Görkəmli bəstəkar, Xalq Artisti Tofiq Quliyevin 100 illiyinə həsr edilmiş “Günəş kimi saçan musiqi” adlı yubiley gecəsi keçirildi
27.11.2017Noyabrın 27-də Azərbaycan Teatr Xadimləri İttifaqında görkəmli bəstəkar, Xalq Artisti Tofiq Quliyevin 100 illiyinə həsr edilmiş “Günəş kimi saçan musiqi” adlı yubiley gecəsi keçirildi.
Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə reallaşan tədbirdə respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri, Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, rayon partiya təşkilatının İdarə Heyətinin üzvləri və partiya fəalları iştirak etdilər.
Aparıcısı Xalq Artisti Hacı İsmayılov olan tədbir Prezident İlham Əliyevin Tofiq Quliyevin 100 illiyinin keçirilməsi haqqında imzaladığı müvafiq Sərəncama əsasən təşkil olundu.
Əvvəlcə qonaqlar sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgiyə baxdılar.
Tədbirdə Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq Artisti Siyavuş Kərimi çıxış edərək sənətkarın həyat və yaradıcılığından danışdı, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərini qeyd etdi.
Vurğulandı ki, Azərbaycan musiqi salnaməsini yaradan şəxsiyyətlər sırasında bəstəkar, dirijor, pianoçu, folklorşünas, ictimai xadim, Xalq Artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin də özünəməxsus yeri vardır. Onun ürəkaçan mahnıları, orijinal estrada əsərləri, mükəmməl kino musiqisi, operettaları, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda populyarlıq qazanaraq bu gün də sevilə-sevilə ifa olunur. Böyük bəstəkarın sənətinə dövlət tərəfindən göstərilən diqqət və qayğı da bir növ onun xatirəsinə olan ehtiramın bariz nümunəsidir. Prezident İlham Əliyevin Tofiq Quliyevin 100 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamı görkəmli sənətkarın xatirəsinə dərin hörmət və ehtiramın təcəssümü kimi qiymətləndirilib, ictimaiyyətimiz tərəfindən rəğbətlə qarşılanıb. Ölməz əsərləri ilə milyonlarla insanın bədii zövqünü oxşayan, əbədi rəğbətini qazanan, ürəklərdə möhtəşəm sənətkar heykəlini ucaldan Tofiq Quliyev mənalı və şərəfli həyat yaşayıb.
Bildirildi ki, sənətkarın yaradıcılığında mahnı janrı aparıcı olsa da, bədii istedadı bununla məhdudlaşmır. O, həmişə böyük həvəslə kino sənəti üçün çalışaraq, yetmişdən çox filmə musiqi bəstələyib. “Səbuhi”, “Ögey ana”, “Görüş”, “Bəxtiyar”, “Onu bağışlamaq olarmı”, “Telefonçu qız”, “Nəsimi” və s. filmlərə yazdığı musiqi özünün melodikliyi, təbiiliyi ilə seçilir, mahnıları isə coşqun ilhamla oxunur.
S.Kərimi qeyd etdi ki, unudulmaz sənətkar milli musiqili komediya janrına da öz töhfəsini verərək “Aktrisa”, “Qızıl axtaranlar”, “Sənin bircə sözün”, “Sabahın xeyir, Ella” kimi əsərlərini yazır. Bu operettaların musiqi parçaları tamaşanın müvəffəqiyyət qazanmasında, obrazların səhnə təcəssümündə həmişə böyük rol oynayıb. Kiçik yaşlı tamaşaçıları da unutmayan sənətkar, “Artıq tamah”, “Şəngülüm, şüngülüm” və s. uşaq pyeslərinə musiqi bəstələyib. 1969-cu ildə bəstəkarın üç xoreoqrafik novelladan ibarət “Məhəbbət mahnısı” adlı baleti isə Moskvada müvəffəqiyyətlə səhnələşdirilib. Respublikamızın musiqi həyatında fəal iştirak edən T.Quliyev daim müxtəlif musiqi festivallarının, müsabiqələrin keçirilməsi üçün çalışıb, dövri mətbuatda aktuallığı ilə seçilən məqalələrlə çıxış edib.
Çıxış edən digər natiqlər görkəmli bəstəkarın həyatından, onun sənət fəaliyyətindən danışdılar. Diqqətə çatdırıldı ki, böyük sənət fədaisi, əsl vətənpərvər T.Quliyev bütün qüvvə və istedadını yaradıcılığa sərf edib, hörmət və ehtiram qazanıb. Adı qızıl hərflərlə musiqi tarixinə həkk olunmuş bənzərsiz sənətkarın parlaq siması xalqımız tərəfindən həmişə yüksək tutulacaq.
Tədbir konsert proqramı ilə davam etdi. Gecədə Azərbaycan Milli Konservatoriyası tələbələrinin ifasında bəstəkarın mahnıları səsləndirildi.
Tədbirin videoyazısı
MədəniyyətTV