3 təşkilat – Marietta Rozertalın rəhbərlik etdiyi Bakı-Bruklin Dostluq Assosiasiyası (Brooklyn Baku Friendship Association), Oleq Mövsümovun rəhbəri oluduğu AZZEM Beynəlxalq Fondunun Nyu Yorkdakı Azərbaycan təşkilatı və rəhbəri Alyona Bədəlova olan «Mənim Yolum» (My Way Development Centrer) uşaq və gənclərin Bədii İnkişaf Mərkəzinin nümayəndələri bu yürüşdə fəal iştirak etdilər. Azərbaycan Respulikasının Dövlət bayrağını Orxan Ağayev aparırdı.
Bruklin sakinləri və rayonun qonaqları rəngarəng folklyor festivalının şahidi olaraq müxtəlif xalqlara məxsus milli geyimlərlə tanış oldular.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakıdan göndərilmiş ölkəmizin mədəniyyəti, ənənələri, milli mətbəx nümunələri, folklyoru, musiqisi, rəqsləri, idman uğurları və turizm obyektləri barədə məlumat və maraqlı materiallar Amerikalı tamaşaçılara təqdim olundu.
Qeyd edək ki, artıq 3 ilə yaxındır ki, Nyu-Yorkun Bruklin inzibati rayonu ilə Bakı şəhərinin Səbail rayonu arasında dostluq və əməkdaşlıq əlaqələri yaradılmışdır. Mütəmadi olaraq, hər iki rayonun nümayəndə heyətləri həm ABŞ-da, həm də Azərbaycanda görüşlər keçirir, əlaqələrin daha da genişləndirilməsi ilə bağlı birgə tədbirlər təşkil olunur. Bu kimi bayramların keçirilməsi isə dost ölkə və xalqlar arasında əlaqələrin genişlənməsi, bir-birini yaxından tanımalarına şərait yaradır.
Boro-holl yaxınlığında Bruklin Admanistrasiyasının rəhbəri – Prezidenti cənab Erik Adams, vitse-prezident xanım Diana Reyna və Prezident ofisinin baş məsləhətçisi İnqrid Lyuis-Martin iştirakçılar və qonaqlar qarşısında çıxış etdilər. Çıxışlardan sonra qonaqlar və tədbir iştirakçıları müxtəlif ölkələrin milli mətbəx nümunələri ilə tanış oldular.
Dostluq günü bayramı Bruklində yaşayan xalqların mədəniyyətlərinin müxtəlifliyini nümayiş etdirərək müxtəlif icmalar arasında dostluq əlaqələrinin möhkəmlənməsinə köməklik göstərir.