Azərbaycan Bəstəkarlar İttifaqında YAP Səbail rayon təşkilatının yeni ərazi ilk partiya təşkilatı təsis olundu

Noyabrın 14-də Azərbaycan Bəstəkarlar İttifaqında Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının yeni “Bəstəkarlar” ərazi ilk partiya təşkilatının təsis yığıncağı keçirildi.

Təsis yığıncağında Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev və Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti prof. Firəngiz xanım Əlizadə iştirak etdilər.

Yığıncaq iştirakçılarını salamlayan prof. Firəngiz xanım Əlizadə məlumat verdi ki, hazırda Azərbaycan Bəstəkarlar İttifaqının 250-yə yaxın əməkdaşı Yeni Azərbaycan Partiyasının üzvüdür və onlar Bakı Musiqi Akademiyası, Milli Konservatoriya, Mədəniyyət və İncəsənət Universiteti, Bakı Xoreoqrafiya Akademiyası, Asəf Zeynallı adına Musiqi Kolleci, İncəsənət Gimnaziyası və digər qurumlarda fəaliyyət göstərən ərazi ilk partiya təşkilatlarının qeydiyyatındadırlar. F.Əlizadə Bəstəkarlar İttifaqında cəmləşmiş çoxsaylı peşəkar əməkdaşlar və musiqişünasların, eləcə də gənc istedadların Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik ideyalarına bağlı olduqlarını və bu ideyaların, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ölkəmizdə aparılan siyasətin ən sadiq və yorulmaz təbliğatçılarından olduqlarını diqqətə çatdırdı. Bildirildi ki, istər Ulu Öndər Heydər Əliyevin, istərsə də cənab İlham Əliyevin prezidentlikləri dövründə Azərbaycan mədəniyyətinə, incəsənətinə, musiqimizə dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilib və bu siyasi prioritet bu gün də eyni həssaslıqla davam etdirilir. Milli musiqimizin yaşadılması, qorunması və bütün dünyaya layiqincə təbliğ olunması istiqamətində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın misilsiz xidmətlərini xüsusi qeyd edən xalq artisti bildirdi ki, Azərbaycan xalqının görkəmli bəstəkarları Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Müslüm Maqomayev, Tofiq Quliyevin zəngin irsi yeni nəsillər tərəfindən öyrənilir və milli musiqimizdə formalaşmış bu gözəl ənənələr bu gün istedadlı gənclərimiz tərəfindən uğurla davam etdirilir.

F.Əlizadə musiqiçilərimizin parlaq sənət nümunələri yaratmaqla yanaşı ölkəmizin ictimai-siyasi həyatında da yaxından iştirak etməsi, Bəstəkarlar İttifaqı tərəfindən ilboyu keçirilən müxtəlif səpkili tədbirlər – kitab təqdimatları, yubiley gecələri, konsertlər, Milli Məclisin deputatları ilə təşkil olunan görüşlər, “dəyirmi masa”lar haqqında danışaraq qeyd etdi ki, “Bu gün ölkəmizdə dövlət səviyyəsində musiqimizə böyük diqqət var. Xanım Mehriban Əliyeva milli musiqimizin, muğamımızın, aşıq sənətimizin, tarımızın əsl dostudur. Mən həmişə gənc bəstəkarlarımıza deyirəm ki, çalışın bu hörmətə, bu qayğıkeş münasibətə layiq olun və Azərbaycan xalqının adını və bayrağımızı daim yüksəklərdə tutun.”

Daha sonra Bəstəkarlar İttifaqının əməkdaşları arasında Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün çoxsaylı müraciətlərin olduğunu bildirən F.Əlizadə bununla əlaqədar olaraq Azərbaycan Bəstəkarlar İttifaqında ərazi ilk partiya təşkilatı yaradılması üçün YAP Səbail rayon təşkilatına müraciət etdiklərini və bugunkü təsis yığıncağının da bu vəsilə ilə təşkil olunuduğunu diqqətə çatdırdı.

Yığıncaqda çıxış edən prof. Şəmsəddin Hacıyev ölkə ictimaiyyəti, ziyalılarımız, aparıcı elm-mədəniyyət xadimləri və gənclərimiz arasında Yeni Azərbaycan Partiyasına olan inam və etimadın çox yüksək səviyyədə olduğunu diqqətə çatdıraraq, bu gün Azərbaycan Bəstəkarlar İttifaqında yeni ərazi ilk partiya təşkilatının yaradılması təşəbbüsünü alqışladıqlarını və ürəkdən dəstəklədiklərini bildirdi.

Milli musiqimizin tarixi inkişaf yolu, Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələri Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Arif Məlikov və digərlərinin bənzərsiz yaradıcılığı və milli mədəniyyətimizin inkişafındakı misilsiz rolu, bu şərəfli ənənələrin bu gün Azərbaycanın musiqisinin ən görkəmli nümayəndələrindən və məşhur bəstəkarlarından biri olan xalq artisti prof. Firəngiz Əlizadənin rəhbərliyi ilə Bəstəkarlar İttifaqında tamamilə yeni keyfiyyət mərhələsində uğurla davam etdirildiyi haqqında danışan Ş.Hacıyev musiqişünaslarımızın istər respublika, istərsə də beynəlxalq miqyasda əldə etdiyi nailiyyətlərdən böyük qürur hissi keçirdiyini ifadə etdi.

Deputat Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının və Ulu Öndər Heydər Əliyevin partiyanın ilk sədri seçilməsinin tarixi zərurətdən irəli gəldiyini vurğulayaraq, 1991-1992-ci illərdə yenicə müstəqillik qazanmış Azərbaycanda gedən ziddiyyətli proseslər, milli oyanış hərəkatı, heç bir dövlətçilik təcrübəsi olmayan səriştəsiz AXC-Müsavat cütlüyünün biabırçı və rüsvayçı hakimiyyəti zamanı ölkədə yaranmış son dərəcə ağır sosial-iqtisadi vəziyyət, demək olar ki, bütün sahələri bürümüş dərin siyasi-iqtisadi böhran, vətəndaş qarşıdurması, ölkədə hökm sürən müharibə şəraiti, əzəli torpaqlarımızın işğalı, bir milyondan çox vətəndaşımızın qaçqın-köçkün vəziyyətinə düşməsi və Azərbaycanın parçalanmaq, siyasi xəritədən silinmək və tamamilə yox olmaq təhlükəsi ilə üzləşməsi haqqında məlumat verdi. Diqqətə çatdırıldı ki, belə bir ağır şəraitdə Azərbaycanın o dövrdə tanınmış 91 nəfər ziyalısı xalqımızın adından Heydər Əliyevə müraciət etdilər, ölkəmizi bu çətin vəziyyətdən çıxartmaq üçün Heydər Əliyevdən xilaskarlıq missiyasını öz üzərinə götürməsini və Azərbaycanda hakimiyyətə qayıdaraq qurtuluş yolunda real addımlar atmasını təkidlə tələb etdilər.

O dövrdə bütün xalqımız görürdü ki, Azərbaycan üçün yeganə qurtuluş yolu böyük dövlətçilik təcrübəsi olan Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışıdır. Çünki, qədirbilən Azərbaycan xalqı yaxşı xatırlayırdı ki, SSRİ kimi fövqəldövlətin ən yüksək rəhbər vəzifələrində çalışdığı dövrlərdə də Heydər Əliyev hər zaman Azərbaycan xalqının mənafeyini qorumuş və cəsarətli qərarlar qəbul etmişdi. 1990-cı ildə Bakıda törədilmiş 20 Yanvar qırğınının səhərisi Heydər Əliyev İmperiyanın hələ son nəfəslərini yaşadığı və son dərəcə təhlükəli olduğu dövrdə Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək, xarici jurnalistlər, bütün dünya ictimaiyyəti qarşısında cəsarətli çıxış etdi və M.Qorbaçovu Azərbaycan xalqına, öz vətəndaşlarına qarşı qanlı cinayət, qırğın törətməkdə təqsirləndirdi. 20 Yanvar faciəsi Azərbaycanda milli həmrəylik ruhunu daha da möhkəmləndirdi və xalqımız bu tarixi dönüş nöqtəsində Heydər Əliyevin Azərbaycana verdiyi dəstəyi unutmadı. Azərbaycanda əsl müstəqillik tariximizin başlanğıcı olan ilk əməli addımların da məhz Ulu Öndərimiz tərəfindən atıldığını vurğulayan millət vəkili 20 Yanvar hadisəsindən sonra Heydər Əliyevin Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etməsi, Azərbaycana qayıdışı, Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi 1990-cı ilin noyabr ayında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək, “Sovet Sosialist” sözlərini oradan çıxarması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının o vaxt Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanın dövlət bayrağı kimi elan edilməsi, 1991-ci ilin əvvəllərində Sovet İttifaqının saxlanılmasına dair Azərbaycanda referendum keçirilən zaman Naxçıvanda Heydər Əliyevin təşəbbüsü ilə referendumun keçirilməməsi, eləcə də 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaranmasına təkan verən digər obyektiv səbəblər barədə ətraflı danışdı.

Yeni Azərbaycan Partiyasının yaranmasını müasir Azərbaycan dövlətçiliyinin qurulması istiqamətində atılmış ən mühüm addım kimi dəyərləndirən Ş.Hacıyev qeyd etdi ki, demokratik cəmiyyətdə sivil yolla hakimiyyətə gəlməyin yeganə yolu güclü siyasi elitanın formalaşdırılmasıdır. Deputat vurğuladı ki, 1992-ci il oktyabrın 16-da “91-lər”in Heydər Əliyevə tarixi müraciəti, YAP-ın yaradılması və Heydər Əliyevin partiyamızın ilk sədri seçilməsi tamamilə obyektiv və qanunauyğun siyasi prosesin başlanğıcı, həmin müddətdə və sonraki dövrdə Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən mühüm siyasi addımlar idi. Təsadüfi deyil ki, 1992-ci ilin 21 noyabr tarixində Naxçıvanda təsis yığıncağının keçirildiyi və hakimiyyətdə olan və digər partiyalara müxalif partiya kimi yaranan YAP ciddi müqavimətlərə, təzyiqlərə, təhdidlərə baxmayaraq, cəmi yeddi ay sonra iqtidara gəldi. 1993-cü ilin 15 iyun tarixindən etibarən müasir müstəqil Azərbaycan dövlətinin Qurtuluş, intibah, və dinamik iqtisadi yüksəliş dövrü başlandı.

Ş.Hacıyev məhz Heydər Əliyevin dahi idarəçilik məharəti, siyasi təcrübəsi və şəxsi rəhbərlik keyfiyyətləri, eləcə də Ulu Öndərimizin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin liderlik qabiliyyəti və son dərəcə cəsarətli, praqmatik, Azərbaycan xalqının milli mənafelərinə xidmət edən siyasəti nəticəsində ölkəmizdə əldə olunan nailiyyətlər, dinamik iqtisadi inkişafımızın dönüş nöqtəsi olan “Əsrin müqaviləsi”nin tarixi və iqtisadi əhəmiyyəti, müasir cəmiyyətimizin əsas sosial-iqtisadi təməllərinin formalaşması haqqında geniş məlumat verərək, qeyd etdi ki, bu və digər çoxsaylı uğurların əldə olunmasında 25 illik yubileyini qeyd etdiyimiz YAP-ın misilsiz rolu və əvəzolunmaz töhfələri vardır. Qeyd olundu ki, 700 mindən çox partiya üzvünün cəmləşdiyi YAP üzvlərinin 44%-ini gənclər, 48-49%-ini isə qadınlar təşkil edir. “Bu gün partiyamızın sıralarında və Prezidentimizin ətrafında möhkəm siyasi əqidəsi, öz prinsipiallığı, ölkədə aparılan siyasətə, Vətəninə, dövlətçiliyinə, Prezidentinə xüsusi sadiqliyi və bağlılığı ilə seçilən vətəndaşlarımız birləşmişlər.”

Azərbaycanın gələcəyinin çox parlaq olduğunu xüsusi vurğulayan rayon partiya təşkilatının sədri Azərbaycanın təşəbbüsü, maliyyə-iqtisadi dəstəyi və möhtərəm Prezidentimizin şəxsi siyasi iradəsi ilə reallaşan “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsinin 2050-ci ilə qədər uzadılmasına dair 14 Sentyabr Sazişi, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Şimal-Cənub nəqliyyat dəhlizinin işə salınması kimi nəhəng transmilli layihələrin tarixi və geoiqtisadi əhəmiyyəti, iqtisadi parametrləri, Azərbaycan, region və ümumilikdə dünya üçün vəd etdiyi iqtisadi, siyasi, sosial dividendləri barədə konkret rəqəmlər göstərməklə ətraflı məlumat verdi. Ən önəmli problemimizin suni surətdə Ermənistan tərəfindən yaradılmış Dağlıq Qarabağ münaqişəsi olduğunu bildirən millət vəkili əminliyini ifadə etdi ki, “Partiyamızın Sədri cənab İlham Əliyevin cəsarətli və xalqımızın milli mənafelərinə xidmət edən düşünülmüş siyasəti nəticəsində, 2016-cı il Aprel döyüşləri zamanı Lələtəpə yüksəkliklərinə sancdığımız üçrəngli Azərbaycan bayrağını yaxın gələcəkdə hazırda işğal altında olan torpaqlarımızda da dalğalandıracağıq. Yeni Azərbaycan Partiyası artıq 24 ildir ki, qələbələr partiyası kimi tanınır. Tutduğu vəzifədən asılı olmayaraq hər bir partiya üzvünün ən ali vəzifələri Sədrimizin, Ali Baş Komandanımızın qarşıya qoyduğu vəzifələri ləyaqətlə yerinə yetirmək, və ölkəmizdə formalaşmış ictimai-siyasi sabitliyi, sarsılmaz xalq-iqtidar-ordu birliyini qorumaqdan ibarətdir. Nə qədər Azərbaycan var, ölkəmizdə Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyaları və möhtərəm Prezidentimiz İlham Əliyev siyasəti davam edəcəkdir.”

Yığıncağın davamında “Bəstəkarlar” ərazi ilk partiya təşkilatı təsis olundu və təşkilatın İdarə Heyətinin üzvləri, sədri və sədrin müavinləri seçildi.

Ş.Hacıyev yeni təsis olunmuş ərazi ilk partiya təşkilatı üzvlərini təbrik etdi və onlara ictimai-siyasi fəaliyyətlərində uğurlar arzuladı.

Yığıncaq YAP Səbail rayon təşkilatı və Azərbaycan Bəstəkarlar İttifaqı arasında gələcək əməkdaşlıq və birgə layihələrin maraqlı müzakirəsi ilə yekunlaşdı.