ADPU-da professor Həsən Mirzəyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

Noyabrın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) professor Həsən Mirzəyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Milli Məclisin deputatları, Yeni Azərbaycan Partiyasının (YAP) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) məsul şəxsləri, şair və yazıçılar, ziyallılar, incəsənət xadimləri, universitetin müəllim və tələbələri iştirak etdilər.

Tədbirdən öncə yubiley iştirakçıları professor Həsən Mirzəyevin əsərlərindən ibarət sərgi ilə tanış oldular.

Tədbirdə giriş sözü ilə çıxış edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov professor Həsən Mirzəyevin həyat və fəaliyyəti haqqında məlumat verdi. Bildirildi ki, Həsən Mirzəyev 1927-ci il noyabr ayının 26-da Dərələyəz mahalındakı Qovuşuq kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra ilk öncə Naxçıvan Dövlət Müəllimlər İnstitutunda, daha sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) ali təhsil alıb. H.Mirzəyev əmək fəaliyyətinə doğma kəndində orta məktəb müəllimi kimi başlayıb, iki il ərzində isə məktəb direktoru işləyib. H. Mirzəyev 1959–1962-ci illərdə ADPİ-də “Azərbaycan dilçiliyi” ixtisası üzrə aspiranturada təhsil alıb. Aspiranturanı bitirdikdən sonra ömrünün sonunadək ADPU-da işləyib. O, müxtəlif illərdə müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri və dekan vəzifələrində çalışıb. H.Mirzəyev 1990-cı ildə professor elmi adını alıb. Azərbaycan filologiya elminin inkişafında H. Mirzəyevin özünəməxsus xidmətləri olduğunu diqqətə çatdıran rektor qeyd etdi ki, alimin xüsusən Qərbi Azərbaycanın yer adları ilə bağlı araşdırmaları milli tariximizin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. H. Mirzəyevin 200-dən çox elmi əsəri, o cümlədən 25 kitabı və 10-a yaxın dərs vəsaiti işıq üzü görüb. Dilçiliyin müxtəlif problemlərinə dair bir sıra sanballı tədqiqatları ilə tanınan professor eyni zamanda mütəmadi olaraq bədii yaradıcılıqla məşğul olurdu. H.Mirzəyev böyük alim olmaqla yanaşı, həm də tanınmış ictimai-siyasi xadim idi. O, Azərbaycan Respublikası Milli Məclisinin I çağırışında deputat seçilmişdir. H.Mirzəyev 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə “Şöhrət” ordeninə, 2007-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi. Xüsusi vurğulandı ki, H.Mirzəyev Ulu Öndər Heydər Əliyevin sədaqətli silahdaşlarından biri olaraq YAP-ın yaradılmasında və təşkilatmasında mühüm xidmətlər göstərib. Qədirbilən xalqımız böyük və işıqlı insan olan H.Mirzəyevin xatirəsini həmişə əziz tutacaq.

Tədbirdə professor H.Mirzəyevin həyat və fəaliyyəti ilə bağlı film nümayiş etdirildi.

Çıxış edən Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov professor H.Mirzəyevi Azərbaycan dilçilik elminin inkişafında mühüm xidmətlər göstərən alim, vətənpərvər və görkəmli ziyalı kimi səciyyələndirib.

Tədbirdə Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, millət vəkili, akademik Nizami Cəfərov, YAP Səbail rayon təşkilatının sədri, millət vəkili, professor Şəmsəddin Hacıyev, millət vəkili Aydın Mirzəzadə çıxış edərək alimlə bağlı xatirələrini bölüşdülər. Çıxışlarda xüsusi qeyd edildi ki, H.Mirzəyev vətənpərvər, həqiqətsevər, sözündə, məsləkində dönməz, cəsarətli, prinsipial, mübariz, çevik, dinamik, dövlətə və dövlətçiliyə sadiq vətəndaş, dərin elmi biliyə, yüksək intellekt səviyyəsinə malik alim olub.

Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar artist, bədii qiraət ustası Ağalar Bayramov H.Mirzəyevin şeirlərini, Riyaziyyat və informatika fakültəsinin 304-cü qrup tələbəsi Flora Kərimli şair Pərvanə Zəngəzurlunun H.Mirzəyevə həsr etdiyi “Ay Həsən Mirzə” şeirini, Filologiya fakültəsinin 303-cü qrup tələbəsi Suday Qasımova isə Mahirə Nağıqızının H.Mirzəyevə həsr etdiyi şeiri səsləndirdilər. Aşıqlar onun sözlərinə yazılmış mahnıları, Filologiya fakültəsinin 301-ci qrup tələbəsi Nübar Qafarova və Vəfa Abışova isə Aşıq Mehdi ilə Həsən Mirzənin deyişməsini ifa etdilər.

Sonda H.Mirzəyevin oğlu Müşfiq Mirzəyev çıxış edərək tədbirin yüksək səviyyədə keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür etdi.

Tədbirin videoyazısı
AzTV
AzərTAC