YAP Səbail rayon təşkilatı partiyanın yaranmasının 25 illiyini silsilə tədbirlərlə qeyd edəcək

27 sentyabr 2017-ci il tarixində YAP Səbail rayon təşkilatının İdarə Heyətinin iclası keçirildi.

Rayon təşkilatının İdarə Heyəti üzvlərinin, ərazi ilk partiya təşkilatları sədrlərinin və digər qonaqların iştirak etdiyi iclasa YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev sədrlik edirdi.

Cari ilin sentyabr ayında Azərbaycanın ictimai-siyasi həyatında baş verən mühüm hadisələr haqqında ətraflı bəhs edən Ş.Hacıyev 14 sentyabr tarixində “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan “Yeni əsrin müqaviləsi” imzalanmasını Azərbaycanın müasir tarixində müstəsna əhəmiyyət kəsb edən hadisə kimi qiymətləndirdi. “Yeni əsrin kontraktı”nın imzalanmasını Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu və Azərbaycan xalqının milli maraqlarını qoruyan “Neft strategiyası”nın tarixi təntənəsi adlandıran deputat xüsusi qeyd etdi ki, bir nəhəng müqavilənin başa çatmasına 7 il qalmış, Azərbaycan dövlətinin belə bir uzunmüddətli nəhəng sazişə imza atması, üstəlik bu transregional enerji müqaviləsinin qlobal iqtisadiyyatda son illərdə müşahidə olunan ümumi qeyri-stabil şərait fonunda baş tutması əslində heç birimizdə təəccüb yaratmır. Bu tarixi hadisə ölkə rəhbərimiz cənab İlham Əliyevin məharətli idarəçiliyini və regiondakı güclü Lider obrazını bir daha təsdiq etdi. “Əsrin müqaviləsi”nin 1994-cü ildə imzalanması Azərbaycanın müstəqil dövlət kimi həyata vəsiqə qazanması oldu, indi “Yeni əsrin müqaviləsi”nin imzalanması isə Azərbaycanın beynəlxalq siyasi və iqtisadi arenada mövqeyinin daha da möhkəmləndirilməsinin təminatıdır. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması bütövlükdə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, cəmiyyətin sosial-iqtisadi bazasında əsaslı dəyişikliklərin yaradılması, xüsusilə bazar iqtisadiyyatı sisteminin qərarlaşması üçün ciddi bünövrə təşkil etdi. Ölkə rəhbərinin sözləri ilə desək “Əgər “Əsrin müqaviləsi” olmasaydı Azərbaycanın bugünkü sosial-iqtisadi inkişafı, Azərbaycanda bu gün hökm sürən siyasi-iqtisadi sabitliyin əldə olunması qeyri-mümkün olardı.”

Sədr diqqətə çatdırdı ki, “Əsrin müqaviləsi” çərçivəsində Azərbaycanın neft sektoruna ilkin olaraq 12,6 mlrd. dollar həcmində investisiya qoyuluşu haqqında razılıq əldə olunsa da, nəticədə keçən bu müddət ərzində Azərbaycana 33 miyard dollar həcmində sərmayə qoyulmuş, AÇG yatağından 440 mln. ton və ya 3 mlrd. bareldən çox neft hasil edilmiş və dünya bazarına çıxarılaraq, ölkəmiz 125 mlrd. dollardan çox birbaşa mənfəət əldə etmişdir. Məhz “Əsrin müqaviləsi”nin bu uğurlu icrası nəticəsində Azərbaycanda yüksək iqtisadi inkişaf tempi əldə olundu, ölkəmizin iqtisadi, siyasi və hərbi gücü dəfələrlə artdı və Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrildi.

Sentyabrın 14-də “Əsrin müqaviləsi”nin birmənalı şəkildə Azərbaycanın xeyrinə olan şərtlər daxilində uzadılması milli maraqları özündə tam əks etdirən nəhəng qlobal layihələrin reallaşdırılmasının nəinki bir dövlət üçün önəmini vurğulayır, eyni zamanda sağlam təməllər üzərində və iqtisadi prinsiplər əsasında yaradılan əməkdaşlıq konsorsiumlarının qlobal əhəmiyyətini də nümayiş etdirir. Bu Sazişin imzalanması ən azı 2050-ci ilə qədər Azərbaycanın istər iqtisadi, istər sosial, istərsə də siyasi inkişafının dayanıqlı və davamlı olması üçün çox möhkəm zəmin yaradır. Nəhəng qlobal neft şirkətlərinin Azərbaycana 32 il müddətinə 40 mlrd. dollardan çox investisiya yatırması dünya birliyinin Azərbaycan Prezidentinə, Azərbaycan iqtidarına olan inamının, etibarının ən bariz göstəricisidir.

Daha sonra “Yeni əsrin müqaviləsi”nin əsas iqtisadi göstəricilərini təhlil edən Ş.Hacıyev diqqətə çatdırdı ki, bu yeni Saziş çərçivəsində Azərbaycana 40 mlrd. dollar həcmində investisiya qoyulacaq, ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcəkdir. Bu iqtisadi parametrlərin ölkəmiz üçün bir çox əhəmiyyətli makroiqtisadi və sosial töhfələr vəd etdiyini xüsusi qeyd edən millət vəkili Azərbaycanın maliyyə imkanlarının genişlənməsinin, ölkəmizə yeni texnologiyaların və ən müasir avadanlıqların gətirilməsinin, bu sahədə infrastrukturun modernləşdirilməsinin tükənən resurs olan neft kapitalının tükənməyən insan kapitalına çevrilməsinin, habelə yeni iş yerlərinin açılmasınin Sazişin ən müsbət nəticələri kimi dəyərləndirdi.

Sədr xüsusi vurğuladı ki, Sazişin uzadılması elə bir vaxta təsadüf etdi ki, məhz bu uğurlu imzalanma bəzi Avropa ölkələrinin mətbuatında Azərbaycana qarşı edilən qarayaxmalara və şər-böhtanlara cavab oldu. Böyük ehtimalla, bu qərəzli yazıların da əsas məqsədlərindən biri, məhz bu nəhəng müqavilənin imzalanmasına mane olmaqdan ibarət idi. Lakin Azərbaycan 25 ildən çoxdur ki, işğaldan əziyyət çəkməsinə, ərazisinin 20%-inin işğal olunmasına baxmayaraq, artıq özünü etibarlı beynəlxalq tərəfdaş kimi bütün dünya birliyinə sübut etmişdir. Fərəhləndirici haldır ki, Azərbaycanın istər siyasi, istər iqtisadi gücü günü-gündən artır və Azərbaycan istənilən beynəlxalq tribunada ölkə başçımızın BMT-nin Baş Assambleyasının 72-ci sessiyasındakı nitqində qeyd etdiyi kimi, despotik və orta əsrlər rejiminin idarə etdiyi, korrupsiyaya uğramış, uzun illər ərzində beynəlxalq hüququ pozan, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymayan uğursuz dövlət olan işğalçı Ermənistandan qat-qat güclü və inamlı görünür.

Partiyamızın Sədri, ölkə rəhbərimiz cənab Prezident İlham Əliyevin BMT-nin Baş Assambleyasının 72-ci sessiyasındakı tarixi əhəmiyyət kəsb edən və dünyaya ciddi bəyanatlar təqdim edən elmi tezislərlə zəngin məruzəsinə toxunan Ş.Hacıyev bildirdi ki, bu çıxışı dinləyən hər bir Azərbaycan vətəndaşı bir daha ölkə rəhbərimiz, partiya Sədrimizlə fəxr etdi. Cənab İlham Əliyev o ali kürsüdən BMT-nin ayrı-ayrı strukturlarının, Təhlükəsizlik Şurasının qərarlarının faktiki olaraq icra olunmamasını, Azərbaycana qarşı ikili standartların tətbiq olunmasını, Dağlıq Qarabağ münaqişəsində Ermənistanın iç üzünü çox dəqiq ifadə olunmuş siyasi-hüquqi terminlərlə bütün dünya ictimaiyyətinə çatdırdı. Bəzən iki gün ərzində yerinə yetirilən qətnamələr olduğu halda, Azərbaycanla bağlı qəbul olunmuş dörd qətnamənin 24 ildən çox keçməsinə baxmayaraq, hələ də yerinə yetirilməməsini dünya birliyinin daima bəyan etdiyi insan hüquqları və azadlıqlarının ən kobud şəkildə pozulması kimi qiymətləndirən cənab İlham Əliyev əli qana batmış Sarkisyanı bəşəriyyətə qarşı cinayət törətmiş hərbi kriminal kimi ifşa etdi və bu kimi əsaslandırılmış faktlar, misallar və tezislərlə bütün dünya birliyi qarşısında erməni yalanlarına bir daha diqqət çəkdi. Cənab Prezidentimizin o ali kürsüdə Azərbaycanın sosial-iqtisadi inkişafı, ölkəmizdə həyata keçirilən genişmiqyaslı işlər haqqında məruzəsi hər birimizdə yüksək fəxarət hissi yaratdı.

Dünən 2016-cı ilin 26 sentyabr tarixində keçirilmiş Referendumdan bir il ötdüyünü diqqətə çatdıran deputat qeyd etdi ki, Referendumda ümumxalq dəstəyi qazanan ən mühüm müddəalardan biri məhz vitse-prezidentlik institutunun yaradılması oldu. Ümumxalq məhəbbəti qazanmış Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunmasını müstəqil dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri kimi qiymətləndirən Ş.Hacıyev bu təyinatın ilk andan etibarən vətəndaşların rəğbəti və məmnunluğu, dünya ictimaiyyətinin isə təqdiri ilə qarşılandığını vurğuladı. Ötən müddət ərzində Mehriban xanım Əliyeva özünü təcrübəli siyasətçi, yüksək idarəetmə və təşkilatçılıq məharətinə malik olan səriştəli idarəedici kimi tamamilə doğrultmuşdur. Bu gün Mehriban xanım Əliyeva nəinki Azərbaycanda və yaxın coğrafiyada, eləcə də dünyada böyük nüfuza malik olan dövlət xadimidir. Bu da təsadüfi deyil, çünki onun gördüyü genişmiqyaslı və çoxşaxəli işlər bütün insanlar tərəfindən böyük rəğbətlə qarşılanır və nümunə kimi göstərilir. İndiyədək Mehriban xanım Əliyeva son dərəcə həssas, problemli məsələlərlə məşğul olub, bu sahələrdə müstəsna uğurlar və nəticələr əldə edib. Yüzlərlə misallar göstərmək olar. Təbii ki, bütün bunları Azərbaycan vətəndaşları və bütövlükdə dünya ictimaiyyəti də lazımınca qiymətləndirir. Mehriban xanım olan yerdə haqq-ədalət, mərhəmət, humanizm, həssaslıq, şəffaflıq, insanlara diqqət, qayğı və digər bu kimi yüksək dəyərlər bərqərar olunur və milli-mənəvi dəyərlərə, adət və ənənələrimizə, müstəqilliyimizə, dövlətçiliyimizə sədaqət nümunəsi göstərilir. Bütün bu məsələlər daha çox ideoloji, humanitar, sosial və mədəni sferaları əhatə edir. Vətənə, dövlətə və xalqa layiqli xidmət missiyası ilə fəaliyyətinin yeni mərhələsinə qədəm qoyan Mehriban xanım ötən 7 aylıq dövrdə ona olan ümummilli inamı və Prezidentin etimadını yüksək peşəkarlıqla doğruldaraq bu təyinatın doğruluğunu tam təsdiqlədi. Ən əsası isə xalq bu referendum vasitəsilə Prezident İlham Əliyevə olan inamını növbəti dəfə rəsmiləşdirdi, 91% göstərici ilə ona ümummilli etimadın yeni mandatını verdi. Əminik ki, Mehriban xanım Əliyevanın kurasiyasında olan və xüsusi həssaslığı ilə seçilən bütün sosial-mədəni, humanitar sferalarda bundan sonra da ciddi nailiyyətlər əldə olunacaqdır.

Sonra iclasın gündəliyində duran məsələlər müzakirə edildi.

Sədr gündəlikdə duran birinci məsələYeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25 illik yubileyi ilə əlaqədar YAP Səbail rayon təşkilatında keçirilməsi nəzərdə tutulan tədbirlər haqqında məlumat verərək qeyd etdi ki, müasir Azərbaycan tarixinin böyük fenomeni olan YAP-ın 25 illik yubileyinin təntənəli qeyd olunması məqsədilə rayon partiya təşkilatı tərəfindən cari ilin oktyabr-noyabr aylarını əhatə edən genişspektrli tədbirlər planı hazırlanmışdır. Sədr diqqətə çatdırdı ki, partiya fəallarının, gənclərin və qadınların yaxından iştirak edəcəyi tədbirlər planı çərçivəsində YAP-ın qızıl fondu – “91-lər”lə görüş, Səbail rayon İcra Hakimiyyəti ilə birgə ağacəkmə aksiyası, “Səs” qazeti ilə birlikdə “dəyirmi masa”, Cocuq Mərcanlıda möhtəşəm tədbir, partiyada gənclərin və qadınların yeri və rolunu təhlil edən elmi konfranslar və “dəyirmi masa”lar, Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə birgə təntənəli tədbir, rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə bayram konserti və digər bu səpkili görüş və tədbirlərin təşkili nəzərdə tutulmuşdur.

Daha sonra rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında görülmüş işlər haqqında məlumatlar dinlənildi. “Azərbaycan Tarixçiləri” (Milli Azərbaycan Tarix Muzeyi) ərazi ilk partiya təşkilatının sədri Pərvanə Əzimova, “Ziyalılar evi” ərazi ilk partiya təşkilatının sədri, rayon partiya təşkilatı sədrinin müavini Arzuman Muradlı, “Muzeyşünaslıq” (Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi) ərazi ilk partiya təşkilatının sədri Xatirə Bəşirli “Kosmos mütəxəssisləri” (“Azərkosmos” ASC) ərazi ilk partiya təşkilatının sədri Anar Həsənov təşkilatlarında görülən işlər haqqında məlumatlarla çıxış etdilər. Ərazi ilk partiya təşkilatlarında görülmüş işlər haqqında məlumatlar nəzərə alındı və təşkilatların fəaliyyəti qənaətbəxş qiymətləndirildi.

Cari məsələlərin müzakirəsindən sonra iclasa yekun vuruldu.