Səbail rayonunun bütün orta təhsil müəssisələrində Bilik günü təntənəli şəkildə qeyd olundu

Səbail rayonunun bütün orta təhsil müəssisələrində Bilik günü təntənəli şəkildə qeyd olunub.

Səbail Rayon İcra Hakimiyyətindən mətbuata bildiriblər ki, yeni dərs ili ərəfəsində məktəblərdə böyük hazırlıq işləri aparılıb və 16 orta məktəbdə ilk dərslərə başlanıb.

Bu il 100 yaşı qeyd olunan, zəngin tarixə malik Səbail rayonu 20-ci yaşayış sahəsindəki 162 nömrəli tam orta məktəbdə yeni dərs ilinin başlanmasına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə məktəbin direktoru Sevinc Abbasova təhsil ocağının tarixi barədə məlumat verib. Vurğulanıb ki, bu ilin yayında məktəbin binasında əsaslı təmir-yenidənqurma işləri aparılıb, bu müəssisədə yüksək təhsil üçün hər cür şərait yaradılıb, kimya, fizika, biologiya, ədəbiyyat, informatika, çağırışa qədərki hərbi hazırlıq və digər kabinetlərdə şagirdlərin nəzəri biliklərini tətbiq etmələri üçün zəruri avadanlıqlar quraşdırılıb. Bu kabinetlərlə yanaşı, məktəb üçün yeni olan ekoloji kabinet də yaradılıb. Məktəbdə idman və akt zalları da müasir səviyyədə təmir olunub, ləvazimatlarla təchiz edilib, yeni avadanlıqlar quraşdırılıb, məktəbin yeməkxanası tam yenilənib. Bu qayğı və diqqət bütün pedaqoji kollektivi daha yaxşı işləməyə, vətənimiz üçün savadlı və vətənpərvər nəslin yetişdirilməsi işində daha uğurla çalışmağa sövq edir.

Qeyd olunub ki, məktəbdə 1400 şagird Azərbaycan və rus bölmələrində təhsil alır. 105 nəfərdən ibarət pedaqoji kollektiv üzvlərindən ikisi elmlər namizədidir. Bu il məktəbi bitirən 90 məzundan 38-i müxtəlif ali məktəblərə daxil olub. Sevindirici haldır ki, məzunlardan Mahirə Əsədzadə bu il qəbul imtahanında 700 bal toplayaraq Bakı Ali Neft Məktəbinə qəbul olub və Prezident təqaüdünə layiq görülüb.

Sevinc Abbasova təhsilə göstərdiyi diqqət və qayğıya, məktəbdə yaradılan şəraitə görə kollektıv adından dövlətimizin başçısına dərin minnətdarlığını bildirib.

Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov məktəb kollektivini yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. Diqqətə çatdırılıb ki, son illər qazanılan bütün uğurlar Prezident İlham Əliyevin təhsilin inkişafı ilə bağlı imzaladığı sənədlər çərçivəsində həyata keçirilən islahatların, Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilməlidir.

Məlumat verilib ki, 162 nömrəli məktəb dövlətimizin başçısının tapşırığına əsasən Səbail Rayon İcra Hakimiyyəti tərəfindən əsaslı şəkildə təmir olunub. Bu il sentyabrın 11-də Prezident İlham Əliyev bu təhsil ocağında aparılmış əsaslı təmir və yenidənqurma işlərinin yekunu ilə tanış olub.

Azərbaycanın Birinci vitse-рrеzidenti Mehriban Əliyevanın respublikamızda təhsilin inkişafındakı əvəzsiz xidmətlərindən söz açan İsrafil Kərimov Heydər Əliyev Fondunun dəstəyi ilə görülən işlər barədə məlumat verib.

Qəbul imtahanında 700 bal toplamış məktəbin məzunu Mahirə Əsədzadə, valideyn Niyaz Niftiyev və başqaları bu təhsil ocağında yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Bilik günü ilə bağlı rayonun digər məktəblərində də təşkil olunan tədbirlərdə rayon icra hakimiyyətinin məsul nümayəndələri, ağsaqqallar, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirin videoyazısı
AzTV