YAP-ın 25 illik yubileyi ilə əlaqədar “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda “dəyirmi masa” keçirildi
25.10.2017Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümü və Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25 illik yubileyi münasibətilə Səbail rayon partiya təşkilatı və Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə oktyabrın 18-də “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda “dəyirmi masa” keçirildi.
“Dəyirmi masa”nın işində Milli Məclisin deputatları, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev və Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri prof. Hadi Rəcəbli, Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov, eləcə də YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvləri, partiyanın gənc fəalları, rayonun idarə, və təşkilatlarının nümayəndələri iştirak etdilər.
Tədbir Dövlət himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
“Dəyirmi masa” iştirakçılarını salamlayan Azərbaycan Milli Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru prof. Kərim Tahirov bildirdi ki, bu gün qeyd etdiyimiz hər iki əlamətdar hadisə ölkəmizin, xalqımızın taleyində mühüm dönüş nöqtəsi təşkil edir. “Dəyirmi masa”nın mövzusunun təsadüfən seçilmədiyini qeyd edən K.Tahirov diqqətə çatdırdı ki, istər Azərbaycanın dövlət müstəqilliyinin XX əsrin sonunda ikinci dəfə 1991-ci ilin 18 oktyabr tarixində bərpası, istərsə də ölkəmizin müasir siyasi palitrasına yeni nəfəs gətirən Yeni Azərbaycan Partiyasının 1992-ci ilin 21 noyabr tarixində təsis yığıncağının keçirilməsi görkəmli dövlət xadimi, dahi siyasətçi, Azərbaycan xalqının böyük oğlu Heydər Əlirza oğlu Əliyevin adı ilə bağlıdır. K.Tahirov bildirdi ki, bəşər tarixində ölkələrin, xalqların həyatında əhəmiyyətli rol oynayan, onların silinməsinə, yox olmasına imkan verməyən şəxsiyyətlər olub. Tarix boyu həmin şəxsiyyətin adı ölkənin, xalqın adı ilə qoşa çəkilib. Ulu Öndər Heydər Əliyev də məhz belə şəxsiyyətlərdən biridir və nə qədərki Azərbaycan var, Heydər Əliyevin adı və xalqımız, dövlətçiliyimiz üçün göstərdiyi misilsiz və əvəzolunmaz xidmətləri əsrlərin yaddaşında əbədi olaraq yaşayacaqdır.
K.Tahirov Ümummilli Liderin 1969-1982-ci illərdə Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrdə ölkəmizdə gördüyü genişmiqyaslı quruculuq işlərindən bəhs edərək vurğuladı ki, dahi rəhbərin hələ Sovetlər dönəmində milli tariximizin, mədəniyyətimizin, adət-ənənələrimizin bərpası, qorunması və təbliği istiqamətində imza atmış olduğu cahanşümul işlər məhz Azərbaycanın gələcək müstəqilliyinə hədəflənmişdi və hamımızın şahidi olduğumuz kimi, dövlətimizin müasir intibah mərhələsinin əsas təməlləri də o dövrdə uzaqgörən Liderimiz tərəfindən qoyulmuşdu. Bakı şəhərində hazırda da tarixi memarlıq abidəsi kimi qorunan digər çoxsaylı möhtəşəm binalar sırasında Milli Kitabxanın da mövcud binasının Heydər Əliyevin bilavasitə rəhbərliyi və qayğısı nəticəsində tikilib istifadəyə verilməsi, Ulu Öndərin daima maarifə, kitaba olan sevgisi və diqqətindən bəhs edən direktor xüsusi qeyd etdi ki, Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi Milli Kitabxananı dörd dəfə ziyarət etmiş və Ulu Öndərin hər gəlişi Kitabxana üçün əlamətdar olmaqla yanaşı, müsbət yöndə islahatların və mütərəqqi dəyişikliklərin baş verməsi ilə yadda qalmışdır. Ümummilli Liderin kitabların hər bir şəxsiyyətin, mütəxəssisin formalaşmasındakı müstəsna roluna verdiyi yüksək dəyəri xatırladan K.Tahirov diqqətə çatdırdı ki, Heydər Əliyev özünün şəxsi kitabxanasından seçilmiş kitablarını Milli Kitabxanaya hədiyyə etmişdir. Bu kitablar hazırda kitabxanada xüsusi qızıl fond kimi qorunur və səhifələrində Ulu Öndərin qeydlərinin həkk olunduğu bu qiymətsiz miras ən dəyərli sənət nümunələri kimi mütəmadi olaraq müxtəlif tədbir və xüsusi sərgilərdə nümayiş olunur.
Çıxışının sonunda bu gün qeyd olunan hər iki əlamətdar tarix münasibətilə tədbir iştirakçılarını bir daha ürəkdən təbrik edən kitabxana direktoru xüsusi qeyd etdi ki, biz bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Heydər oğlu Əliyevlə fəxr edirik və əminik ki, onun məharətli rəhbərliyi altında ölkəmiz və partiyamız bundan sonra daha parlaq uğurlara imza atacaqdır.
Çıxış edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı, prof. Şəmsəddin Hacıyev XX əsrin 90-cı illərinin əvvəllərini müasir Azərbaycanın milli dövlətçilik tarixinin ən ağır, mürəkkəb və ziddiyyətli dövrü kimi qiymətləndirdi. XX əsrin ən mühüm hadisələrindən biri olan SSRİ kimi nəhəng imperiyanın süquta uğramasının obyektiv və subyektiv səbəblərini təhlil edən deputat, 90-cı illərin əvvəllərində Azərbaycanda baş verən ziddiyyətli ictimai-siyasi hadisələr, qan yaddaşımıza, soy kökümüzə qayıdış prosesinin başlanması və xalqımızın milli oyanış mübarizəsi haqqında ətraflı danışdı.
Ötən il, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi toplantıda Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin mühüm tarixi sənəd kimi dəyərləndirilən nitqini xatırladan rayon partiya təşkilatının sədri, gənclərimizə həmin dövrdə cərəyan edən hadisələr haqqında tam təsəvvürə malik olmaq və dərk etmək üçün, cənab Prezidentin həmin nitqini bir daha diqqətlə oxuyub dərindən təhlil etməyi tövsiyə etdi.
Azərbaycanda müstəqil dövlət quruculuğu prosesini, ölkədə formalaşan ictimai-siyasi vəziyyəti xronoloji şəkildə dövrlər üzrə təhlil edən Ş.Hacıyev Ulu Öndərin 90-cı illərin əvvəllərindən müstəqillik yolunda atdığı ciddi addımlar, Heydər Əliyevin qanlı 20 Yanvar faciəsini törədənlərə qarşı öz ittihamlarını açıq şəkildə dünya ictimaiyyətinə bəyan etməsi, bu hadisədən sonra Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etməsi, Azərbaycana qayıdışı, Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi 1990-cı ilin noyabr ayında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək, “Sovet Sosialist” sözlərini oradan çıxarması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının o vaxt Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanın dövlət bayrağı kimi elan edilməsi, 1991-ci ilin əvvəllərində Sovet İttifaqının saxlanılmasına dair Azərbaycanda referendum keçirilən zaman Naxçıvanda Heydər Əliyevin təşəbbüsü ilə referendumun keçirilməməsi, 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaranmasına təkan verən hadisələr – “91-lər”in Heydər Əliyevə tarixi müraciəti, YAP-ın Naxçıvanda təsis konfransının keçirilməsi və Heydər Əliyevin partiyamızın ilk sədri seçiməsi barədə ətraflı danışdı. Qeyd etdi ki, dahi rəhbərin bu müdrik və son dərəcə cəsarətli qərarları əslində müstəqillik yolunda atılmış ilk addımlar və əsl müstəqillik tariximizin başlanğıcı oldu.
Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin təşəbbüskarı və banisi olduğunu xüsusi qeyd edən Ş.Hacıyev, həmin dövrdə ölkənin ictimai-siyasi həyatının istisnasız olaraq bütün sahələrini bürüyən dərin iqtisadi və siyasi böhran və tənəzzül, ərazilərin işğalı, 1 milyondan çox qaçqın və məcburi köçkünlər, işsizlik, hiperinflyasiya, dövlət strukturlarının iflic vəziyyətdə olması, bir sözlə ölkədə hökm sürən xaos vəziyyəti haqda konkret faktlar və rəqəmlərə istinad edərək geniş bəhs etdi. Diqqətə çatdırıldı ki, əgər belə bir mürəkkəb vəziyyətdə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, nəinki ölkənin düçar olduğu bu ağır vəziyyətdən çıxması, hətta Azərbaycanın müstəqil dövlət kimi varlığı belə böyük sual altında olardı.
1993-cü ilin iyunun 15-də Azərbaycan xalqının təkidli tələbi ilə xalqımızın dahi oğlu Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı hər şeyi kökündən dəyişdi. Heydər Əliyevə tarixən çox qısa bir müddət – sadəcə iki il lazım oldu ki, o, Azərbaycanı düçar olduğu bu ağır vəziyyətdən və bəlalardan xilas etsin. Bu iki il ərzində ölkəmizin yeni, demokratik prinsiplərə əsaslanan dövlətçilik sistemi quruldu, əsaslı iqtisadi, sosial və siyasi islahatlara başlanıldı, bazar iqtisadiyyatı institutları formalaşdırıldı, iqtisadi böhran cilovlandı, silahlı dəstələr ləğv edildi, döyüş qabiliyyətli nizami ordu yaradıldı, bütün dövlət idarəetmə strukturlarının fəaliyyəti bərpa edildi, ən başlıcası Azərbaycanın müstəqil dövlət olaraq parçalanmaq, məhv olmaq təhlükəsi aradan qaldırıldı. Yeni müstəqillik əldə etmiş Azərbaycan “Əsrin müqaviləsi” kimi nəhəng və qlobal müqaviləyə imza atdı. Hələ də iqtisadi və siyasi tənəzzül şəraitində olan, ərazisinin 20%-i işğal olunmuş, cəbhə bölgəsində silahlı provakasiyaların davam etdiyi, iqtisadi və siyasi risklərin çox yüksək olduğu bir ölkəyə 12 mlrd. dollar həcmində investisiya yatırılmasını, dünyanın ən aparıcı qlobal neft şirkətləri ilə Azərbaycan üçün sərfəli olan şərtlər daxilində müqavilə imzalamasını misilsiz nailiyyət kimi qiymətləndirən millət vəkili, xüsusi vurğuladı ki, bu investisiya yalnız neftə yox, Heydər Əliyev şəxsiyyətinə, ona olan inama, onun nüfuzuna, siyasi çəkisinə, xarici şirkətlərə təqdim etdiyi zəmanətə və etibara qoyulan investisiya idi. Bu tarixi müqavilənin imzalanması müstəqil Azərbaycan dövlətinin inkişafında və xalqımızın həyat səviyyəsinin yüksəldilməsində əsl dönüş nöqtəsi oldu. “Əsrin müqaviləsi”dən ötən bu 23 il ərzində transregional əhəmiyyətli bir çox enerji layihələrinin müəllifi və iştirakçısı olan Azərbaycanda yaradılmış uğurlu strateji əməkdaşlıq formatı, Azərbaycanın neft ixracatçısı kimi etibarlı beynəlxalq tərəfdaş imicinin və ölkədaxili ictimai-siyasi sabitliyimizin başlıca qarantı oldu. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi “İndi təsəvvür etmək çətindir ki, əgər 1994-cü ildə “Əsrin kontraktı” imzalanmasaydı, biz hansı vəziyyətlə üzləşə bilərdik. Biz bu gün müstəqil siyasət aparan ölkələrdənik. Bunun təməlində bizim həm güclü siyasi iradəmiz və iqtisadi müstəqilliyimiz dayanır. Biz heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir və müstəqil siyasət aparmaq imkanlarımız, ilk növbədə, iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanları da bizə “Əsrin kontraktı” yaratdı.” Bütün bunlar Ulu öndər Heydər Əliyevin uzaqgörənliyinin və müasir Azərbaycanın qurucusu olmasının ən bariz nümunəsidir.
Ümummilli Liderimizin Azərbaycan dövlətçiliyi üçün müqayisəolunmaz və müstəsna əhəmiyyət kəsb edən çoxsaylı xidmətləri haqqında geniş bəhs edən millət vəkili Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğunun təminatı olan 1995-ci il Konstitusiyasının qəbulunu xüsusi qeyd etdi. Hələ 1978-ci ildə o dövr üçün mütərəqqi idarəetmə strukturunun yaradılması, Azərbaycan dilinin dövlət dili elan olunması, Dağlıq Qarabağın statusu ilə bağlı müvafiq müddəaların əks olunduğu Azərbaycan SSR-nin Konstitusiyasının qəbulunu yalnız və yalnız Heydər Əliyevin intellekti, cəsarəti və təkidi nəticəsində ərsəyə gəldiyini bildirən Ş.Hacıyev xüsusi vurğuladı ki, bütün bu qeyd etdiklərimiz bir daha sübut edir ki, Heydər Əliyev tutduğu vəzifədən və işlədiyi dövrdən asılı olmayaraq hər zaman xalqını düşünən və canı ilə, qanı ilə Azərbaycana bağlı olan rəhbər idi. Belə bir Liderimizin olması Azərbaycan xalqının böyük xoşbəxtliyidir və hər bir azərbaycanlı üçün böyük fəxarət, ehtiram və qürur mənbəyidir.
Ş.Hacıyev vurğuladı ki, Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı ən böyük xidmətlərindən biri məhz sağlığında öz siyasi varisini formalaşdırması və Azərbaycanın taleyini onun özü qədər inandığı cənab Prezident İlham Əliyevə etibar etməsidir. Ulu Öndər Heydər Əliyev 2003-cü ilin Prezident seçkiləri ərəfəsində xalqa müraciəti zamanı yazırdı: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”
Deputat çıxışına davam edərək diqqətə çatdırdı ki, 2003-cü ildə ölkədəki ictimai-siyasi vəziyyət o qədər də əlverişli deyildi, bədxah qüvvələr fürsətdən istifadə edərək ölkədaxilində yenə çaxnaşmalar yaratmaq istəyirdilər, ordumuz zəif idi, idarəçilik institutları hələ tam formalaşmamışdı. Cənab İlham Əliyevin rəhbərliyi ilə ötən 14 il ərzində qeyd olunan bütün bu siyasi-iqtisadi risklər tamamilə aradan qaldırıldı, bu müddətdə İlham Əliyevin məharətli idarəçiliyi nəticəsində Azərbaycan hətta 30 ilə belə sığışmayan yüksək nailiyyətlər əldə etdi və müstəqil Azərbaycan şərəfli inkişaf yolunu bu gün də davam etdirir.
Rayon partiya təşkilatının sədri 2003-cü ildən etibarən möhtərəm Prezidentimiz və partiya Sədrimiz cənab İlham Əliyevin son dərəcə düşünülmüş, uğurlu və cəsarətli siyasəti nəticəsində Azərbaycanın tamamilə yeni, möhtəşəm və misilsiz uğurlara imza atması, ölkəmizin beynəlxalq arenada siyasi və iqtisadi nüfuzunun yüksəlməsi, Azərbaycanın Cənubi Qafqazın lider ölkəsinə çevrilməsi, dövlətimizin Cənub Qaz Dəhlizi, TANAP, TAP, Bakı-Tbilisi-Qars kimi nəhəng layihələrin təşəbbüskarı və bilavasitə iştirakçısı olması və Vətənimizin istisnasız olaraq iqtisadiyyatın, mədəniyyətin, idmanın bütün sahələrində qüdrətinin günü-gündən artması haqqında ətraflı danışdı. Qeyd olundu ki, ölkəmizdə dahi Heydər Əliyevin əbədiyaşar ideyaları və siyasəti uğurla davam etdirilir və bu siyasət bizi gələcəkdə daha böyük uğurlara aparacaqdır. Cari ilin 14 sentyabr tarixində “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin 2050-ci ilə qədər uzadılması, valyuta ehtiyatlarımızın ilin əvvəlindən 4,5 milyard dollar artaraq 42 milyard dollar səviyyəsinə yüksəlməsi, valyuta ehtiyatlarının ölkə ÜDM-dən 6 dəfəyə qədər yüksək olması, dövlətin xarici borcunun ÜDM-nin cüzi bir hissəsini təşkil etməsi, ölkə iqtisadiyyatına 8,3 miyard dollardan çox investisiya qoyulması, 226 min yeni iş yerlərinin yaradılması, xarici ticarət dövriyyəsinin 7 faiz artması və ticarət saldosunun 4,5 miyard dollar təşkil etməsi, qeyri-neft sektorunda əhəmiyyətli iqtisadi və sosial göstəricilərə nail olunması, Azərbaycanın beynəlxalq rəqabətqabiliyyətliyini əks etdirən reytinqinin 37-ci yerdən iki pillə yüksələrək dünyanın 140 ölkəsi arasında 35-ci yerdə qərarlaşmasına səbəb olmuşdur ki, bütün bunlar da birmənalı olaraq möhtərəm Prezidentimiz İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasəti, böyük idarəçilik məharəti nəticəsində mümkün olmuşdur.
Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusunun da günü-gündən gücləndiyini, ən müasir silahlarla təchiz olunduğunu vurğulayan millət vəkili bilidirdi ki, bütün bu dediklərimiz hər birimizdə Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin mütləq həllinə nail olacağımıza böyük inam yaradır.
Çıxışının sonunda Yeni Azərbaycan Partiyasının 25 il müddətində keçdiyi şərəfli inkişaf yolundan bəhs edən Ş.Hacıyev xüsusi qeyd etdi ki, partiya Sədrimiz, möhtərəm Prezidentimizin 14 il ərzində həyata keçirdiyi praqmatik, cəsarətli və Azərbaycan xalqının mənafelərinə xidmət edən siyasəti nəticəsində ölkəmizdə sarsılmaz xalq-iqtidar birliyi formalaşmışdır. Partiya üzvləri olaraq, bizim də hər birimizin vətəndaşlıq borcumuz Prezidentimizin ətrafında sıx birləşmək, onu bütün sahələrdə dəstəkləmək, qorumaq və ölkəmizin gələcək inkişafına, xalqımızın rifahının yüksəldilməsinə, milli mənafelərinin qorunmasına xidmət edən Heydər Əliyev, İlham Əliyev siyasətinin davamlı olması üçün öz töhfələrimizi verməkdən ibarətdir.
Ən elitar rayon partiya təşkilatlarından biri olan YAP Səbail rayon təşkilatına bugünkü tədbiri məhz elm, bilik, savad məbədində təşkil etdikləri üçün xüsusi təşəkkür edən YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru prof. Hadi Rəcəbli YAP-ın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından danışdı. Komitə sədri bildirdi ki, müstəqil Azərbaycanı qoruyan faktor məhz Heydər Əliyev şəxsiyyəti olub. Ümummilli Lider Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan müstəqil dövlət kimi qala bildi, inkişaf yoluna qədəm qoydu, gücləndi.
Sosial siyasət kimi qəliz bir sahədə Ulu Öndər Heydər Əliyevin yüksək bacarıq və məharətlə apardığı islahatlar, Azərbaycanın sosial siyasət bazasının formalaşdırılması və ölkəmizdə bu sahədəki idarəetmə institutlarının yaradılması prosesi haqqında danışan Komitə sədri diqqətə çatdırdı ki, Ümummilli Liderimizin dövlət quruculuğundakı ən təməl prinsiplərindən biri əhalimizin sosial rifahı və yaşayış şəraitinin ildən-ilə yaxşılaşması, özəlliklə cəmiyyətimizin xüsusi qayğıya ehtiyacı olan həssas sosial qruplarının daim diqqət və qayğı mərkəzində saxlanılması olmuşdur.
Ulu Öndərin əsasını qoyduğu siyasət bu gün Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sosial sfera son 13 ildə ölkəmizdə həyata keçirilən siyasətin prioritet istiqamətini təşkil edib. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, “Respublikamızda həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır”. Ən böyük dəyərimizin ölkəmizdə mövcud olan ictimai-siyasi sabitliyin olduğunu vurğulayan H.Rəcəbli bu istiqamətdə ardıcıl, düzgün və inamlı siyasət aparan möhtərəm Prezidentimiz İlham Əliyevi Çingiz Aytmatovun sözləri ilə “qloballaşan dünyanın müasir lider etalonu” adlandırdı. Məhz cənab İlham Əliyevin idarəetmə ustalığı, siyasi səriştəsi və şəxsi keyfiyyətləri nəticəsində Heydər Əliyev ideyaları bu gün Azərbaycançılıq təməlləri üzərində müasir dövrün çağırışlarına uyğun şəkildə təkmilləşir və Azərbaycan öz milli ənənələrini qoruyan dünyavi dövlət kimi inkişafını uğurla davam etdirir.
Çıxış edən YAP Səbail rayon təşkilatı sədrinin müavini Mehman İsmayılov Yeni Azərbaycan Partiyasının yaranmasında iştirak edən partiya təəssübkeşlərinin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı xidmətlərindən danışdı və bu partiya sıralarında yüksək əqidə və mənəviyyatla çalışıb dünyasını dəyişən bütün insanların əziz xatirəsini ehtiramla yad etdi. Dövlət gənclər siyasəti, Ulu Öndər Heydər Əliyev və onun siyasi varisi cənab İlham Əliyevin gənclərimizi daim diqqət və qayğı mərkəzində saxlaması haqqında bəhs edən M.İsmayılov bildirdi ki, bu gün Azərbaycanda yüksək potensiallı, intellektli və ən əsası dövlətinə, Prezidentinə sadiq gənclik formalaşmışdır.
YAP Səbail rayon təşkilatı İdarə Heyətinin üzvü prof. Vilayət Əliyev Yeni Azərbaycan Partiyası yarandığı gündən partiyanın Siyasi Şurasının üzvü olduğunu qeyd edərək bildirdi ki, Heydər Əliyevin böyüklüyü onun Azərbaycanın xilaskarı olmaq funksiyasının öhdəsindən məharətlə gəlməsində idi. Sovetlər dönəmində bilə özünəməxsus dəsti-xətti ilə seçilən Heydər Əliyevin xidmətləri Azərbaycanın heç bir tarixi şəxsiyyəti ilə müqayisə oluna bilməz. V.Əliyev diqqətə çatdırdı ki, əgər Heydər Əliyev Azərbaycanı dünyaya tanıdan dahi rəhbərdirsə, onun layiqli siyasi davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanın önəmini bütün dünyaya təsdiqlədən gənc və müasir dövrün Prezidentidir. Allah Prezidentimizi, Azərbaycanımızı qorusun!
Tədbirə yekun vuran Ş.Hacıyev qeyd etdi ki, Azərbaycanın zəngin yeraltı və yerüstü sərvətlərə və mühüm geostrateji mövqeyə malik olmaqla, çox əlverişli coğrafiyada yerləşməsi və tarixən Şərq və Qərb arasında körpü rolunu oynaması bu ərazilərdə əsrlər boyu böyük güclərin maraqlarının çarpazlaşmasına səbəb olmuşdur. Belə bir şəraitdə, həmin güclərin maraqlarının Azərbaycanın milli mənafelərinin prioritetliyi nəzərə alınmaqla balanslaşdırılmasının necə çətin və mürəkkəb şərtlər daxilində mümkün olduğuna diqqət çəkən deputat vurğuladı ki, Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki, onun son dərəcə praqmatik, situasiyaları düzgün qiymətləndirmək və öncədən proqnozlaşdırmaq qabiliyyəti ilə seçilən, böyük məharətlə balanslaşdırılmış siyasət yürüdə bilən və əsl liderlik xüsusiyyətlərini özündə cəmləşdirən rəhbəri var. Millət vəkili xüsusi qeyd etdi ki, Azərbaycanın beynəlxalq aləmdə günü-gündən güclənən siyasi mövqelərinin və artan nüfuzunun əsas sistemyaradan faktoru ölkəmizin bu gün bütün dünyaya tolerantlığı, multikulturalizm və humanizm ənənələrini təbliğ edən, dinlər və mədəniyyətlərarası dialoqu dəstəkləyən idarəçilik modeli təqdim etməsidir. Bakının I Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, 42-ci Ümumdünya Şahmat Olimpiadasına, güləş, boks, bədii gimnastika üzrə dünya çempionatlarına, voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinə və digər bu kimi möhtəşəm beynəlxalq idman tədbirlərinə böyük uğurla ev sahibliyi etməsi və bununla da, istər Avropada, istərsə də İslam dünyasında həmrəylik və dostluq əlaqələrinin möhkəmləndirilməsinə öz töhfələrini verməsi möhtərəm Prezidentimiz İlham Əliyev siyasətinə dünya ictimaiyyətinin göstərdiyi təqdirin ifadəsidir. Bu gün gənc, müasir Azərbaycan dövlətində xalqın milli mənafelərinə xidmət edən siyasət və bu siyasəti dəstəkləyən uğurlu Xalq-Prezident tandemi mövcuddur. Bizim yolumuz Heydər Əliyev yoludur, bizim yolumuz İlham Əliyev yoludur və bu yol bizi gələcəkdə daha parlaq qələbələrə aparacaqdır!
Sonda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunan Milli Kitabxananın bir neçə əməkdaşına partiya üzvlük vəsiqələri təqdim olundu.
Tədbirin videoyazısı
AzTV
SpaceTV
SəsTV