“YAP və müasir Azərbaycan gəncliyi: nailiyyətlər və perspektivlər” mövzusunda “dəyirmi masa” keçirildi
12.11.2017Noyabrın 6-da Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının qərargahında “YAP və müasir Azərbaycan gəncliyi: nailiyyətlər və perspektivlər” mövzusunda “dəyirmi masa” keçirildi. “Dəyirmi masa”nın işində partiya sıralarında fəaliyyət göstərən, rayonunun idarə və müəssisələrini təmsil edən Səbail gəncləri və tələbələr iştirak etdilər.
Gənclərlə növbəti dəfə görüşdən son dərəcə məmnun olduğunu ifadə edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev məlumat verdi ki, bugunkü “dəyirmi masa” Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi ərəfəsində Səbail rayon partiya təşkilatı tərəfindən nəzərdə tutulan tədbirlər planına uyğun həyata keçirilir.
Çıxış edən millət vəkili Azərbaycanda müstəqil dövlət quruculuğu tarixi, YAP-ın yaranması, partiyanın yaranmasından ötən 25 il ərzində əldə olunan uğurlar, bu nailiyyətlərdə gənclərin əvəzolumaz rolu, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti, eləcə də müasir Azərbaycan gəncliyinin gələcək vəzifələri və hədəfləri haqqında ətraflı danışdı. Gənclərin hər bir ölkənin inkişafında və baş verən ictimai-siyasi proseslərdə özünəməxsus rola və yerə sahib olduqlarını diqqətə çatdıran Ş.Hacıyev qeyd etdi ki, Azərbaycan gəncləri istər müstəqilliyimizin ilk dövrlərində, istərsə də inkişafın müasir mərhələsində cəmiyyətimizdə baş verən bütün ictimai-siyasi proseslərin və yeniliklərin mərkəzindədirlər və ölkəmizin gələcəyi məhz gənclərimizin nə dərəcədə intellektli, savadlı olması, öz xalqına, dövlətçiliyinə bağlı yetişməsi, ən yeni siyasi tariximizi, müstəqil Azərbaycan Respublikasının keçdiyi inkişaf yolunu dərindən öyrənib dərk etməsindən asılıdır.
Müstəqillik tariximizə konkret dövrlər üzrə ekskurs edən deputat, möhtərəm Prezidentimiz İlham Əliyevin “dövlətçilik tariximizin ən biabırçı və üzqarası illəri” adlandırdığı 1991-1992 və 1993-cü ilin birinci yarısında ölkəmizdə baş verən hadisələr, müasir Azərbaycanın xilaskarı və qurucusu olan Ulu Öndər Heydər Əliyevin iyun ayında hakimiyyətə gəlməsi ilə ölkəmizin parçalanmaq və tamamilə yox olmaq təhlükəsindən xilas olaraq, qurtuluş yoluna və intibah mərhələsinə qədəm qoyması haqqında geniş məlumat verdi. 1992-ci ildə 91 nəfər Azərbaycan ziyalılarının Ulu Öndərimizə tarixi müraciətini, YAP-ın 1992-ci ilin 21 noyabr tarixində Naxçıvanda təsis konfransının keçirilməsini və Heydər Əliyevin partiyamızın ilk Sədri seçilməsini Ümummilli Liderimizin hakimiyyətə gəlməsi və müstəqil Azərbaycanı siyasi və tarixi arenadan silinməsinin qarşısını alması uğrunda atılmış ən mühüm addımlar kimi dəyərləndirən rayon partiya təşkilatının sədri xüsusi qeyd etdi ki, Ulu Öndər çox qısa bir müddətdə cəmiyyətin idarə olunmasını düzgün istiqamətə yönəltdi. Hakimiyyətdə olduğu on il ərzində Heydər Əliyevin müstəqil Azərbaycanı tənəzzül və xaos vəziyyətindən yüksəliş yoluna çıxartdığını və ölkəmizin müasir sosial-iqtisadi inkişafını təmin edən əsaslı təməllər formalaşdırdığını xüsusi qeyd edən Ş. Hacıyev bildirdi ki, Ulu Öndər bu dövr ərzində müstəqil Azərbaycanın Konstitusiyasının qəbulu, unitar dövlətin formalaşdırılması, 1994-cü ildə möhtəşəm tranmilli neft sazişi olan “Əsrin müqaviləsi”nin imzalanması, cəmiyyət həyatının bütün sahələrində əsaslı sosial-iqtisadi islahatlara başlanılması kimi misilsiz nailiyyətlərə imza atdı.
Ş.Hacıyev çıxışını davam etdirərək, 2003-cü ildən etibarən Azərbaycanın müstəqil dövlətçilik tarixində tamamilə yeni dövrün başlanması, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında görülən genişmiqyaslı və çoxşaxəli işlər, ölkəmizin son illərdə əldə etdiyi yüksək nailiyyətlər və bu nailiyyətlərin əldə olunmasında Yeni Azərbaycan Partiyasının və xüsusilə Azərbaycan gəncliyinin özünəməxsus rolundan ətraflı bəhs etdi. Gənclər siyasətinin istər xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, istərsə də ölkə başçımız cənab İlham Əliyevin prezidentlikləri dövründə Azərbaycanda dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birini təşkil etdiyini qeyd edən millət vəkili vurğuladı ki, Ulu Öndərin gənclərlə bağlı başlatdığı bu siyasət bu gün də tamamilə yeni əsaslarda, yeni keyfiyyət müstəvisində eyni həssaslıq, qayğı və diqqətlə davam etdirilir. Deputat bildirdi ki, “Heydər Əliyev Azərbaycan gəncliyinə daim böyük diqqət yetirib. Dahi rəhbərin zəngin dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Ulu Öndər hakimiyyətdə olduğu hər iki dövrdə Azərbaycan gənclərinin müasir tələblərə cavab verən, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşması üçün mühüm işlər görmüşdür. Məhz Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı. 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirildi. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Ümummilli Lider Heydər Əliyev “2 fevral – Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında” Sərəncam imzaladı. Bundan sonra MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq, məhz Azərbaycanda “Gənclər Günü” dövlət səviyyəsində qeyd olunmağa başlandı. Məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən ilk dəfə olaraq müstəqil Azərbaycanın dövlət gənclər siyasəti formalaşdırıldı. Əsası Ulu Öndərimiz tərəfindən qoyulan bu siyasət bu gün də möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilir. Hazırda dövlət siyasətinin üç əsas prioriteti varsa, onlardan biri gənclərlə bağlıdır. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu gənclərimizin inkişafı üçün gözəl şərait yaratmaqla gənclərimizə stimul və dəstək xarakterli çoxsaylı mükafatlar, təqaüdlər, xaricdə təhsil fürsətləri təqdim edir. Hazırda ölkəmizdə 250-dən çox gənclər təşkilatı fəaliyyət göstərir, respublikamızda elə bir rayon yoxdur ki, orada gənclər evi, gənclər mərkəzləri olmasın, şəhərlərimizin, kəndlərimizin bütün məktəblərində gənclərimizin özünüinkişafı, lazımi biliklər əldə etmələri, kompyuter texnologiyalarına və xarici dillərə yiyələnmələri, biznes fəaliyyəti ilə sərbəst məşğul olmaları və s. üçün hər cürə imkanlar yaradılmışdır.”
Çıxışının davamında Ş.Hacıyev dünyada, yaxın coğrafiyamızda baş verən geosiyasi və geoiqtisadi hadisələr, 2008-ci ildən sonra müxtəlif dalğalarla davam edən iqtisadi böhran, lokal miqyasda müşahidə olunan dağıdıcı müharibələr, neftin dünya qiymətindəki balanssızlıq fonunda müasir Azərbaycanın dinamik inkişafını əks etdirən əsas sistemyaradan faktorları müqayisəli təhlil etdi. Prezident İlham Əliyevin məhz düşünülmüş uğurlu siyasət nəticəsində regionun lider dövlətinə çevrilən Azərbaycanın qazandığı uğurlardan, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən nəhəng transmilli layihələrdən danışan rayon partiya təşkilatının sədri bildirdi ki, Azərbaycan əhalisi və ərazisinə görə kiçik dövlət hesab olunsa da, ölkəmizin siyasi və iqtisadi nüfuzu, Azərbycanın regiondakı çəkisi günü-gündər artır. Dövlətimizdə xalq-iqtidar birliyi çox yüksək səviyyədədir, ölkə başçısının apardığı düzgün, cəsarətli, əsaslandırılmış və xalqımızın mənafeyinə xidmət edən siyasət xalqımızı xoşbəxt və firavan gələcəyə, gənclərimizi işıqlı sabahlara aparır. Deputat Azərbaycanın təşəbbüsü və bilavasitə rəhbərliyi ilə reallaşan qlobal layihələr sırasında bu ilin sentyabr ayının 14-də Bakıda imzalanan “Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənməsinə dair Sazişin, tarixi əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars “Dəmir İpək Yolu”nun açılışının və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasının dünya iqtisadiyyatına, regionumuza və ölkəmizə vəd etdiyi çoxsaylı töhfələr haqqında ətraflı danışdı. İşğalçı Ermənistanın bütün bu qlobal layihələrdən tamamilə təcrid olunmasını İlham Əliyev siyasətinin çox böyük geosiyasi qələbəsi kimi qiymətləndirən Ş.Hacıyev vurğuladı ki, bu faktın özü sübut edir ki, Azərbaycan bu gün regionda söz sahibi olan dövlət kimi bütün dünyaya öz standardlarını təqdim edir. Dövlət başçısının uzaqgörənliklə reallaşdırdığı bu siyasətin həyata keçirilməsində gənclərin də üzərinə mühüm vəzifələr düşdüyünü xüsusi qeyd edən sədr bildirdi ki, bu gün Azərbaycanda çox əqidəli, savadlı, intellektli, dövlətinə, xalqına, Prezidentinə sədaqətlə bağlı olan gənclik var. Gənclərimiz daima möhtərəm Prezidentimizin yanında olmalı, müstəqil Azərbaycan Respublikasının daha da qüdrətlənməsi üçün bu gün ölkəmizdə aparılan siyasəti dəstəkləməlidirlər. “Biz gənclərimizə inanırıq” deyən millət vəkili “dəyirmi masa”nın işində iştirak edən gənclərin timsalında bütün Azərbaycan gənclərinə yüksək səviyyədə təhsil almağı, müasir texnologiyalardan səmərəli istifadə etməyi, bir neçə xarici dil öyrənməyi, sağlamlıqlarını qorumağı, tariximizi, milli-mənəvi dəyərlərimizi dərindən öyrənməyi, dövlətimizə, xalqımıza, Prezidentimizə sədaqətlə xidmət etmək kimi ali vəzifələrə daima sadiq olmalarını tövsiyə etdi. Ş.Hacıyev bildirdi ki, “XXI əsr türklərin əsri olacaq, Azərbaycanın siyasi, iqtisadi və maliyyə dəstəyi, cənab İlham Əliyevin şəxsi siyasi iradəsi nəticəsində ərsəyə gələn və yeni minilliyin layihəsi adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi bütün türk dövlətlərinin birliyinə və inteqrasiyasına böyük töhfələr verəcəkdir. İlham Əliyev siyasəti bizi inkişafa, siyasi-iqtisadi sabitliyə və rifaha aparan yoldur, bizlər də Prezidentimizin ətrafında sıx birləşərək Ulu Öndər Heydər Əliyev tərəfindən bizə əmanət edilmiş müstəqil Azərbaycanımızı, Vətənimizi, Dövlətimizi birlikdə qorumalıyıq.”
Çıxış edən YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin sədri Rəşad Fərəcov bildirdi ki, sabitlik diyarı kimi tanınan Azərbaycan uğurları ilə beynəlxalq aləmin diqqətini cəlb edir. Bu uğurlar gənclərimizdə böyük qürur hissi yaradır, onların daha səylə çalışmalarına stimul verir. Bu gün Azərbaycan gəncləri ictimai-siyasi fəallıq nümayiş etdirərək, Ümummilli Lider Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin dinamik inkişafının davamlılığını təmin etmək üçün üzərlərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirməyə çalışırlar.
Digər çıxışlarda da əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi sayəsində əldə olunan nailiyyətlərdən danışılıb. Çıxış edən Azərbaycan Respublikasının Energetika Nazirliyinin əməkdaşı Aygün Kazımova, Azərbaycan Dövlət Dəniz Akademiyasının Gənclər Birliyinin sədri Laçın Babayev və digərləri qeyd etdilər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan siyasət Azərbaycanı daha da qüdrətləndirmək, gücləndirmək, müasirləşdirmək məqsədinə xidmət edir. Bu istiqamətdə həyata keçirilən uğurlu dövlət siyasəti və əldə olunan nailiyyətlər Azərbaycan gəncliyini daha səylə çalışmağa ruhlandırır.
Tədbirin videoyazısı
SəsTV