YAP Səbail rayon təşkilatı İdarə Heyətinin növbəti iclası keçirildi

Noyabrın 3-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının İdarə Heyətinin iclası keçirildi.

Rayon təşkilatının İdarə Heyəti üzvlərinin və ərazi ilk partiya təşkilatları nümayəndələrinin iştirak etdiyi iclasa YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev sədrlik edirdi.

İclası açıq elan edən Sədr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi uzaqgörən və qətiyyətli siyasət nəticəsində cari ilin sentyabr-oktyabr aylarında reallaşan və Azərbaycanın gələcək inkişafı üçün böyük üfüqlər, yeni imkanlar açan mühüm enerji-infrastruktur layihələrinin ölkəmiz, regionumuz və bütün dünya iqtisadiyyatı üçün tarixi əhəmiyyəti haqqında geniş məlumat verdi. Millət vəkili “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan və faktiki “Əsrin Müqaviləsi”nin davamı olub “XXI əsrin Kontraktı” kimi qiymətləndirilən 14 sentyabr Sazişinin imzalanmasını və 30 oktyabr tarixində Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını, eləcə də Tehranda Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli Zirvə görüşünün keçirilməsini Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazılmış mühüm geostrateji hadisələr kimi qiymətləndirdi.

Azərbaycanda neft-qaz sənayesi inkişafının “uğurlar xronologiyası”na nəzərə salan Sədr “Əsrin Müqaviləsi”nin bitməsinə 7 il qalmış belə bir böyük transmilli layihənin vaxtının uzadılmasının obyektiv səbəblərini təhlil etdi. Ş.Hacıyev diqqətə çatdırdı ki, Azərbaycanın artıq uzun illərdir ki, bu kimi qlobal layihələrdə və ümumiyyətlə ikitərəfli və çoxtərəfli münasibətlərdə özünü etibarlı tərəfdaş kimi sübut etməsi, zəngin karbohidrogen resursları olan ölkəmizin mövcud bazar konyukturasında vəd etdiyi mənfəət üstünlükləri, beynəlxalq arenadakı müsbət siyasi və iqtisadi imici, dünya birliyinin Prezidentimizə, Azərbaycan iqtidarına olan inamı və etibarı bu nəhəng müqavilənin ökəmiz üçün ən əlverişli şərtlərlə imzalanmasında əsas rol oynayan faktorlar olmuşdur. Qeyd olundu ki, “Əsrin müqaviləsi”nin icra müddətində hasil olunub dünya bazarına çıxarılan 420 mln. ton neft ölkəmizə 125 mlrd. dollar həcmində gəlir təmin etmişdisə, hazırda “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun neft ehtiyatı 520 mln. ton olaraq qiymətləndirilir, bu isə Azərbaycan üçün yaxın 30 ildə 150-160 mlrd. dollar həcmində gəlir deməkdir. Öncəki müqavilə ilə müqayisədə Azərbaycan üçün daha üstün şərtlərlə imzalanan 14 Sentyabr 2017-ci il Sazişini Ulu Öndər Heydər Əliyevin “Neft strategiyası”nın və İlham Əliyev siyasətinin böyük təntənəsi adlandıran deputat vurğuladı ki, bu Saziş ən azı 2050-ci ilədək ölkəmizin dayanıqlı, dinamik və çoxşaxəli iqtisadi inkişafı üçün möhkəm platforma və iqtisadi əsaslar yaradır.

Çıxışının davamında Ş.Hacıyev Bakı-Tbilisi-Qars dəmir yolunun açılışının ölkəmiz üçün önəmi və bu möhtəşəm layihənin siyasi-iqtisadi aspektləri haqqında danışdı. Sədr bildirdi ki, Azərbaycanın bilavasitə siyasi, iqtisadi və maliyyə dəstəyi ilə reallaşdırılan bu qlobalmiqyaslı layihə ölkəmizin beynəlxalq aləmdə nüfuzunun, siyasi və iqtisadi qüdrətinin göstəricisi olmaqla yanaşı, respublikamıza böyük siyasi və iqtisadi dividendlər gətirəcək. Bakı-Tbilisi-Qars dəmir yolunu XXI əsrin bəlkə də ən nəhəng transkontinental infrastruktur layihəsi kimi qiymətləndirən deputat, layihənin texniki və iqtisadi parametrləri haqqında müqayisəli təhlillər apararaq ətraflı məlumat verdi. Qeyd olundu ki, Avrasiya məkanında hazırda mövcud olan daşınma marşurutları Çindən Rusiya və Qazaxıstan vasitəsilə Avropaya keçən Yivu-London dəmir yolu, eləcə də Rusiyanın Transsibir və Baykal-Amur magistrallarıdır. Cənubdan alternativ dəniz yolu marşurutu isə yüklərin Hind Okeanı və Süveyş kanalından keçməklə Almaniya limanlarına 30-35 gün ərzində çatdırılmasıdır. Beləliklə, Bakı-Tbilisi-Qars dəmir yolu yüklərin və sərnişinlərin Asiyadan Qərbi Avropaya 10 gün müddətində çatdırılmasını təmin etməklə, digər magistrallarla müqayisədə 2 dəfə daha tez, dəniz yolu marşurutu ilə müqayisədə isə 4 dəfə daha tez çatdırılma təklif edir. Bakı-Tbilisi-Qars dəmir yolunun xidmətlərin vaxtında və fasiləsiz yerinə yetirilməsi, iştirakçı dövlətlər arasında qarşılıqlı sərmayə qoyuluşunun artması, xəttin keçdiyi ölkələrdə tranzit və turizm potensialının yüksəlməsi və yeni iş yerlərinin açılması kimi sosial-iqtisadi dividendlər vəd edildiyi qeyd olundu. Rayon partiya təşkilatının sədri xüsusi vurğuladı ki, Azərbaycan bu tarixi geostrateji layihəyə imza atmaqla işğalçı Ermənistan üzərində daha bir siyasi qələbəsini qazandı. Möhtərəm Prezidentimiz müəyyən dairələrin və güclərin təzyiq və təhdidlərinə baxmayaraq, son dərəcə cəsarətli, müstəqil və milli mənafelərimizi qoruyan siyasəti ilə rəzalət içində olan Ermənistanı bu kimi qlobal layihələrdən tamamilə təcrid etmişdir və bu mənada Bakı-Tbilisi-Qars dəmir yolu işğalçı Ermənistan dövlətinin siyasi və iqtisadi blokadasını daha da kəskinləşdirəcəkdir. Ş.Hacıyev xüsusi qeyd etdi ki, möhtəşəm Bakı-Tbilisi-Qars layihəsinin təşəbbüsçüsü də, həyata keçirilməsinin əsas dəstəkçisi də məhz Azərbaycan dövləti və İlham Əliyev şəxsiyyətidir.

Daha sonra, Sədr bir neçə gün öncə noyabrın 1-də Tehranda keçirilmiş Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli Zirvə görüşünün əhəmiyyəti və nəticələri haqqında danışdı. Azərbaycan, İran və Rusiya arasında mövcud olan üçtərəfli və yüksək səviyyəli münasibətlərin neft-qaz, elektroenergetika və nəqliyyat sahəsində strateji əməkdaşlığın inkişaf etdirilməsi, ölkələrimiz arasında ticarət dövriyyəsinin və qarşılıqlı sərmayə qoyuluşunun artırılmasına xidmət etdiyini diqqətə çatdıran deputat bildirdi ki, bu çoxtərəfli əməkdaşlıq formatının daha da möhkəmləndirilməsi, regionda təhlükəsizliyin, sabitliyin, iqtisadi inkişafın təmin olunması, Xəzər dənizinin statusunun ilin sonuna kimi həll olunmasına dair razılığın əldə olunması, eləcə də Şimal-Cənub nəqliyyat dəhlizinin hazırlıq prosesinin tamamlanması məsələlərinin müzakirəsi Zirvə görüşündə əldə olunmuş ən mühüm nəticələrdir. Millət vəkili “Şimal-Cənub” beynəlxalq dəhlizinin Azərbaycanın dünyadakı strateji nəqliyyat qovşağı mövqelərini daha da möhkəmləndirəcəyini vurğulayaraq diqqətə çatdırdı ki, dünyanın iki böyük qitəsini Azərbaycandan keçməklə birləşdirən bu dəhliz yalnız dəmir yolundan ibarət deyil. “Şimal-Cənub” nəqliyyat dəhlizinin strukturuna avtomobil və dəniz yolları da daxildir. Üç böyük su hövzəsini birləşdirən bu strateji koridor Azərbaycandan keçməklə reallaşacaq və yüklərin tranzit keçidi təmin olunacaqdır. Hər üç istiqamətdə Azərbaycan aparıcı rola malikdir. Hindistanın Mumbai limanından Avropa istiqamətinə daşınan yüklər Xəzər dənizinə və Qara dənizin Rusiya və Gürcüstan limanlarına, oradan isə Türkiyə və Şərqi Avropaya daşınacaqdır. Bunun üçün İranın və Azərbaycanın Xəzər sahilində lazımi infrastruktur mövcuddur. İranın Ənzəli limanı ilə Bakının Beynəlxalq Ticarət Limanı arasında gəmilər sərbəst şəkildə üzə bilər. Bundan başqa Ənzəlidən çıxan gəmilər Azərbaycanın ərazi sularından keçməklə Rusiyanın Həştərxan limanına rahat keçmək imkanına malikdir. Avtomobil yolları da xüsusi əhəmiyyət kəsb edir. Asiyadan gələn yüklər İranın Bəndər-Abbas limanından dəmir yolu ilə Bakıya, sonra yük maşınları ilə Gürcüstanın Batumi limanına, oradan da gəmilərlə Şərqi Avropa ölkələrinin Qara dəniz sahillərindəki limanlarına çatdırılır. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin Bakı-Tbilisi-Qars dəmir yolu ilə inteqrasiyası nəticəsində bu layihələrin sözün əsl mənasında qlobal əhəmiyyətli nəqliyyat dəhlizi yaradacağını xüsusi qeyd edən Sədr bildirdi ki, bu nəhəng infrastruktur layihələri istər Azərbaycan, istərsə də bütövlükdə Avrasiya ölkələri üçün çox böyük iqtisadi dividendlər təmin edəcəkdir.

Çıxışının sonunda Ş.Hacıyev qeyd edilən hər üç layihəni Azərbaycan dövlətinin, Azərbaycan xalqının və Azərbaycan Respublikası Prezidentinin böyük uğuru kimi dəyərləndirdi. Sədr ölkəmizdə möhkəm və sarsılmaz xalq-iqtidar birliyinin mövcud olduğunu vurğulayaraq, qeyd etdi ki, bütün bu uğurlar cənab Prezidentin bütün qərarlarında xalqımıza arxalanması, Azərbaycan xalqının da Heydər Əliyev, İlham Əliyev siyasətini ürəkdən dəstəkləməsi və vətəndaşlarımızın ölkə başçısına olan inamı və sevgisi ilə izah oluna bilər.

Digər çıxışlarda da Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasətini uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın qazandığı nailiyyətlərdən söhbət açıldı. Bu uğurların əldə olunmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu xüsusi vurğulandı.

Sonra iclasın gündəliyində duran məsələlər müzakirə edildi.

Rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında görülmüş işlər haqqında məlumatlar dinlənildi. “İstehlakçı hüququ müdafiəçiləri” (İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti) ərazi ilk partiya təşkilatının sədri Firudin Vəliyev, “Enerjitikinti mütəxəssisləri” (Azərenerjitikinti-30” SC) ərazi ilk partiya təşkilatının sədri Tahir Kazımov, “Xəbərlər ajansı” (Azərbaycan Dövlət İnformasiya Agentliyi) ərazi ilk partiya təşkilatının sədr müavini Elvin Mövsümov “Şeyx Şamil 30” ərazi ilk partiya təşkilatının sədr müavini Səid Abbasov təşkilatlarında görülən işlər haqqında məlumatlarla çıxış etdilər. Məlumatlar nəzərə alındı.

İclasın davamında Azərbaycan Voleybol Federasiyasında yeni təsis olunan “Voleybolçular” ərazi ilk partiya təşkilatının müraciətinə baxıldı və təşkilatın qeydiyyata alınması barədə qərar qəbul edildi.

Sonda cari məsələlər müzakirə edildi.