YAP-ın yaranmasının 25 illik yubileyi münasibətilə partiyanın “Qızıl fond”u – “91-lər”lə görüş keçirildi

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25 illik yubileyi münasibətilə Səbail rayon partiya təşkilatı tərəfindən oktyabr-noyabr aylarını əhatə edən geniş və çoxşaxəli tədbirlər planı hazırlanmışdır.

Oktyabrın 6-da bu silsilədən olan ilk tədbir – Ulu Öndər Heydər Əliyevin “YAP-ın Qızıl Fondu” adlandırdığı “91-lər”lə görüş keçirildi.

Rayon partiya təşkilatının qərargahında təşkil olunmuş görüşdə Milli Məclisin deputatı, YAP Səbail rayon partiya təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, Milli Məclisin deputatları Mixail Zabelin, “Yeni Azərbaycan” qazetinin baş redaktoru Hikmət Babaoğlu, Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Novruz Quliyev, “İki Sahil” qazetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev, YAP Səbail rayon təşkilatının İdarə Heyətinin və Rayon Şurasının üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri, tələbələr və partiyanın gənc fəalları iştirak etdilər.

Çay süfrəsi ətrafında səmimi söhbət formatında keçirilən görüşdə, Azərbaycanın ən yeni tarixinin çətin dövrlərində aparılan şərəfli mübarizənin canlı şahidləri olan “91-lər”dən prof. Vilayət Əliyev, prof. Zahid Xəlilov, prof. Ədalət Fərəcov, prof. Nəbi Əsgərov, prof. Allahverdi Hacıyev, prof. Maqsud Nəcəfov, Rizvan Vahabov, Svetlana Bayramova və digərlərinin müasir Azərbaycan tarixinin fenomeni olan YAP-ın yaradılması və sonrakı proseslər haqqındakı xatirələri və çıxışları görüş iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılandı.

YAP Səbail rayon təşkilatının çoxminli üzvləri adından və şəxsən öz adından “91-lər”i ürəkdən salamlayan prof. Şəmsəddin Hacıyev tədbir iştirakçılarını Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibəti ilə təbrik etdi və bildirdi ki, respublikanın bütün rayon və şəhər partiya təşkilatlarında yubiley münasibətilə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Səbail rayon partiya təşkilatı artıq bununla bağlı tədbirlər planının icrasına başlamışdır və bu silsilədən olan ilk tədbir məhz “YAP-ın Qızıl Fondu” hesab olunan və 90-cı illərin əvvəllərində özlərinin və ailə üzvlərinin həyatlarını təhlükə altına ataraq Heydər Əliyev ideyalarına və partiyaya sədaqətlə xidmət edən “91-lər”lə görüş formatında keçirilir. Deputat diqqətə çatdırdı ki, müstəqilliyin ilk illərində ölkəmizdə baş verən siyasi hadisələrin gedişatı haqqında təhrif olunmamış, həqiqəti əks etdirən məlumatların gənclərimizin yaddaşında yaşadılması və bütün bu proseslərin canlı şahidləri olan “91-lər” və partiyamızın veteranları ilə bu səpkili görüşlərin tez-tez keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Müasir Azərbaycan dövlətçiliyinin ən çətin ictimai-siyasi dövründə Yeni Azərbaycan Partiyasının yaradılmasını taleyüklü hadisə kimi qiymətləndirən millət vəkili qeyd etdi ki, YAP-ın o dövrdəki səriştəsiz iqtidara müxalif olan partiya kimi yaranaraq, cəmi yeddi aydan sonra sivil və demokratik mübarizə yolu ilə hakimiyyətə gəlməsi Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindəndir. 90-cı illərin əvvəllərində Azərbaycanda yaranmış çətin və mürəkkəb ictimai-siyasi vəziyyət haqqında ətraflı danışan Ş.Hacıyev diqqətə çatdırdı ki, ümumxalq partiyası olan YAP-ın təsis olunması məhz milli iradənin təcəssümü olmuş və həmin dövrdə formalaşmış ictimai-siyasi zərurətdən, həyatın tələbindən irəli gəlmişdir. Azərbaycan ərazisinin işğalının başladığı, azərbaycanlıların öz əzəli torpaqlarından kütləvi şəkildə qovulduğu, yeni müstəqillik qazanmış ölkənin ictimai-siyasi quruluşunda əsaslı sistem dəyişikliklərinin baş verdiyi, bir milyona qədər soydaşımızın qaçqın-köçkün vəziyyətinə düşdüyü və ölkə həyatının bütün sahələrində dərin böhranın yaşandığı bir dövrdə yaranmış partiyamız həqiqətən də, sözün əsl mənasında “Yeni Azərbaycan”ın partiyası oldu. Belə ki, YAP-ın ilk sədri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə iqtidara gələn YAP – məhv olmaq təhlükəsi ilə üzləşən müstəqil Azərbaycan dövlətinin xilas olaraq dirçəlməsində, cəmiyyətin sosial-iqtisadi bazasının yeni təməllər üzərində qurulmasında və bu gün də dinamik yüksələn xətlə inkişaf etməsində misilsiz xidmətlər göstərmişdir.

Dağılan ölkəni xilas etmək üçün 1992-ci ilin oktyabrın 16-da Azərbaycanın bütün regionlarını təmsil edən 91 nəfər ziyalının Heydər Əliyevə ümumxalq müraciət ünvanlamasının, həmin ilin noyabrın 21-də Naxçıvanda 550 nəfər partiya üzvünün iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis olunmasının və Heydər Əliyevin YAP-ın ilk sədri seçilməsinin milli dövlətçiliyimiz üçün mühüm dönüş nöqtəsi təşkil etdiyini xüsusi qeyd edən deputat çıxışının davamında müstəqilliyin ilk illərində ölkəmizdə gedən proseslər, dövlətimiz və xalqımız üçün xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyevin hakimiyyətə gəlməsi, müasir Azərbaycan dövlətinin qurulması və Ulu Öndərin ölkəyə rəhbərlik etdiyi on il ərzində Azərbaycanda əldə olunmuş möhtəşəm nailiyyətlər haqqında xronoloji ardıcıllıqla bəhs etdi. Dahi Heydər Əliyevin məharətli idarəçiliyi nəticəsində parçalanmaq, dağılmaq və məhv olmaq təhlükəsi ilə üzləşən Azərbaycanda unitar dövlət quruculuğu; yeni Konstitusiyanın qəbulu; cəmiyyətin bütün sahələrində əsaslı islahatlar aparılaraq ölkədə ictimai-siyasi fundamentin formalaşdırılması; ölkəmizin iqtisadi inkişaf təməllərinin yaradılmasında həlledici rol oynayan “Əsrin müqaviləsi”nin imzalanması; Heydər Əliyevin sədrliyi ilə partiyamızın iki qurultayının uğurla keçirilməsi haqqında ətraflı danışan Ş.Hacıyev vurğuladı ki, bütün bu dediklərimiz bir daha sübut edir ki, müasir Azərbaycan dövləti xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ən böyük əsəridir.

2004-cü ildən başlayaraq, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının və ölkəmizin dinamik inkişafı, müstəqil Azərbaycanın iqtisadi gücünün ilbəil artması, Azərbaycanın istər regionda, istər dünyada siyasi nüfuzunun yüksəlməsi, ölkədə vətəndaş-mərkəzli siyasətin yürüdülməsi və əhalinin rifahının ildən-ilə daha da yaxşılaşması, bütün sosial-iqtisadi sahələrin dirçəlməsi, Azərbaycanın Cənubi Qafqaz regionunda söz sahibi olmasından danışan millət vəkili qeyd etdi ki, bütün bu istiqamətlərdə hamımızın şahidi olduğumuz misilsiz uğurların əldə olunmasında əlbəttə ki, partiyamızın yaradıcısı və müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev və onun layiqli siyasi davamçısı cənab Prezidentimiz İlham Əliyev başda olmaqla YAP-ın hər bir üzvünün inkarolunmaz rolu və töhfələri vardır.

Bu gün Azərbaycanda mövcud olan və günü-gündən möhkəmlənən xalq-iqtidar birliyi, xalqımızın Prezidentimizə olan sarsılmaz inamı və son illərdə həm ölkə daxilində, həm beynəlxalq siyasi, iqtisadi, idman arenasında əldə etdiyimiz möhtəşəm uğurlardan geniş bəhs edən Ş.Hacıyev vurğuladı ki, 14 sentyabr tarixində “Əsrin müqaviləsi”nin 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan yeni kontraktın imzalanması İlham Əliyev siyasətinin növbəti təntənəsidir. Sentyabrın 20-də cənab Prezidentin BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı çıxışına da xüsusi diqqət çəkən Ş.Hacıyev qeyd etdi ki, ölkə başçımızın çox dəqiq siyasi-hüquqi tezislərlə zəngin olan bu məruzəsi mühüm tarixi sənəd kimi qiymətləndirilə bilər. İlham Əliyevin bütün dünya ictimaiyyəti qarşısında Sarkisyanı hərbi kriminal kimi ifşa etdiyi bu cəsarətli nitqini hər birimiz böyük fəxarət hissi ilə dinlədik və bir daha qürur duyduq ki, biz bu gün dünyada öz mövqeyi və sözü olan, müstəqil siyasət yürüdən ölkənin vətəndaşlarıyıq və YAP kimi şərəfli bir partiyanın üzvlük vəsiqəsini daşıyırıq.

2016-cı ilin 26 sentyabr Referendumunda ümumxalq dəstəyi qazanan müddəalar, xüsusilə dövlətçilik tariximizin ən mühüm hadisəsi olan vitse-prezidentlik institutunun yaradılmasının və ümumxalq məhəbbəti qazanmış Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunmasının ideoloji, humanitar və sosial aspektləri haqqında danışan deputat bildirdi ki, bu referendumda Azərbaycan xalqı 91% göstərici ilə cənab Prezident İlham Əliyevə ümummilli etimadını nümayiş etdirdi və bununla bir daha sübut olundu ki, ölkəmizdə xalq-iqtidar birliyi sarsılmaz, yenilməz və dönməzdir.

Çıxışının sonunda Ş.Hacıyev həmin dövrdə Yeni Azərbaycan Partiyasının yaradılmasında əməyi olan və dünyasını dəyişmiş partiya təəssübkeşlərinə Allahdan rəhmət diləyərək, bugünkü görüşdə iştirak edən “91-lər”in simasında partiyanın bütün veteranlarına cansağlığı arzuladı və onlara ən səmimi arzularını bildirdi. Qeyd olundu ki, Heydər Əliyev və YAP ideyalarına sədaqətlə xidmət edən bu cəsarətli insanların əziz xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi olaraq yaşayacaqdır.

Ən çətin zamanlarda yaranmış Yeni Azərbaycan Partiyasının təsis olunması prosesində yaxından iştirak etmiş “91-lər”dən olan Milli Məclisin deputatı Mixail Zabelin YAP-ın ilk əvvəl “Tərəqqi partiyası” adı altında formalaşdığını, sonradan isə Ulu Öndər Heydər Əliyevin partiyanı məhz “Yeni Azərbaycan Partiyası” adlandırmasının heç də təsadüfi olmadığını qeyd etdi. Heydər Əliyevin hər zaman hər şeydən çox Azərbaycan xalqını düşündüyünü xüsusi qeyd edən deputat bildirdi ki, bu hadisələr bizim tarixi yaddaşımızdır. Tarixi yaddaşı olmayan xalq yaşaya bilməz və gənclərimiz əmin ola bilərlər ki, bizim qalib gəlməyimiz, müasir Azərbaycan dövlətinin qurulması məhz bunun uğrunda mübarizəyə qalxan insanların nə qədər çətin olsa da, seçdikləri yoldan dönməməsi nəticəsində əldə olunan tarixi nailiyyətlərdir.

“91-lər”dən olan “İki Sahil” qazetinin baş redaktoru Vüqar Rəhimzadə xalqın inamı, dəstəyi ilə yaradılan və ümumxalq partiyası olan YAP-ın nəinki Azərbaycanda, bütün regionda güclü ictimai-siyasi təşkilat olmasına diqqət çəkərək, YAP sıralarının günü-gündən intellektual, bacarıqlı gənclər hesabına genişlənməsini çox fərəhləndirici fakt kimi qiymətləndirdi.

“91-lər”dən olan Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Novruz Quliyev adı bu siyahıda olan 91 nəfər ziyalının Azərbaycan xalqının ən cəsarətli və qorxmaz nümayəndələri olduqlarını bildirdi. Biz bu gün bu partiyanın üzvü olmağımızla, partiyamıza İlham Heydər oğlu Əliyevin rəhbərlik etməsi ilə fəxr edirik. Mübaliğəsiz deyə bilərik ki, ölkə başçısı cənab İlham Əliyev yeni dövrün, müasir tarixin Heydər Əliyevidir. Allah dövlətimizi, Prezidentimizi qorusun. Amin!

Çıxış edən Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qazetinin baş redaktoru Hikmət Babaoğlu YAP-ın 25 illik yubileyinin yalnız partiya üzvləri üçün yox, bütün xalqımız üçün əlamətdar bayram olduğunu qeyd etdi. “Tarix dünənki siyasətdir, bugünkü siyasət isə sabahki tarixdir” deyən deputat müasir dövrün mürəkkəb və ziddiyyətli proseslərinə toxunaraq, dünyada və regionda gedən proseslərin fonunda Azərbaycanın öz müstəqilliyini qoruyub saxlamasını və tam müstəqil siyasi iradə nümayiş etdirməsini İlham Əliyev siyasətinin və idarəçilik qabiliyyətinin təcəssümü olduğunu vurğuladı.

90-cı illərdə baş verən hadisələrə bir daha nəzər salan “91-lər”dən biri Svetlana Bayramova Azərbaycan ədəbi mühitində tanınmış Tofiq Bayramın bacısı kimi bu fədəkar mübarizəyə qoşulan azsaylı qadınlardan biri olduğunu vurğuladı. YAP-ın yaradılmasında iştirak edən “91-lər”in tarixi missiyanı yerinə yetirdiyini qeyd edən S.Bayramova bu mübarizədə ön sıralarda gedən insanlardan dünyasını dəyişmiş olanlara Allahdan rəhmət, canlı tarix kimi yaşayan nümayəndələrə isə cansağlığı arzuladı.

Çıxış edən YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü Rizvan Vahabov dahi Heydər Əliyevin ətrafında olan insanlardan biri kimi partiyanın təsis olunması və Nizamnaməsinin yazılması ilə bağlı xatirələrini paylaşdı. Yeni Azərbaycan Partiyasını “ağır dövrün partiyası” və “böyük bir şəxsiyyətin partiyası” adlandıran R.Vahabov vurğuladı ki, Heydər Əliyevin dahiliyi onun cəsarətli, səbrli, son dərəcə iradəli olmasında idi. Bu görkəmli dövlət xadiminin həyatının bütün mərhələlərində ən böyük amalı yalnız və yalnız Vətəninə, xalqına sədaqətlə xidmət etmək olmuşdur. R.Vahabov gənclərimizə Ulu Öndərimiz haqqında daim oxumağı, öyrənməyi, onun kimi güclü olmağı tövsiyə etdi və xalqımızın daim YAP ətrafında sıx birləşəcəyinə dair əminliyini ifadə etdi.

“91-lər”in ən fəallarından olan və o proseslərdə yaxından iştirak edən YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü prof. Vilayət Əliyev ilk öncə bu gözəl tədbirin təşkilatçılığına görə rayon partiya təşkilatının sədri Ş.Hacıyevə təşəkkürünü bildirərək qeyd etdi ki, “Siz dövlət başçısının siyasətini qəlbən duyub, çox düzgün istiqamətdə aparanlardan birisiniz”. YAP-ın yaradılmasında milli ruhun, xalqın inam və etibarının təcəssüm olunduğunu xüsusi vurğulayan V.Əliyev “91-lər” sırasında çox qeyrətli alimlərin və ziyalıların olduğunu bildirdi. Müasir Azərbaycan dövlətinin bünövrəsi xalqın istəyi ilə qoyuldu, bu müqəddəs amal uğrunda başlayan mübarizə hərəkatının ilk qığılcımı isə məhz bu əqidə uğrunda bütün təhdidləri gözə alan “91-lər”in müraciəti ilə başladı. Müraciətin hazırlanması, imzalanması, Ulu Öndər Heydər Əliyevin bu müraciətə “Səs” qazetində proqram xarakterli cavab ünvanlaması, Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi və Heydər Əliyevin Bakıya gələrək xilaskarlıq missiyasını yerinə yetirməsi xronologiyasının canlı şahidi və iştirakçısı kimi bu hadisələrə dair xatirələrini paylaşan V.Əliyev bildirdi ki, gənclərimiz bu taleyüklü hadisələrin qəhrəmanlarının xatirəsini daim yaşatmalı və əziz tutmalıdırlar.

Tədbirə yekun vuran Ş.Hacıyev bugünkü görüşdə iştirak edən “91-lər”ə dəyərli xatirələrini bölüşdükləri və ən yeni tariximizdə son dərəcə müstəsna əhəmiyyət kəsb edən həmin dövrün hadisələrini gənclərimiz üçün canlandırdıqları üçün təşəkkür etdi və qeyd etdi ki, bu gün biz YAP Səbail rayon təşkilatının yaradıcısı və ilk sədri mərhum prof. Zahid Qaralovu böyük ehtiramla yad edirik. O dövrün bütün ictimai-siyasi proseslərində fəal iştirak edən, ön sıralarda gedən və cəsarətli, kəskin çıxışları ilə seçilən ziyalılarımızdan biri olan Z.Qaralov Səbail rayon partiya təşkilatında da gözəl ənənələrin əsasını qoyub, biz də bu ənənələri müasir dövrün tələblərinə uyğun şəkildə davam etdiririk.

Şübhəsiz ki, Heydər Əliyev kimi dünyaşöhrətli dahi siyasətçinin idarəçilik məharəti, savadı, intellekti fonunda Azərbaycan kiçik dövlət kimi görünə bilər. Lakin, tarix göstərir ki, Azərbaycanı idarə etmək heç də asan məsələ deyil. Geosiyasi və geoiqtisadi əhəmiyyəti baxımından daima böyük dövlətlərin maraq dairəsində olan Azərbaycanın bu gün də müstəqil və xalqımınız milli mənafelərinə uyğun şəkildə idarə olunması bir daha göstərir ki, dövlətimiz, partiyamız çox etibarlı əllərdədir. Ölkə başçımızın, partiyamızın Sədrinin xalqımızın milli mənafelərinə xidmət edən daxili və xarici siyasəti xüsusi mürəkkəbliyi ilə seçilən müasir dövrdə Azərbaycanı bütün təhdidlərdən qoruyur və ölkəmizin dayanıqlı, davamlı inkişafı üçün əsaslı zəmin yaradır. Möhtərəm Prezidentimizin istər respublikadaxili, istərsə də beynəlxalq tədbirlərdə elə bir məruzəsi yoxdur ki, orada Dağlıq Qarabağ məsələsi vurğulanmasın, Azərbaycanın haqq mübarizəsi olan bu münaqişənin həll olunması üçün real təkliflər, çıxış yolları göstərilməsin. Bu da onu göstərir ki, cənab İlham Əliyevin rəhbərliyi ilə biz mütləq torpaqlarımızı azad edəcəyik. Üçrəngli bayrağımızı işğaldan azad olunmuş ərazilərimizdə dalğalandıracağımız günlər heç də uzaqda deyil. Ötən ilin aprel hadisələri bir daha göstərdi ki, Cocuq Mərcanlıdan başlayan yol bizi inşallah Şuşaya aparacaqdır.

Sonda Ş.Hacıyev vurğuladı ki, Səbail rayon partiya təşkilatı müasir Azərbaycanın dövlət quruculuğunda böyük rolu olan “91-lər”i YAP-ın “Qızıl Fondu” kimi daim diqqət mərkəzində saxlayır və partiyamızın veteranları həmişə bütün rayon tədbirlərimizdə bizim ən fəxri qonaqlarımızdırlar.

Gənclərin böyük maraq göstərdiyi görüşdən bütün iştirakçılar yüksək təəssüratlarla ayrıldılar.

Tədbirin videoyazısı
SəsTV