“Yeni Azərbaycan Partiyası – Qələbələr partiyasıdır” mövzusunda “dəyirmi masa” keçirildi

Oktyabrın 11-də “Səs” qəzetinin redaksiyasında Yeni Azərbaycan Partiyasının (YAP) 25 illik yubileyi ilə əlaqədar olaraq “Yeni Azərbaycan Partiyası – Qələbələr partiyasıdır” mövzusunda “dəyirmi masa” keçirildi.

“Səs” qəzetinin və YAP Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən “dəyirmi masa”da əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra “Səs” Media Qrupunun Yeni Azərbaycan Partiyasının 25 illik şərəfli fəaliyyəti ilə bağlı hazırladığı sənədli film nümayiş olundu.

Tədbiri açıq elan edən “Səs” Media Qrupunun rəhbəri və “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, əldə etdiyi nailiyyətlərdən və ölkənin ictimai-siyasi həyatındakı rolundan bəhs etdi. O, tarixi zərurətdən yaranmış Yeni Azərbaycan Partiyasının ilk gündən etibarən dövlətə, Azərbaycan xalqına xidmət edən əsl ümumxalq partiyası olduğunu qeyd etdi. Diqqətə çatdırıldı ki, Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin ideyalarına daim yüksək sədaqət nümayiş etdirir, partiyanın Sədri, Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifə və tapşırıqları böyük məsuliyyətlə yerinə yetirir.

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev YAP-ın 25 illik fəaliyyəti müddətində ölkəmizin əldə etdiyi uğurlar, sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərdən danışaraq, qeyd etdi ki, bu uğurların əsasında dövlətimizin qurucusu və memarı, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət dayanır. Partiyanın yaranmasının 25 illik yubileyi münasibətilə Səbail rayon partiya təşkilatının hazırlamış olduğu geniş tədbirlər planı haqqında məlumat verən Sədr bildirdi ki, bu silsilə çərçivəsində həyata keçirilən bugünkü “dəyirmi masa”da Heydər Əliyevlə çiyin-çiyinə çalışmış və YAP-ın yaradılmasında bilavasitə iştirak edən partiyanın “Qızıl Fondu” olan “91-lər”, ziyalılar iştirak edir. 90-cı illərin əvvəllərini müstəqil Azərbaycan Respublikasının ən yeni tarixində ciddi dönüş nöqtəsi kimi xarakterizə edən deputat diqqətə çatdırdı ki, bu çox ziddiyyətli, mürəkkəb, eyni zamanda şərəfli mübarizə dövrü haqqında nə qədər çox danışılsa, filmlər çəkilsə, yazılar, məqalələr yazılsa da “Səs” Media Qrupunun hazırlamış olduğu bu filmdən də göründüyü kimi, o dövrün hadisələrinə həsr olunmuş hər yeni görüşdə, filmdə yeni məqamlar üzə çıxır. O tarixi mübarizənin və möhtəşəm qələbələrin unudulmaması, gənc nəsillərə təhrifsiz, olduğu kimi ötürülməsi və yaddaşlara həkk olunması baxımından bu səpkili tədbirlər böyük əhəmiyyət kəsb edir. Gənclərimiz müstəqil Azərbaycanın ən yeni tarixində baş vermiş bu hadisələri öyrənməli, tədqiq etməli və öz süzgəclərindən keçirərək bu proseslərdən müvafiq dərslər çıxarmalıdırlar.

XX əsrin ən böyük geostrateji hadisəsindən biri olan SSRİ-nin dağılması nəticəsində 90-cı illərin əvvəlində müstəqillik qazanmış Azərbaycan Respublikasının qarşısında bir ictimai-siyasi quruluşdan digərinə transformasiyanın həyata keçirilməsi, cəmiyyətin sosial-iqtisadi həyatının bütün sahələrini bürümüş siyasi və iqtisadi böhranın aradan qaldırılması kimi mühüm vəzifələr dururdu. Azərbaycanın o dövrdə müstəqillik əldə etmiş post-sovet ölkələri ilə müqayisədə ən çətin vəziyyətdə olduğunu vurğulayan Ş.Hacıyev qeyd etdi ki, o illərdə soydaşlarımızın əzəli torpaqlarından qovulması, bir milyondan çox Azərbaycan vətəndaşının qaçqın-köçkün vəziyyətinə düşməsi, bəzi qüvvələrin hələ də SSRİ-nin bərpa olunması istiqamətində ölkədə apardığı işlər, eləcə də AXC və Müsavat qrupunun milli maraqlardan daha çox hakimiyyət uğrunda apardığı mübarizə ölkədə mövcud olan vəziyyəti daha da ağırlaşdırmışdı. Ortada Azərbaycanın bir dövlət kimi ölüm və ya olum məsələsi dayanmışdı. Rayon partiya təşkilatının sədri çətin və mürəkkəb vəziyyətdə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin, böyük cəsarət və məsuliyyətlə xilaskarlıq missiyasını öz üzərinə götürməsini Azərbaycanın müstəqillik tarixinin ən şərəfli anlarından olduğunu xüsusi qeyd edərək bildirdi ki, o dövrdə Azərbaycan xalqı Heydər Əliyevi bütün təhdid və qəsdlərdən qorudu. “91-lər”dən başlayan ümumxalq dəstəyi nəticəsində Azərbaycanın vicdanlı, qeyrətli oğulları Heydər Əliyevin ətrafında birləşərək, Yeni Azərbaycan Partiyasının yaranmasında və müasir Azərbaycan dövlətçiliyinin qurulmasında yaxından iştirak etdilər. O hadisələrin canlı şahidləri kimi bizlər bir daha əmin olduq ki, əgər bir insanı, şəxsiyyəti Allah qoruyursa, ona bəndə heç nə edə bilməz.

1992-ci ilin 21 noyabr tarixində 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyası təsis olundu və cəmi 7 aydan sonra dövlətə, xalqa yox, o dövrdəki səriştəsiz iqtidara müxalif kimi yaranan YAP demokratik, sivil yolla iqtidara gəldi və cəmiyyətə sözün əsl mənasında siyasi mədəniyyəti nümayiş etdirmiş oldu. 25 illik fəaliyyəti dövründə şərəfli yol keçən YAP-ın bugünədək 5 qurultayı keçirilib. Yeni Azərbaycan Partiyası sözün əsl mənasında bütün dövrlərin – dünənimizin, bu günümüzün və sabahımızın partiyası olaraq öz sıralarını daima gənclərimiz hesabına genişləndirir və bu gün YAP Cənubi Qafqazın istər kəmiyyət, istərsə də keyfiyyət baxımından ən güclü ictimai-siyasi təşkilatıdır. Yeni Azərbaycan Partiyasının ən yeni tariximizdə özünəməxsus rolu, yeri və payı olduğunu vurğulayan deputat xüsusi qeyd etdi ki, üzvlərinin yarısından çoxu gənclərdən ibarət olan YAP – Azərbaycanın ən mütəşəkkil, ən intellektli və yüksək potensiallı partiyasıdır.

Çıxışının davamında iqtisadi və siyasi cəhətdən müasir Azərbaycanın dünyada mövqelərinin möhkəmlənməsi, ölkəmizin regionda söz sahibinə çevrilməsi, bütün ictimai-siyasi sahələrdə əldə olunan misilsiz uğurlar və müşahidə olunan dinamizm haqqında danışan Ş.Hacıyev xüsusi vurğuladı ki, artıq 25 ildir ki, iqtidarda olan Yeni Azərbaycan Partiyası üçün xalqımızın milli maraqlarından yüksəkdə dayanan heç bir məfhum yoxdur. Bütün bu nailiyyətlərin əldə olunması sübut edir ki, Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyalarına əsaslanan İlham Əliyev siyasəti çox düşünülmüş, düzgün və cəsarətli siyasətdir və Liderimiz, partiya Sədrimiz bu siyasətdə yalnız və yalnız xalqa arxalanır. Böyük güclərin maraqlarının çarpazlaşdığı və lokal müharibələrin getdiyi mürəkkəb coğrafiyada yerləşən Azərbaycan, məhz partiya Sədrimiz, ölkə rəhbərimiz İlham Əliyevin özünün şəxsi keyfiyyətləri, Liderlik xüsusiyyətləri, hadisələri düzgün qiymətləndirmək, praqmatik yanaşmaq və proqnozlaşdırmaq qabiliyyəti sayəsində, “sabitlik adası, oazisi” kimi inkişaf etməyə davam edir. Oktyabrın 9-da Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının proqram xarakterli nitqində qeyd olunan bütün siyasi-iqtisadi nailiyyətlərin əldə olunmasında əlbəttə ki, Yeni Azərbaycan Partiyasının da müstəsna rolu vardır. Təkcə bir fakt – valyuta ehtiyatlarımızın ilin əvvəlindən 4,5 milyard dollar artaraq 42 milyard dollar səviyyəsinə yüksəlməsi və bu rəqəmin ümumi daxili məhsulumuzdan xeyli yüksək olması Azərbaycan iqtisadiyyatının gücünü, onun dayanıqlılığını və rəqabətqabiliyyətliliyini ifadə edir. Əminik ki, İlham Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyası gələcəkdə daha böyük uğurlar qazanacaq və Azərbaycan çox yaxın gələcəkdə dünyanın ən inkişaf etmiş ölkələri sırasına daxil olacaqdır.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri, “91-lər”dən olan Eldar İbrahimov Yeni Azərbaycan Partiyasının yaranmasını Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri kimi qiymətləndirərək, vurğuladı ki, bizlər YAP-ı yaratmasaydıq, bugünkü müstəqil Azərbaycanın varlığı birmənalı şəkildə sual altında idi. Müasir müstəqil Azərbaycan dövlətçiliyinin qurucusu Ulu Öndər Heydər Əliyev Azərbaycanın üçrəngli bayrağını qaldırdı və bütün dünyaya elan etdi ki, bizim yolumuz müstəqillikdir. Azərbaycanın bütün regionlarından olan ziyalıların təmsil olunduğu “91-lər”in müraciəti, özünün Naxçıvanda YAP-ın bütün təşkilatlanma işlərini idarə etməsi, Heydər Əliyevin Azərbaycanda xalqın təkidli istəyi ilə hakimiyyətə gəlməsi və o dövrdə yaşanmış hadisələr haqqında xatirələrini “dəyirmi masa” iştirakçıları ilə paylaşan E.İbrahimov xüsusi qeyd etdi ki, Heydər Əliyevin layiqli siyasi varisi cənab Prezident İlham Əliyevin son dərəcə düşünülmüş siyasəti nəticəsində bu gün YAP dünyanın ən sayılıb-seçilən partiyalarından biridir, YAP-ın beynəlxalq əlaqələri dinamik şəkildə inkişaf edir, bu gün Azərbaycan dövlətinin, xalqının ən öndə gedən ziyalıları məhz YAP sıralarında cəmləşmişlər, partiyamızın nüfuzu partiya sıralarına qəbul olunan intellektual və yüksək potensiallı gənclər hesabına günü-gündən yüksəlir. Partiyanın 25 illik yubileyi münasibətilə bütün partiya təəssübkeşlərini ürəkdən təbrik edən komitə sədri bildirdi ki, bütün gənclərimiz bilməlidirlər ki, Yeni Azərbaycan Partiyasının üzvü olmaq şərəfdir.

YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev bu vacib siyasi tədbirin təşkilatçılarına təşəkkür edərək, bu gün xatırlanan hadisələri canlı şahidlərindən dinləməyin gənclərimiz üçün unudulmaz və əvəzolunmaz təcrübə olduğunu vurğuladı. Cəmiyyətin bütün sosial qruplarından olan insanların qəlbən, vicdanən razı və könüllü şəkildə YAP sıralarında cəmləşdiyini qeyd edən deputat bildirdi ki, məhz bu möhkəm ictimai-siyasi fundamentə arxalanan YAP artıq 25 ildir ki, bütün sivil və demokratik mübarizələrdən, seçkilərdən qalib ayrılmışdır. YAP iqtidarı dövründə ölkəmizdə sivil dövlət qurulmuş, siyasi varislik, sosial ədalət prinsipləri təmin olunmuş, Azərbaycan kosmos dövlətinə çevrilmiş, BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş, idman, mədəniyyət, humanitar sahədə böyük uğurlara imza atmışdır. IV İslam Həmrəyliyi Oyunları, “Əsrin müqaviləsi”nin 2050-ci ilə qədər uzadılması, bu nəhəng Sazişin ölkəmizə vəd etdiyi iqtisadi və siyasi dividendlər Azərbaycanın beynəlxalq nüfuzunun bariz göstəricisidir. Bu gün YAP gənclərinin üzərinə böyük məsuliyyət düşür, çünki Ulu Öndər Heydər Əliyevin, ölkə başçısı İlham Əliyevin daim ən ucalarda saxladığı, ən yüksək tribunalarda dalğalandırdığı Azərbaycanın üçrəngli bayrağı və müstəqil Azərbaycan dövlətçiliyi məhz Azərbaycan gənclərinə əmanət olunacaqdır. Bu səbəblə də, gənclərimiz müasir siyasi tariximizi dərindən öyrənməli və müvafiq dərslər çıxarmalıdırlar.

YAP Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva bildirdi ki, Yeni Azərbaycan Partiyası dövlətçiliyimizin qarantı, sivil, demokratik mübarizənin nümayişi, Heydər Əliyev kimi böyük dühanın cəsarəti və iradəsi nəticəsində yaranmış qüdrətli ictimai-siyasi təşkilatdır. Bu şərəfli mübarizədə Azərbaycan qadınlarının da xüsusi rol oynadığını vurğulayan N.Əliyeva partiya qadınlarının bütün seçkilərdə böyük fədakarlıqla ümumi məqsədə çatmaq üçün fəaliyyət göstərdiklərini qeyd etdi. Qadınların aparıcı rol oynadığı cəmiyyətlərdə həmişə humanizm, zəriflik, həssaslıq hakimdir. YAP-da qadınların 50,3%-lə təmsil olunması onu göstərir ki, Azərbaycan qadını bundan sonra da ölkəmizin ictimai-siyasi həyatında öz sözünü deməyə və ölkədə aparılan siyasəti dəstəkləməyə davam edəcəkdir.

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, “91-lər”dən olan Vüqar Rəhimzadə qeyd etdi ki, YAP-ın yaradılması ilə nəticələnən o mürəkkəb və ağır dövrdə, tarixi zərurət – adını “91-lər” siyahısına yazdıran ziyalılarımızdan qətiyyətli və cəsarətli addımlar tələb edirdi. Milyonlarla Azərbaycan vətəndaşının Heydər Əliyevi dəstəkləyərək, Azərbaycanda müasir müstəqil dövlət quruculuğunda, YAP-ın yaradılmasında iştirak etməsi tariximizin şərəfli səhifələri və Azərbaycanın milli taleyinin ayrılmaz hissəsidir. Bu gün partiya sıralarında cəmləşmiş 700.000-dən çox insan böyük bir siyasi qüvvəyə çevrilmişdir. Qədirbilən Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevə olan sədaqəti və məhəbbətindən irəli gələn sevgi və rəğbətlə ölkə başçısı İlham Əliyevi dəstəkləyir və biz partiya Sədrimiz, Prezidentimizin rəhbərliyi ilə hələ çox uğurlara imza atacağıq.

YAP Səbail rayon təşkilatının sədr müavini Afət Xanbabayeva 90-cı illərin əvvəllərində baş verən hadisələrlə bağlı atası, respublikamızın ən böyük nəşriyyatına rəhbərlik edən Əjdər Xanbabayevi yad etdikləri üçün “dəyirmi masa” iştirakçılarına təşəkkür etdi və qeyd etdi ki, bu səpkili tədbirlərin mütəmadi olaraq keçirilməsi gənclərimizin ən yeni tariximiz haqqında düzgün məlumatlandırılması, eləcə də Azərbaycançılıq, dövlətçilik və milli ruhda tərbiyələndirilməsi üçün müstəsna əhəmiyyət kəsb edir.

YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü Hacan Hacıyev bugünkü tədbirin məhz “Səs” qazetinin redaksiyasında keçirilməsinin çox əlamətdar olduğunu qeyd edərək bildirdi ki, o illərdə “Səs” qazeti YAP yaranmamışdan öncə partiyanın bazası olub. Səbail rayon partiya təşkilatının yaranmasında əvəzolunmaz xidmətləri olan təşkilatın ilk sədri mərhum professor Zahid Qaralovun partiyanın inkişafına verdiyi töhfələri xüsusi vurğulayan H.Hacıyev o şərəfli mübarizənin iştirakçısı olub dünyasını dəyişən partiyanın bütün təəssübkeşlərinin xatirəsini yad etdi.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu YAP-ın inkişaf tarixinin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi dövrü ilə üst-üstə düşdüyünü diqqətə çatdıraraq, partiyanın uzunmüdətli qələbələrini şərtləndirən və gələcək fəaliyyətinə işıq tutan amilləri təhlil etdi. Qeyd olundu ki, YAP nəinki qələbələr qazanan, eyni zamanda bu qələbələri uzun müddət qoruyub saxlamağı bacaran nadir partiyalardandır. Bu qələbələrin əsasında isə hər şeydən öncə ədalətlilik və demokratiya dayanır. YAP üçün tarixi missiyanın, xüsusi mürəkkəbliyi ilə seçilən müasir dövrdə də, davam etdiyini vurğulayan deputat bildirdi ki, xalqımızın dövlətçilik təfəkkürü istənilən sınaqdan üzüağ çıxacaqdır, çünki ölkəmizdə cənab İlham Əliyev və iqtidar partiyası tərəfindən çox düzgün və yalnız xalqın milli mənafelərinə xidmət edən siyasət aparılır.

Partiya gəncləri adından çıxış edən YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva vurğuladı ki, Yeni Azərbaycan Partiyasının Azərbaycan xalqı qarşısında bir çox xidmətləri vardır, lakin partiyamızın ən böyük nailiyyəti bu 25 il ərzində Vətəninə, dövlətinə sadiq, əqidəsi, amalı düzgün olan gənclər yetişdirməsidir. Azərbaycan var olduqca Azərbaycan gəncliyi Ulu Öndər Heydər Əliyevin siyasətini yaşadacaqdır.

YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü Rizvan Vahabov qeyd etdi ki, partiyamızın yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin zəngin təcrübəsi, müstəqil, demokratik, hüquqi dövlət quruculuğu yolunda gərgin fəaliyyəti Azərbaycanın bugünkü və gələcək taleyini müəyyən edib. Yeni Azərbaycan Partiyası nəinki ölkəmizdə, həmçinin Qafqaz regionunda ən güclü, ən mükəmməl siyasi təşkilatdır və ictimai nüfuzuna görə onunla müqayisə oluna biləcək bir qurum yoxdur. Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası ən ali ideallara xidmət edir.

Tədbirin videoyazısı
Dəyirmi masa (SəsTV)
Yeni Azərbaycan Partiyası – 25 il (SəsTV Filmi)