YAP Səbail “Caspian International” ərazi ilk partiya təşkilatında İdarə Heyətinin iclası keçirildi

Oktyabrın 24-də YAP Səbail “Caspian International” ərazi ilk partiya təşkilatının İdarə Heyətinin iclası keçirildi.

Gündəlik məsələlər çərçivəsində “Caspian International Hospital” klinikasında baş verən struktur dəyişiklikləri ilə əlaqədar ərazi ilk partiya təşkilatına yeni sədrin seçilməsi və partiya sıralarına qəbul olunmaq üçün daxil olmuş müraciətlərə baxılması müzakirə olundu.

İclasda YAP Səbail rayon təşkilatının Aparat rəhbəri dos. Zəfər Bayramov, “Caspian International Hospital” klinikasının direktoru t.ü.f.d. dos. İlham Qafarov və klinikanın Müşahidə Şurasının sədri dos. Ramin Bayramlı iştirak etdilər.

İclası açıq elan edən “Caspian International Hospital” klinikasının Müşahidə Şurasının sədri dos. Ramin Bayramlı bir neçə ay öncə Səbail rayon partiya təşkilatının nəzdində yaradılmış “Caspian International” ərazi ilk partiya təşkilatının ölkəmizin və rayonumuzun ictimai-siyasi həyatında fəal iştirakı və partiyanın ümumi işinə bu qısa müddətdə bəxş etmiş olduğu əsaslı töhfələr haqqında ətraflı danışdı. Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə yaranmış Yeni Azərbaycan Partiyasının Azərbaycandakı dövlət quruculuğu və ölkəmizin günü-gündən çiçəklənərək hazırki inkişaf səviyyəsinə yüksəlməsindəki misilsiz rolunu və partiya qurucularının fədakar əməyini yüksək qiymətləndirən Klinika Müşahidə Şurasının sədri YAP Səbail rayon təşkilatının bu istiqamətdəki fəaliyyətini xüsusi qeyd etdi. R.Bayramlı bildirdi ki, “Caspian International” ərazi ilk partiya təşkilatının üzvləri YAP-ın 25 illik yubileyi ilə əlaqədar Səbail rayon partiya təşkilatı tərəfindən keçirilən müxtəlif səpkili tədbirlərdə yaxından iştirak edirlər.

Dünyada hökm sürən sosial-iqtisadi kataklizmlərə baxmayaraq, Azərbaycanın iqtisadi inkişaf tempini yüksək dinamikliklə davam etdirdiyini vurğulayan R.Bayramlı ölkəmizdə qeyri-neft sektorunda həyata keçirilən məqsədli siyasətin gözəl nəticələri, bu siyasətin səhiyyə sistemində əks olunan müsbət töhfələri, bilavasitə ölkə başçısı, möhtərəm Prezidentimizin şəxsi iradəsi ilə reallaşan qlobal transmilli enerji və nəqliyyat layihələri haqqında geniş danışdı. Bildirildi ki, yaxın günlərdə açılışı gözlənilən Bakı-Tbilisi-Qars dəmiryolu tarixi İpək Yolunun dəmiryolu formatında reallaşması olacaqdır. Azərbaycan Respublikası Prezidentinin siyasi səriştəsi ilə ərsəyə gələn və nəhəng transmilli layihələr olan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurumdan sonra Azərbaycanın növbəti siyasi və iqtisadi qələbəsi kimi qeydə alınan Bakı-Tbilisi-Qars dəmiryolunun istifadəyə verilməsi əlbəttə ki, bu böyük layihədə iştirak edən müstəqil ölkələrin daha sıx siyasi və iqtisadi inteqrasiyasına rəvac verəcəkdir. Burada biz bir daha Azərbaycanın regionda böyük nüfuzu və söz sahibi mövqeyinin bariz ifadəsini görürük.

Ölkəmizdə qeyri-neft sektoru çərçivəsində həyata keçirilən genişmiqyaslı tədbirləri xüsusi qeyd edən R.Bayramlı səhiyyə sahəsində aparılan islahatlar, məcburi tibbi sığorta ilə bağlı görülən işlər, pilot layihələrin icra olunduğu xəstəxanalar sırasında “Caspian International Hospital” klinikasının aparıcı mövqeyi, ölkəmizin medikal-turizm mərkəzlərindən birinə çevrilməsi istiqamətində “Caspian International Hospital” klinikasının başlamış olduğu islahatlar haqqında geniş bəhs etdi. Bütün bu nailiyyətlərin ölkəmizdə formalaşmış ictimai-siyasi sabitlik və infrastrukturun inkişafı nəticəsində əldə olduğunu diqqətə çatdıran Klinika Müşahidə Şurasının sədri bildirdi ki, “Caspian International Hospital” klinikasının bütün kollektivi, burada çalışan həkimlər, mütəxəssislər və bütün tibbi personal iqtidarı və şəxsən cənab Prezident İlham Əliyevi və Yeni Azərbaycan Partiyasını qəlbən dəstəkləyir. Əminik ki, möhtərəm Prezidentimiz və partiya Sədrimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gələcəkdə də dayanıqlı inkişafını davam etdirəcək və sosial-iqtisadi inkişafın ən yüksək zirvələrini fəth edəcəkdir.

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev adından “Caspian International Hospital” klinikasının kollektivini və iclas iştirakçılarını salamlayan rayon partiya təşkilatının Aparat rəhbəri dos. Zəfər Bayramov respublikamızda səhiyyə sahəsində ən tanınmış və özünəməxsus dəsti-xətti ilə seçilən “Caspian International Hospital” klinikasında cari ilin aprel ayında təsis olunmuş ərazi ilk partiya təşkilatının yüksək səviyyədə fəaliyyətini xüsusi qeyd etdi. YAP Səbail rayon təşkilatının sıralarında 25 mindən çox partiya üzvünü birləşdirdiyini və nəzdində 115 ərazi ilk partiya təşkilatının fəaliyyət göstərdiyini diqqətə çatdıran Aparat rəhbəri YAP-ın 25 illik yubileyi ilə əlaqədar rayon partiya təşkilatı tərəfindən hazırlanmış geniş tədbirlər planı haqqında məlumat verdi.

Daha sonra gündəlikdə duran məsələr müzakirə olundu. Kollektivin rəyi nəzərə alınaraq, “Caspian International Hospital” klinikasının direktoru t.ü.f.d. dos. İlham Qafarovun YAP Səbail “Caspian International” ərazi ilk partiya təşkilatının sədri seçilməsi təklifi irəli sürüldü. Təklif yekdilliklə qəbul olundu. Partiya sıralarına qəbul olunmaq üçün müraciət edənlərin ərizələrinə baxıldı və müvafiq qərarlar qəbul olundu.

Yeni seçilmiş sədr dos. İlham Qafarov ona göstərilən etimada görə təşəkkürünü bildirdi. Çox dərin siyasi köklərə malik olan Yeni Azərbaycan Partiyasının nəinki ölkəmizin, bütün Cənubi Qafqazın ən güclü və mütəşəkkil ictimai-siyasi təşkilatı olduğunu, partiyamızın Ulu Öndərin müəyyən etdiyi dövlətçilik prinsiplərini rəhbər tutduğunu və öz sıralarında cəmiyyətimizin ziyalı və elit təbəqəsini cəmləşdirdiyini xüsusi qeyd edən İ.Qafarov bildirdi ki, YAP sözün əsl mənasında “xalqın partiyası”dır. 25 illik fəaliyyəti dövründə günü-gündən modernləşən və dinamik inkişaf edən müasir Azərbaycanın beynəlxalq arenada qazandığı nüfuz və siyasi-iqtisadi mövqeləri hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir. Bu baxımdan, ölkəmizin gələcəkdə də müstəqil inkişafı naminə Ulu Öndərin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti xanım Mehriban Əliyevanın yorulmaz və fədakar fəaliyyətinin dəstəklənməsi hər birimizin müqəddəs vətəndaşlıq borcumuzdur.

Sonda “Caspian International Hospital” klinikasının rəhbərliyi başda olmaqla bütün kollektivinə əmək və ictimai-siyasi fəaliyyətində ürəkdən uğurlar arzulayan Z.Bayramov bildirdi ki, üzümüzə gələn Prezident seçkilərində bütün partiya təəssübkeşləri möhtərəm Prezidentimiz və partiya Sədrimiz İlham Əliyevin siyasəti ətrafında sıx birləşməlidirlər. Bizlər birgə əməli fəaliyyətimizlə partiyamıza və Prezidentimizə sədaqətəmizi sübut etməli və istər ölkəmizdə, istər dünyada gedən çoxşaxəli ictimai-siyasi proseslərə hazır olmalıyıq.