YAP Səbail rayon təşkilatı Qadınlar Şurasının İdarə Heyətinin iclası keçirildi

20 oktyabr 2017-ci il tarixində YAP Səbail rayon təşkilatı Qadınlar Şurasının İdarə Heyətinin iclası keçirildi.

Rayon təşkilatı Qadınlar Şurasının sədri Təranə Kərimova iclası açıq elan edərək, gündəlikdə duran məsələlər haqqında məlumat verdi. Gündəlik səsə qoyuldu və təsdiq olundu.

Ölkəmizin ictimai-siyasi həyatında baş verən hadisələr və proseslər haqqında ətraflı danışan T.Kərimova xüsusi qeyd etdi ki, möhtərəm Prezidentimiz İlham Əliyevin məharətli idarəçiliyi və yürütdüyü balanslaşdırılmış ölkə daxili və ölkə xarici siyasəti nəticəsində Azərbaycan dayanıqlı şəkildə inkişaf edən ölkələr sırasında öz mövqelərini günü-gündən möhkəmləndirir, əhalinin sosial rifahı hər ötən il daha da yaxşılaşır və alternativi olmayan “İlham Əliyev siyasəti” Azərbaycanın parlaq gələcəyinin ən böyük təminatıdır. YAP Səbail rayon təşkilatı bütün bu proseslərdə yaxından iştirak edir və Səbail qadınları ölkəmizdə aparılan vahid siyasətə və partiyamızın nüfuzunun gücləndirilməsinə öz töhfələrini verməkdə davam edir.

Rayon partiya təşkilatının Aparat rəhbəri dos. Zəfər Bayramov YAP-ın yaranmasının 25 illik yubileyi münasibətilə Səbail rayon partiya təşkilatının hazırlamış olduğu geniş tədbirlər planı haqqında məlumat verərək, Qadınlar Şurasının üzvlərini də bu tədbirlərin yüksək səviyyədə icrasına həmişə olduğu kimi öz töhfələrini əsirgəməməyə çağırdı.

Sonra iclasın gündəliyində duran məsələlər müzakirə edildi.

T.Kərimova Qadınlar Şurasının ötən üç ay ərzindəki fəaliyyəti haqqında məlumat verdi. Qeyd olundu ki, Şura üzvləri 15 İyun Milli Qurtuluş Günü və 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibətilə cəbhə bölgəsini və işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini ziyarət etmiş, Lələtəpə yüksəkliyinə yaxın ərazidə Şükürbəyli kəndində yerləşən N saylı hərbi hissədə əsgərlərlə, eləcə də məlum Aprel hadisələri zamanı Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində 25 il düşmənlə həmsərhəd yaşayan Oqtay Həziyevin ailəsi ilə görüşmüşlər. Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının İdarə Heyətinin üzvlərinin iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Alxanlı kəndini minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən 2 yaşlı Zəhranın və nənəsi Sahibə Quliyevanın ailəsinin dərdinə, kədərinə şərik olduğunu ürək ağrısı ilə qeyd edən T.Kərimova məlumat verdi ki, bununla əlaqədar olaraq, Qadınlar Şurasının İdarə Heyətinin üzvləri Füzuli rayonunun Alxanlı kəndində olublar, Sahibə Quliyeva və onun nəvəsi, 2 yaşlı Zəhra Quliyevanın məzarlarını ziyarət ediblər, yas mərasiminə qatılaraq mərhumların yaxınlarına başsağlığı veriblər. Bildirildi ki, YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının veteranı, qocaman pedaqoq Qönçə xanım Qasımovanın 90 illik yubileyi qeyd olunmuş, Müqəddəs Ramazan bayramı münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Səbail rayon şöbəsinin qeydiyyatında olan tənha, əlil, ahıl və kimsəsiz rayon sakinləri ilə görüş keçirilmiş və onlara bayram sovqatları təqdim olunmuşdur.

Sonra Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə “YAP və Azərbaycanın müasir gender siyasəti” mövzusunda “dəyirmi masa”nın keçirilməsi ilə əlaqədar təkliflər və digər cari məsələlər müzakirə olundu.