Azərbaycan Voleybol Federasiyasında YAP Səbail rayon təşkilatının yeni ərazi ilk partiya təşkilatı təsis olundu

Noyabrın 2-də Azərbaycan Voleybol Federasiyasında Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının yeni “Voleybolçular” ərazi ilk partiya təşkilatının təsis yığıncağı keçirildi.

Təsis yığıncağında Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev və Azərbaycan Voleybol Federasiyasının birinci vitse-prezidenti, voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev iştirak etdilər.

Yığıncaq iştirakçılarını ürəkdən salamlayan Faiq Qarayev Azərbaycanda voleybolun, xüsusilə qadın voleybolunun inkişafı, ölkə başçısı cənab İlham Əliyevin hələ Olimpiya komitəsinin prezidenti olduğu dövrlərdən başlayaraq voleybol idman növünə göstərdiyi diqqət və qayğıdan ətraflı bəhs etdi. Ölkəmizin ən güclü qadın voleybol komandaları olan “Rabitə”, “Azərreyl”, “İqtisadçı”, “Lokomotiv”, “Azəryol” və “Baktelekom” voleybol komandalarının əldə etdiyi möhtəşəm nailiyyətlərdən, Azərbaycan Voleybol Federasiyasının (AVF) bir çox beynəlxalq yarışlara uğurla ev sahibliyi etməsindən danışan F.Qarayev cari ilin 22 sentyabr – 01 oktyabr tarixlərində Bakı və Göygöl şəhərlərində Voleybol üzrə qadınlar arasında Avropa çempionatının (Avro-2017) final mərhələsinin 3 qrup oyununun, play-off mərhələsi oyunlarının və final oyununun yüksək səviyyədə keçirilməsini xüsusi qeyd etdi.

Azərbaycanda qadın voleybolunun parlaq gələcəyinə dair böyük ümidləri olduğunu vurğulayan AVF-nin birinci vitse-prezidenti bugünkü yığıncaqda iştirak edən millət vəkili Şəmsəddin Hacıyevə “İqtisadçı” voleybol klubunun prezidenti kimi uğurlu fəaliyyəti və Azərbaycan voleyboluna bəxş etdiyi töhfələrə görə bütün AVF kollektivi və voleybolçular adından təşəkkür etdi. Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Quba rayonundakı Tədris, idman və istirahət kompleksində voleybol yarışlarının təşkili üçün yaradılmış şərait, burada mövcud olan yüksək portativli və çoxfunksiyalı idman infrastrukturu haqqında danışan F.Qarayev bildirdi ki, bu gün ADİU-nun voleybol infrastrukturu bazası ölkəmizdə ən yüksək səviyyəli idman bazasıdır və sözün əsl mənasında Avropa standartlarına cavab verir. Avropa Voleybol Federasiyasının prezidenti və bir çox xarici ekspertlər Quba Tədris, idman və istirahət kompleksinin beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi edə biləcəyinə dair həmfikirdirlər. Bu yüksək potensialdan mütləq istifadə edilməsinin vacibliyinə diqqət çəkən F.Qarayev ölkəmizdə uşaq voleybolunun inkişafına göstərilən diqqət və qayğını da xüsusi qeyd etdi.

Daha sonra bu gün AVF-də Səbail rayon partiya təşkilatı nəzdində yeni ərazi ilk partiya təşkilatının təsis olunması münasibətilə AVF-nin bütün kollektivini təbrik edən F.Qarayev onlara ictimai-siyasi fəaliyyətlərində uğurlar arzuladı. Qeyd olundu ki, Yeni Azərbaycan Partiyasına üzv olan hər kəs partiya ruhunu, vətəndaşlıq məqsəd və vəzifələrini qəlbən duymalı və yaşatmalıdır. Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu və bu gün möhtərəm Prezident cənab İlham Əliyevin Sədr olduğu partiyaya üzv olmaq çox şərəfli və məsuliyyətli məsələdir. AVF-nin kollektivi Ümummilli Liderimizin ideyalarına sədaqətlə xidmət edir və cənab Prezidentimizin daxili və xarici siyasətini cani-könüldən dəstəkləyirlər.

Çıxış edən prof. Şəmsəddin Hacıyev ölkəmizdə qadın voleybolunun inkişaf tarixi, Azərbaycan voleybol məktəbinin İnna Rıskal, Alla Həsənova kimi dünyaşöhrətli yetirmələri, eləcə də Faiq Qarayevin istər Türkiyə voleybolunda, istərsə də milli voleybolumuzun dirçəlməsindəki misilsiz rolu haqqında danışdı. Deputat qadın voleybolçularımızın son Avropa çempionatında (Avro-2017) qazandığı möhtəşəm nailiyyətlər münasibətilə Faiq Qarayev başda olmaqla bütün voleybolçularımızı, AVF əməkdaşlarını səmimi qəlbdən təbrik etdi.

Ş.Hacıyev Azərbaycanın müstəqilliyinin ilk illərində ölkəmizdə formalaşmış son dərəcə mürəkkəb ictimai-siyasi vəziyyət, Yeni Azərbaycan Partiyasının ən çətin, mürəkkəb və ziddiyyətli mübarizə dövründə yaradılması və Heydər Əliyevin partiyamızın ilk Sədri seçilməsi, YAP-ın qısa müddət ərzində iqtidar partiyasına çevrilməsi, müasir Azərbaycanın qurucusu və memarı olan Ulu Öndərimizin hakimiyyətə gəlməsi və Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın əldə etdiyi tarixi nailliyyətlər haqqında geniş məlumat verdi. Daha sonra millət vəkili möhtərəm Prezidentimiz İlham Əliyevin yüksək idarəçilik məharəti nəticəsində ölkəmizdə ildən-ilə müşahidə olunan uğurlu və dinamik inkişaf, Azərbaycanın imza atdığı nəhəng enerji-infrastruktur layihələri, ölkəmizin siyasi və iqtisadi nüfuzunun hər keçən gün daha da yüksəlməsi barədə ətraflı danışdı.

Müstəqil Azərbaycan dövlətinin əldə etdiyi bütün uğurlarda Yeni Azərbaycan Partiyasının özünəməxsus rolu olduğunu qeyd edən millət vəkili diqqətə çatdırdı ki, Cənubi Qafqazın ən böyük ictimai-siyasi təşkilatı olan YAP bu gün öz sıralarında 700 mindən çox partiya üzvünü cəmləşdirib, partiyamızın yarısından çoxu gənclər, 44%-i qadınlardır. Günü-gündən sıraları genişlənən və istər kəmiyyət, istər keyfiyyət baxımından inkişaf edən YAP sözün əsl mənasında dünənimizin, bu günümüzün və sabahımızın partiyasıdır.

YAP Səbail rayon təşkilatının fəaliyyəti haqqında da geniş məlumat verən təşkilat sədri Azərbaycan Voleybol Federasiyasının ərazi ilk partiya təşkilatı təsisi təşəbbüsü ilə çıxış etməsini ürəkdən alqışladı və yeni təşkilatın bütün üzvlərinə fəaliyyətlərində uğurlar arzuladı. Sədr bildirdi ki, YAP Səbail rayon təşkilatı olaraq, yeni yaradılan özək təşkilata əlimizdən gələn hər cür köməklik göstərməyə hazırıq və əminik ki, Voleybol Federasiyasının kollektivi həmişə olduğu kimi, bundan sonra da rayonumuzun və respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak edəcək və idman sahəsində daha böyük uğurlara imza atacaqdır.

Yığıncağın davamında “Voleybolçular” ərazi ilk partiya təşkilatı təsis olundu və təşkilatın İdarə Heyətinin üzvləri, sədri və sədrin müavinləri seçildi.

Yeni seçilmiş ilk ərazi təşkilatının sədri, Azərbaycan Voleybol Federasiyası prezidentinin müşaviri Əbülfəz Hüseynov ona göstərilən yüksək etimada görə təşəkkür edərək bildirdi ki, cənab Prezident İlham Əliyevin voleybolumuza daima göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir ki, AVF əməkdaşları burada ərazi ilk partiya təşkilatının təsis olunması ilə bağlı təşəbbüslə çıxış etmişlər. Hər kəsin bugünkü yığıncaqda böyük həvəslə iştirak etdiyini xüsusi qeyd edən Ə.Hüseynov diqqətə çatdırdı ki, partiyamıza olan bu yanaşma AVF kollektivinin Ulu Öndərimizə və möhtərəm Prezidentimizə olan sarsılmaz inamı və sonsuz məhəbbətindən irəli gəlir.

Yığıncaq YAP Səbail rayon təşkilatı və Azərbaycan Voleybol Federasiyası arasında gələcək əməkdaşlıq və birgə layihələrin maraqlı müzakirəsi ilə yekunlaşdı.