Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
22.09.2017Gənclərin azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, gənc nəslin milli tariximizi dərindən öyrənməsi və milli-mənəvi dəyərlərimizə hörmət ruhunda formalaşdırılması YAP Səbail rayon təşkilatının ideoloji fəaliyyətinin başlıca prioritetlərindəndir.
Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi ilə əlaqədar tədbirlər planının icrasına başlayan rayon təşkilatı bu gün bu silsilədən olan ilk tədbirini həyata keçirdi. 22 sentyabr 2017-ci il tarixində YAP Səbail rayon təşkilatının təşəbbüsü ilə rayon gəncləri Azərbaycan Milli Tarix Muzeyini ziyarət etdilər. Tələbələrin, partiyanın fəal gənclərinin və rayonun idarə və təşkilatlarının əməkdaşlarının böyük maraqla iştirak etdiyi ekskursiya zamanı ziyarətçilərə binanın tarixi, eləcə də Muzeydə toplanmış və nümayiş olunan Azərbaycan tarixinin bütün dövrlərinə aid ekspozisiyalar haqqında ətraflı məlumat verildi.
Bildirildi ki, bu gün muzeyin kitabxanasında, müxtəlif fondlarda Azərbaycan tarixini yaşadan 300 minədək maddi mədəniyyət nümunəsi, tariximizin müxtəlif dövrlərinə aid 80 mindən artıq nadir jurnal, kitab və qəzetlər toplanmışdır.
Ölkəmizin tarixi-mədəni irsinin qoruyucusu olan AMEA-nın Azərbaycan Milli Tarix Muzeyinə bu səpkili ekskursiyaların təşkili milli tariximizin gənclərimiz tərəfindən daha da dərindən öyrənilməsi, Azərbaycan gənclərinin milli şüur, özünüdərk, vətənpərvərlik hisslərinin gücləndirilməsi, xüsusilə də dövlət müstəqilliyimizin müqəddəsliyinin şüurlu şəkildə dərk edilməsi istiqamətində mühüm əhəmiyyət kəsb etməklə yanaşı, əsrlər boyu formalaşmış milli-mənəvi dəyərlərimizin qorunması üçün də böyük töhfədir.
Bu maarifləndirici ekskursiyada böyük maraqla iştirak edən Səbailli gənclər ziyarətdən yüksək təəssüratlarla ayrıldılar.
Tədbirin videoyazısı
SəsTV