Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər təşkil olundu

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25 illik yubileyi münasibətilə noyabrın 13-də partiyanın Səbail rayon təşkilatının və Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər təşkil olundu.

Böyük Qayıdışın başlanmasının rəmzi olan Cocuq Mərcanlıya səfərdə Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri professor Şəmsəddin Hacıyevin rəhbərliyi ilə partiya fəallarından, o cümlədən rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələrindən ibarət 90 nəfər iştirak etdi.

Səfər iştirakçıları əvvəlcə Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edən əsgər və zabitlərlə görüşdülər. Görüş zamanı YAP-ın 25 illik yubileyi və şanlı Aprel döyüşləri ilə bağlı çıxışlar edildi, xalq artisti, YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü Amaliya Pənahovanın rəhbərlik etdiyi Bakı Bələdiyyə Teatrının və Füzuli Dövlət Dram Teatrının aktyorları tərəfindən kiçik tamaşa səhnəcikləri nümayiş etdirildi, sonda isə əsgərlər və qonaqların iştirakı ilə geniş konsert proqramı təşkil olundu.

Tədbirdə ilk öncə aprel döyüşlərində Vətən uğrunda qəhrəmancasına həlak olmuş hərbçilərimizin, həyatını itirmiş mülki şəxslərin və həmin hərbi hissənin 19 şəhid hərbi qulluqçusunun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Qonaqları salamlayan və əsgərlərin görüşünə gələn YAP Səbail rayon təşkilatı nümayəndə heyətinə səmimi qəlbdən təşəkkür edən birlik komandirinin müavini, polkovnik Elşad Əbilov şəxsi heyətin xidməti-döyüş hazırlığı barədə məlumat verdi. Bildirildi ki, Azərbaycan bütün sahələrdə olduğu kimi, hərbi qüdrətini də gündən-günə artırır. Hərbi qulluqçularımızın döyüş qabiliyyətinin yüksəldilməsi, peşəkarlığının artırılması istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. Döyüş hazırlığına ciddi önəm verilməsinin nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri hazırda Ali Baş Komandanın istənilən əmrini, döyüş tapşırığını yerinə yetirməyə və düşmənə sarsıdıcı zərbələr vurmağa qadirdir. Qəhrəman əsgərlərimizin şücaəti nəticəsində bu gün Lələtəpə yüksəkliklərində Azərbaycan bayrağı dalğalanır. Aprel döyüşləri zamanı qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edən polkovnik bildirdi ki, “xüsusi fədakarlıqlarına görə bu hissənin bir neçə hərbi qulluqçusu Ali Baş Komandanımız tərəfindən yüksək fəxri adlara və dövlət mükafatlarına layiq görülüb. Biz əminik ki, Ali Baş Komandanımızın rəhbərliyi altında tez bir zamanda şəhidlərimizin intiqamını alacağıq və bayrağımızı işğal altında olan digər əzəli və əbədi Azərbaycan torpaqlarında dalğalandıracağıq.”

Hərbi hissənin rəhbərliyini və bütün zabit-əsgər heyətini Səbail rayon partiya təşkilatının 25 mindən çox üzvü və şəxsən öz adından ürəkdən salamlayan Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev düşmənlə təmas xəttində, ən təhlükəli mövqelərdə xidmət edən və Vətənimizi, torpaqlarımızı qorumaq üçün həyatlarını hər dəqiqə təhlükəyə atan əsgərlərimizlə görüşdən son dərəcə məmnun olduğunu və böyük qürur hissi keçirdiyini bildirdi. Bugünkü tədbirin Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyinə həsr olunduğunu vurğulayan rayon partiya təşkilatının sədri diqqətə çatdırdı ki, Səbail rayon ictimaiyyət nümayəndələri və partiya fəalları bu əlamətdar tarixi məhz Böyük Qayıdışın başlanmasının rəmzi olan Cocuq Mərcanlı kəndində qəhrəman Azərbaycan əsgəri ilə birlikdə qeyd etmək üçün bu gün böyük heyətlə Cəbrayıl rayonuna gəlmişlər. Səfərin və tədbirin təşkilində iştirak edən bütün qurumlara, xüsusilə Səbail rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, SOCAR-a, Bakı Bələdiyyə Teatrına və Cəbrayıl rayonu İcra Hakimiyyətinə təşəkkürünü bildirdi.

Deputat Orduda xidmətin hər bir Azərbaycan gənci üçün şərəf və qürur mənbəyi olmasından və 2016-cı ilin aprel döyüşlərindən danışaraq diqqətə çatdırdı ki, Milli Ordumuz tərəfindən həyata keçirilən sürətli əks-həmlə zamanı Ermənistanın hərbi birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi müdafiə xətti cəbhənin bir neçə istiqamətində yarıldı. Nəticədə Ordumuz strateji əhəmiyyətə malik yüksəklikləri və yaşayış məntəqələrini düşməndən tam azad etdi. Aprel döyüşlərinin hərbi tariximizə ən şərəfli hadisələrdən biri kimi yazıldığını xüsusi vurğulayan rayon partiya təşkilatının sədri qeyd etdi ki, düşmən üzərində qazanılan parlaq qələbə məhz bu hərbi hissə əsgərlərinin şücaəti, qəhrəmanlığı, cəsarəti və Vətəninə, torpağına, Prezidentinə sədaqətlə bağlı olması nəticəsində əldə olundu.

Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ problemi və erməni tərəfinin status-kvo vəziyyətini qorumaq məqsədilə danışıqları məqsədli şəkildə yayındırması haqqında danışan Ş.Hacıyev vurğuladı ki, “Bu gün Azərbaycan əsgəri və gəncliyi, ümumən bütün xalqımız öz əzəli torpaqlarını azad etmək üçün Ali Baş Komandanımızın əmrinə tam hazırdır. Amma biz istəyirik ki, münaqişəni beynəlxalq hüquq normalarına uyğun olaraq, sülh yolu ilə həll edək. Ali Baş Komandanımızın dediyi kimi, status-kvo qəbul olunmazdır və biz öz ərazilərimizdə ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik, bir qarış torpağımızı da güzəştə getməyəcəyik.”

Aprel döyüşlərinin Azərbaycan ordusunun gücünü nəinki düşmənə, eləcə də bütün dünyaya göstərdiyini böyük fərəh və qürur hissi ilə qeyd edən millət vəkili bildirdi ki, ölkəmiz gündən-günə güclənir, iqtisadiyyatımız inkişaf edir. Azərbaycanın təkcə hərbi büdcəsi Ermənistanın bütövlükdə dövlət büdcəsi, respublikamızda elm və təhsilə ayrılan vəsait isə Ermənistanın dövlət büdcəsinin yarısı qədərdir.

Son iki ayda Azərbaycanın mühüm müqavilələrə, transmilli layihələrə imza atması haqqında ətraflı məlumat verən Ş.Hacıyev diqqətə çatdırdı ki, “Əsrin müqaviləsi”nin davamı olaraq, “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsinin 2050-ci ilə qədər uzadılması, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Şimal-Cənub nəqliyyat dəhlizinin açılması ilə bağlı hazırlıq işləri Azərbaycanın gücünün, iqtisadi və hərbi qüdrətinin əsas göstəriciləridir. Möhtərəm Prezidentimiz İlham Əliyevin siyasi iradəsi, son dərəcə düşünülmüş və cəsarətli siyasəti, eləcə də ölkəmizin dünyadakı nüfuzu nəticəsində bütün bu layihələrdən təcrid olunan Ermənistan isə özünü daha da rəzil vəziyyətə salmış və nəinki bölgə üçün, ümumiyyətlə siyasi və iqtisadi baxımdan çox əhəmiyyətsiz dövlətə çevrilmişdir.

Azərbaycan Ordusuna yüksək diqqət və qayğı göstərildiyini vurğulayan deputat qeyd etdi ki, bu faktor iqtisadiyyatımızın inkişafı ilə bilavasitə bağlıdır. İqtisadiyyat güclü olanda, ordu da güclü olur. Bu gün iqtisadiyyatımız dinamik sürətlə inkişaf edir və bu dayanıqlı inkişaf ordumuzun bütün lazımi vasitələrlə təmin olunmasının ən böyük qarantıdır.

Müasir Azərbaycan dövlətçiliyinin əsaslarının, milli ideologiyamızın və azərbaycançılıq ideyasının formalaşmasında YAP-ın misilsiz rolu və əvəzolunmaz töhfələri haqqında geniş məlumat verən millət vəkili “ümumxalq partiyası” statusu qazanan və cəmiyyətimizin bütün təbəqələrinin təmsil olunduğu YAP-ın yaranması, partiyamızın 25 il ərzində keçdiyi şərəfli inkişaf yolu və bugünkü uğurları haqqında danışdı.

Çıxışının sonunda Azərbaycan əsgərinə daha möhtəşəm qələbələr arzu edən Ş.Hacıyev üzünü zabit və əsgər heyətinə tutaraq bildirdi ki, “Biz bu gün sizin aranızda olmaqdan böyük qürur hissi duyuruq. Bütün Azərbaycan xalqı Ali Baş Komandanımızın və sizin yanınızdadır. Biz inanırıq ki, üçrəngli bayrağımızın Xankəndidə, Şuşada, Kəlbəcərdə dalğalanacağı gün uzaqda deyil. Son illərdə əldə olunan misilsiz uğurlarımız, nailiyyətlərimiz göstərir ki, Böyük Qələbə Günü ölkə başçımız cənab İlham Əliyevin cəsarətli və qətiyyətli siyasəti nəticəsində hər gün daha da yaxınlaşır. Əgər məsələ sülh yolu ilə həll olunmasa, biz torpaqlarımızı döyüşərək geri qaytaracağıq. Yaşasın Azərbaycan ordusu! Yaşasın Azərbaycan əsgəri!”

Sonra YAP Səbail rayon təşkilatının və rayon İcra Hakimiyyətinin adından hərbi hissəyə xatirə hədiyyələri təqdim olundu.

Bakı Bələdiyyə Teatrının və Füzuli Dövlət Dram Teatrının hazırladığı səhnəciklər əsgər və zabitlərimizdə xoş ovqat yaratdı. Teatrın üzvləri əsgərlərlə birlikdə rəqs etdilər.

Azərbaycan əsgərinin görüşünə gələn Cocuq Mərcanlı məktəblilərinin səsləndirdikləri şeirlər tədbirə rəngarənglik qatdı.

Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupuna Fəxri Fərmanlar təqdim edildi.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev hərbi qulluqçuların mükafatlandırılması mərasimində çıxış edərək Ordumuzun şücaətlərindən danışdı.

Sonra nümayəndə heyətinin üzvləri Horadiz-Cəbrayıl avtomobil yolunun kənarındakı “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət etdi şəhidlərimizin ruhuna ehtiramlarını bildirdilər.

Cocuq Mərcanlıda şəhid Novruz Aslanov adına tam orta məktəbə gələn qonaqlar sinif otaqlarında, fənn kabinetlərində yaradılan şəraitlə maraqlandılar, müəllim və şagirdlərlə həmsöhbət oldular. Məktəbə müxtəlif hədiyyələr və kompyuter dəsti təqdim edildi.

Cocuq Mərcanlıda tikilən Şuşa məscidinin bənzəri olan məscidlə tanışlıq da qonaqlarda unudulmaz təəssürat yaratdı.

Daha sonra nümayəndə heyəti Cocuq Mərcanlıda düşmənlə təmas xəttindəki postlarda növbə çəkən əsgərlərlə görüşdü, onların xidmət şəraiti ilə yaxından tanış oldular. Əsgərlərimizin döyüş ruhunun yüksək olması qonaqlarda böyük qürur hissi yaratdı.

Səfər xoş təəssüratlar və unudulmaz xatirələrlə yadda qaldı.

Tədbirin videoyazısı
AzTV
AzərTAC
SəsTV