Azərbaycan Teatr Xadimləri İttifaqında YAP Səbail rayon təşkilatının yeni ərazi ilk partiya təşkilatı təsis olundu
25.11.2017Noyabrın 24-də Azərbaycan Teatr Xadimləri İttifaqında Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının yeni “Aktyor evi” ərazi ilk partiya təşkilatının təsis yığıncağı keçirildi.
Təsis yığıncağında YAP Səbail rayon təşkilatı sədrinin birinci müavini Muxtar Nağıyev, rayon təşkilatının Aparat rəhbəri dos. Zəfər Bayramov və Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti professor Azər Paşa Nemətov iştirak etdilər.
Yığıncağı açıq elan edən Səbail rayon partiya təşkilatı sədrinin birinci müavini Muxtar Nağıyev Azərbaycan teatr səhnəsinin böyük sənətkarlarının cəmləşdiyi Azərbaycan Teatr Xadimləri İttifaqının bütün kollektivini YAP Səbail rayon təşkilatının sədri professor Şəmsəddin Hacıyevin adından səmimi qəlbdən salamladı. Ölkə ictimaiyyətinin bütün təbəqələrinin nümayəndələrinin, ziyalı elitasının qəlbən dəstəklədiyi Yeni Azərbaycan Partiyasına teatr mədəniyyəti xadimlərimizin də sədaqətlə bağlı olması faktını xüsusi qeyd edən M.Nağıyev Azərbaycan Teatr Xadimləri İttifaqında bu gün yeni ərazi ilk partiya təşkilatının yaradılması təşəbbüsünü yüksək qiymətləndirdi. Teatr sənət növünün xalqımıza məxsus olub əsrlər boyu formalaşmış və gen yaddaşımıza həkk olmuş milli-mənəvi dəyərlərimizi, o cümlədən bütün dövrlərdə cəmiyyətimiz üçün aktual olan ictimai-siyasi prosesləri, sosial problemləri böyük incəliklə ifadə etmək xüsusiyyətinə diqqət çəkən M.Nağıyev bildirdi ki, teatr mədəniyyətinin inkişafının gənc nəslin tərbiyəsində özünəməxsus yeri var. Bu istiqamətdə sənətkarlarımızın fədakar əməyini vurğulayan sədr müavini dövlət siyasəti səviyyəsində mədəniyyətimizin qorunması və inkişafına göstərilən diqqət və qayğıdan, istər Ulu Öndər Heydər Əliyevin, istərsə də onun siyasi davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin prezidentlikləri dövründə teartlarımızın inkişafı ilə bağlı görülən işləri ürəkdən alqışladı.
Çıxışına davam edən M.Nağıyev 25 il öncə 1992-ci ilin 21 noyabr tarixində Naxçıvanda təsis olunmuş Yeni Azərbaycan Partiyasının yaranma tarixi, Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin partiyanın ilk sədri seçilməsinin zəruri tarixi-obyektiv səbəbləri, YAP-ın yaranmasından cəmi yeddi ay sonra xalqın təkidli tələbi və dəstəyi ilə iqtidara gəlməsi haqqında ətraflı məlumat verdi. Partiyanın keçdiyi şərəfli inkişaf yolundan geniş bəhs edən sədr müavini müasir Azərbaycanda bu müddət ərzində dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində görülmüş çoxşaxəli işləri və sosial-iqtisadi, hərbi, idman, mədəniyyət, beynəlxalq əlaqələr sahəsində əldə olunmuş misilsiz nailiyyətləri xüsusi qeyd etdi.
Çıxış edən YAP Səbail rayon təşkilatının Aparat rəhbəri dos. Zəfər Bayramov mədəniyyətin cəmiyyətin güzgüsü olduğunu qeyd edərək bildirdi ki, ölkə dünyada əsasən elminə, iqtisadiyyatına və mədəniyyətinə görə tanınır. Bu mənada mədəniyyətimizin inkişaf səviyyəsi bizim üçün böyük siyasi təbliğat deməkdir. Teatr Xadimləri İttifaqında yeni ərazi ilk partiya təşkilatının təsis olunması münasibətilə rəhbərlik başda olmaqla bütün kollektivi təbrik edən Z.Bayramov sənətkarlarımıza ictimai-siyasi fəaliyyətlərində bundan sonra daha yüksək nailiyyətlər arzuladı. YAP Səbail rayon təşkilatının çoxşaxəli fəaliyyəti haqqında ətraflı məlumat verən Aparat rəhbəri əminliyini ifadə etdi ki, Teatr Xadimləri İttifaqının üzvləri Səbail rayonun ictimai-siyasi həyatına bundan sonra da böyük töhfələr verəcəklər.
Yığıncağın davamında “Aktyor evi” ərazi ilk partiya təşkilatı təsis olundu və təşkilatın İdarə Heyətinin üzvləri, sədri və sədrin müavinləri seçildi. Təşkilat üzvlərinə siyasi fəaliyyətlərində uğurlar arzu edildi.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti professor Azər Paşa Nemətov İttifaqın fəaliyyəti, gördüyü işlər haqqında ətraflı məlumat verdi. Bildirildi ki, istər respublika səviyyəsində, istər ölkə xaricində uğurla fəaliyyət göstərən Azərbaycan Teatr Xadimləri İttifaqının Beynəlxalq Teatr Konfederasiyası, UNESCO-nun Beynəlxalq Teatr İnstitutu ilə sıx əməkdaşlıq əlaqələri mövcuddur. İttifaqın fəaliyyət göstərdiyi tarixi binanın tikintisində Ulu Öndərin şəxsi dəstəyi və rəhbərliyi, Azərbaycanda teatr sənətinin daima dövlət başçısının nəzər-diqqətində olması barədə danışan A.Nemətov ölkəmizdə cənab İlham Əliyev tərəfindən aparılan son dərəcədə uzaqgörən və xalqımızın mənafelərinə xidmət edən dövlət siyasətini və möhtərəm Prezidentimizin uğurlu ölkə daxili və beynəlxalq siyasətinin bariz nəticələrini yüksək qiymətləndirdi. Azərbaycanın son illər imza atdığı və cənab İlham Əliyev şəxsiyyətinin adı ilə bağlı olan siyasi, iqtisadi uğurlar haqqında danışan xalq artisti vurğuladı ki, “Əsrin Müqaviləsi”nin 2050-ci ilə qədər uzadılması, Bakı-Tbilisi-Qars “Dəmir İpək Yolu”nun istifadəyə verilməsi, bu yaxınlarda işə düşəcək olan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi kimi möhtəşəm layihələr ölkəmizin parlaq gələcəyinə dəlalət edir və bir daha göstərir ki, Azərbaycan İlham Əliyevin rəhbərliyi altında hələ çox uğurlara, qələbələrə imza atacaqdır.
Yeni ərazi ilk partiya təşkilatının sədri, xalq artisti, Dövlət Mükafatı Laureatı, Teatr Xadimləri İttifaqının sədr müavini Hacı İsmayılov ona göstərilən yüksək etimada görə təşəkkür edərək bildirdi ki, Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətləri olan Ulu Öndərimizin yaratdığı partiya sıralarında fəaliyyət göstərmək böyük şərəf və məsuliyyət deməkdir. Bu gün Azərbaycanımız dünyada ən sakit, stabil, gözəl, baxıb fərəhlənməli olduğumuz say-seçmə ölkələrdən biridir. Bizim də mənəvi vətəndaşlıq borcumuz Ulu Öndərimizin ideyalarına və möhtərəm Prezidentimiz İlham Əliyevin xalqımızın mənafelərinə xidmət edən siyasətinə ləyaqətlə qulluq etməkdən ibarətdir.
Yığıncaq YAP Səbail rayon təşkilatı və Azərbaycan Teatr Xadimləri İttifaqı arasında gələcək əməkdaşlıq və birgə layihələrin müzakirəsi ilə yekunlaşdı.