Yeni Azərbaycan Partiyasının veteranı, YAP Səbail rayon təşkilatı Qadınlar Şurasının İdarə Heyətinin üzvü Sultanə xanım Qaralovanın 80 illik yubileyi qeyd olundu
30.09.201701 oktyabr 2017-ci il tarixində respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edən, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında uzunmüddətli səmərəli fəaliyyət göstərən, xüsusilə partiyamızın Qadınlar Qolunun formalaşması və inkişafında müstəsna xidmətləri olan Yeni Azərbaycan Partiyasının veteranı, YAP Səbail rayon təşkilatının Qadınların Şurasının İdarə Heyətinin üzvü, qocaman pedaqoq Sultanə xanım Qaralovanın anadan olmasının 80 illiyi tamam olur.
Bununla əlaqədar olaraq, ötən gün YAP Səbail rayon təşkilatının qərargahında yubilyarın iştirakı ilə təntənəli yubiley tədbiri təşkil olundu.
YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev Sultanə xanımı bu əlamətdar gün, 80 illik yubileyi münasibətilə YAP Səbail rayon təşkilatının çoxminli üzvləri adından səmimi qəlbdən təbrik etdi, ona uzun ömür, möhkəm cansağlığı, bol-bol xoşbəxt günlər arzuladı.
Yubilyarın zəngin və şərəfli həyat yoluna nəzər salan Sədr qeyd etdi ki, gözəl insani keyfiyyətləri özündə ehtiva edən yüksək təhsilli, peşəkar mütəxəssis və vətənpərvər şəxsiyyət olan Sultanə xanımın fəaliyyətinin bütün dövrlərində Azərbaycanın təhsili və partiyamızla bağlı gördüyü işlər bir çoxları, xüsusilə gənclərimiz üçün örnəkdir.
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının yaranması, möhkəmlənməsi və hazırda qabaqcıl, nümunəvi rayon partiya təşkilatlarından birinə çevrilməsində, onu ilk sədri mərhum professor Zahid Qaralovun əvəzolunmaz xidmətlərini böyük qürur hissi ilə qeyd etməklə yanaşı bu uğurlarda yubilyarın xüsusi rolunu vurğulayan Ş.Hacıyev diqqətə çatdırdı ki, siyasi fəaliyyəti ilə yanaşı, gənc nəslin təlim-tərbiyəsi, yüksəkixtisaslı mütəxəssis və vətənpərvər şəxsiyyət kimi formalaşması daima Sultanə xanımın elmi-pedaqoji fəaliyyətinin ən ülvi məqsədi olmuşdur. YAP veteranı Sultanə xanım Qaralovanın bir pedaqoq, eləcə də bir ana və etibarlı, sədaqətli həyat yoldaşı kimi fəaliyyəti və fədakarlığı, əsl azərbaycan türk qadınına xas olan ən yüksək keyfiyyətləri özündə cəmləşdirməyi hər zaman olduğu kimi, bu gün də gənclərimizə böyük nümunə kimi göstərilə bilər.
Daha sonra Sultanə xanım Qaralova respublikamızın ictimai-siyasi həyatında fəal iştirakı, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında uzunmüddətli səmərəli fəaliyyəti və xüsusi xidmətləri nəzərə alınaraq, anadan olmasının 80 illik yubileyi münasibətilə rayon partiya təşkilatının Fəxri Fərmanı ilə təltif edildi.
Səmimi abu-havada keçən tədbirdə sədr müavinləri Muxtar Nağıyev, Əhliman Qarayev, Afət xanım Xanbabayeva, YAP Səbail rayon təşkilatı İdarə Heyətinin üzvləri Adilə xanım Abasova, Rizvan Vahabov, prof. Vilayət Əliyev, Firəngiz xanım Mustafayeva və digər qonaqlar yubilyarı ürəkdən təbrik etdilər və YAP Səbail rayon təşkilatının ilk sədri mərhum professor Zahid Qaralov və Sultanə xanımla bağlı xatirələrini paylaşdılar. Qeyd olundu ki, partiyamızın Qadınlar Qolunun formalaşması və inkişafında xüsusi xidmətləri olan Sultanə xanım YAP sıralarında bu gün də yaxından iştirak edir, veteranlarımız arasında xüsusi yeri var, Səbail rayon təşkilatında, həmkarları arasında böyük hörmət və nüfuz sahibidir.
Yubilyarın ailə üzvləri adından çıxış edən qızı Gülnarə xanım Qaralova göstərilən diqqət və bu tədbirin təşkil olunması ilə bağlı təşkilat rəhbərliyinə təşəkkür edərək qeyd etdi ki, bu əlamətdar gündə dil lüğətində nə qədər yüksək söz və ifadə varsa Qaralovlar ailəsi üçün istifadə olundu. Rəhmətlik Zahid müəllimin əvəzolunmaz xidmətlərinin yaşadılması, daim xatırlanması və bu cür yubiley tədbirlərinin təşkil olunması üçün Şəmsəddin müəllimə dərin minnətdarlığını ifadə edən G.Qaralova bütün tədbir iştirakçılarına xoş arzularını bildirdi.
Sonda yubilyar Sultanə xanım Qaralova göstərilən diqqət və ünvanına söylənən təbriklərə görə bütün iştirakçılara səmimi qəlbdən təşəkkür etdi.
Qonaqlar tədbirdən xoş təəssüratlarla ayrıldılar.
YAP Səbail rayon təşkilatı olaraq, bir daha Sultanə xanımı 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona sağlam uzun ömür, ailə səadəti və sevincli günlər arzulayırıq!