BDU-nun ilk azərbaycanlı rektoru Tağı Şahbazinin xatirə barelyefinin açılışı oldu

Avqustun 30-da Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi ərəfəsində universitetin ilk azərbaycanlı rektoru, görkəmli ictimai xadim və yazıçı Tağı Şahbazi Simurğun yaşadığı evin qarşısında  (İstiqlaliyyət küçəsi, 63) xatirə barelyefinin açılış mərasimi keçirilib.

Tədbirdə çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov açılış mərasiminin ali təhsil ocağı üçün tarixi əhəmiyyətindən danışıb. T.Şahbazinin həyat və fəaliyyətindən ətraflı bəhs edən A.Məhərrəmov bildirib ki, 1892-ci ildə anadan olan T.Şahbazi Bakıda birinci rus-tatar realnı məktəbində, sonra isə Xarkov Universitetinin fizika və riyaziyyat fakültəsinin tibb şöbəsində təhsil alıb. 1922-1923-cü illərdə Azərbaycan Xalq Maarif Komissarının müavini, 1923-1926-cı illərdə Mərkəzi İcraiyyə Komitəsinin katibi, 1926-1929-cu illərdə Bakı Dövlət Universitetinin rektoru, 1930-1937-ci illərdə Azərbaycan Xalq Səhiyyə Komissarının müavini vəzifələrində çalışıb.

Akademik A.Məhərrəmov Bakı Dövlət Universitetinin ilk azərbaycanlı rektoru Tağı Şahbazinin təhsilin və mədəniyyətin inkişafındakı xidmətlərini, ictimai fəaliyyətinin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, BDU-nun ilk azərbaycanlı rektoru kimi Tağı Şahbazi universitetə rəhbərlik etdiyi 3 il ərzində çox böyük işlər görüb. Belə ki, milli dildə dərslər çoxalıb, Vətən tarixi tədris olunmağa başlayıb, milli kadrlar və tələbələrin sayı surətlə artıb. Tağı Şahbazi universitetin dörd rektorundan biri kimi amansız repressiya dövründə həbs olunaraq 1937-ci ildə “millətçi” damğası ilə güllələnib.

Professor Cahangir Məmmədli və T. Şahbazinin ailəsi adından çıxış edən Suğra Rzayeva Tağı Şahbazinin təhsilə, mədəniyyətə, ədəbiyyata verdiyi töhfələrdən bəhs ediblər, görkəmli ədib və ictimai xadimin xatirəsinə göstərdiyi diqqətə görə BDU rəhbərliyi və kollektivinə təşəkkürlərini bildiriblər.