Dənizkənarı Bulvar İdarəsində “Azərbaycan Bayrağı” kitabının təqdimat mərasimi keçirildi
19.10.20179 noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi tərəfindən silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Bu tədbirlərdən biri də tarix üzrə fəlsəfə doktoru, Dövlət Bayrağı Muzeyinin direktoru Könül İmamverdiyevanın “Azərbaycan Bayrağı” adlı kitabının təqdimat mərasimidir. Təqdimat mərasimi 19 oktyabr 2017-ci il tarixində Bakı Kristal Zalında keçirilmişdir.
“Azərbaycan Bayrağı” kitabı bayrağımızın təkamülü, inkişaf yolları və formalaşması tarixinə həsr olunub. Kitabın hazırlanmasında əsas məqsəd Azərbaycan bayrağının müstəqil dövlətçilik tarixində, eləcə də gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna rolunu sistemli şəkildə oxuculara çatdırmaqdan ibarətdir. Gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində dövlət rəmzlərinin təbliği xüsusi əhəmiyyət daşıyır. Kitabın hazırlanması dövlət rəmzlərinin təbliğatının ictimaiyyət, xüsusən gənclər arasında aparılmasına geniş imkanlar yaradacaq.
Kitabda dünyada bayraqların formalaşması ilə bağlı maraqlı tarixi faktlar öz əksini tapmış, qədim dövrlərdən Azərbaycan ərazisində hakimiyyət rəmzi mənasını daşıyan, nişanlar şəklində meydana gələn bayrağın sonradan uzun tarixi yol keçərək müasir bayraq kimi formalaşması geniş şəkildə təhlil olunmuşdur.
Tarixin qədim dövrlərindən etibarən Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqlarının müxtəlif nümunələrinə dair maraqlı məlumatlar öz əksini tapıb, həmin materiallar illüstrativ formada oxucuların diqqətinə çatdırılıb. Azərbaycanın orta əsrlər dövlətlərinin bir neçə bayrağının ilkin mənbələr əsasında tədqiqi və kitabda əks olunması əsərin elmi əhəmiyyətini artıran amillərdəndir. Belə ki, Azərbaycanın orta əsrlər dövlətlərinin bərpa edilmiş bayraqları Dövlət Bayrağı Muzeyi ilə yanaşı, regionlardakı Bayraq Muzeylərinin də kolleksiyalarını bəzəyir.
Bundan başqa, milli rəmzin bərpası və qəbulunda Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət bayrağının təbliği sahəsində müstəsna rolu göstərilib. Eyni zamanda, dövlət bayrağı ilə bağlı qanunvericilik bazasının formalaşdırlması prosesi də geniş şəkildə işıqlandırılmışdır.
“Azərbaycan Bayrağı” kitabının elmi məsləhətçisi AMEA-nın Tarix İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Yaqub Mahmudov, rəyçisi AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Nailə Vəlixanlıdır.
Tədbirdə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik, millət vəkili, cənab Yaqub Mahmudov, H.Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmaları departamentinin direktoru Məhəbbət xanım Mehdiyeva, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, professor cənab Tofiq Nəcəfli və kitabın müəllifi, tarix üzrə fəlsəfə doktoru Dövlət Bayrağı Muzeyinin direktoru Könül İmamverdiyeva çıxış etmişdir.