YAP Səbail “Pedaqoqlar” ərazi ilk partiya təşkilatında (ADPU) Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümünə həsr edilmiş tədbir keçirildi
22.11.2017Noyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25-ci ildönümünə həsr edilmiş tədbir keçirildi. Tədbirdə ADPU-nun rəhbərliyi, müəllim və tələbələri iştirak etdilər.
İlk öncə Azərbaycanın Dövlət himni səsləndirildi.
Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirdi ki, bu gün xalqımızın həyatında əlamətdar bir gündür. Bu gün YAP-ın yaradılmasının 25 ili tamam olur. Ulu Öndərimiz Heydər Əliyevin yaratdığı və Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin Sədri olduğu YAP ölkəmizin aparıcı siyası qüvvəsi, Cənubi Qafqazın ən böyük partiyasıdır. Bu partiya Azərbaycanı hərc-mərclikdən, böhrandan, tənəzzüldən xilas edərək sürətli inkişafa aparıb. Bu gün öz sıralarında 700 mindən çox məsləkdaşı birləşdirən YAP ölkəmizin ən güclü və ən nüfuzlu siyasi təşkilatıdır. YAP üzvlərinin 40 faizini gənclər təşkil edir. Cəmiyyətimizin avanqard qüvvəsi olan YAP-ın üzvləri kimi bizim üzərimizə mühüm vəzifələr düşür. Müasir dövr bilik və bacarqlara olan tələbatı daha da artırıb. Həmişə müəllim adına, müəllim əməyinə böyük qiymət verən Ulu Öndər Heydər Əliyev demişdir: “Mən Yer üzündə müəllimdən yüksək ad tanımıram”. ADPU ölkəmizin məktəblərini dərin biliyə, geniş dünyagörüşünə, milli-mənəvi dəyərlərimizə bağlı olan mütəxəssislərlə təmin etməlidir. Ölkə rəhbərliyi bu mühüm, şərəfli və məsuliyyətli vəzifəni bizim qarşımıza qoyub. Biz bu vəzifəni uğurla həyata keçirmək üçün əzmlə çalışmalı, qarşımıza qoyduğumuz məqsəd və hədəflərə yetişmək üçün bütün qüvvələrimizi səfərbər etməliyik.
Rektor qeyd etdi ki, dövlət başçımız cənab İlham Əliyevin 18 noyabr 2017-ci il tarixli sərəncamları ilə Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etdiklərinə, eləcə də təhsilin inkişafında göstərdikləri xidmətlərə görə ADPU-nun 6 nəfər əməkdaşı müxtəlif dövlət təltiflərinə layiq görülüblər. Bu, bizi çox sevindirir və verilən yüksək qiymətə görə ölkə rəhbərliyinə təşəkkür edirik.
YAP Səbail rayon təşkilatının “Pedaqoqlar” ərazi ilk təşkilatının sədri, professor Himalay Qasımov və 91-lərdən biri, dosent Maqsud Nəcəfov çıxış edərək partiyanın yaranma tarixi, keçdiyi böyük və şərəfli inkişaf yolu barədə ətraflı danışdılar. Qeyd edildi ki, YAP qısa bir müddət ərzində öz sıralarını xeyli genişləndirib, ümumxalq partiyası kimi məşhurlaşıb. YAP güclü və mütəşəkkil siyasi partiya olaraq Azərbaycanın strateji hədəflərinin müəyyən olunmasında, ölkəmizin dünya miqyasında tanınmasında dövlətimizin mühüm dayağına çevrilib. “Pedaqoqlar” ilk ərazi partiya təşkilatı YAP-ın fəal təşkilatlarından biridir. Ulu Öndərimiz Heydər Əliyevin böyük uzaqgörənliklə dediyi kimi, “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır”.
Tədbirdə YAP-ın himni səsləndirildi, həmçinin partiyanın fəaliyyətini əks etdirən videoçarx göstərildi.
Tədbir tələbə-gənclərin hazırladıqları bədii hissə ilə başa çatdı.