Səbail rayonunda Beynəlxalq Əlillər günü qeyd olundu

Əlil vətəndaşlarımız cəmiyyətin ən həssas və qayğıya ehtiyacı olan nümayəndələri olduğundan onlara qarşı diqqətin artırılması mühüm əhəmiyyət kəsb edir. Əksəriyyətinin maddi və ya hər hansı digər yardımdan çox adi mənəvi yardıma ehtiyacı olan bu vətəndaşlarımız özlərini cəmiyyətdən təcrid olunmuş kimi görmək istəmir, müxtəlif tədbir və görüşlərdə fiziki imkanları çərçivəsində iştirak etməyə can atırlar. Buna görə də əlillərin sosial vəziyyətinin və maddi durumunun yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşamasını təmin etməkdən ötrü dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir.

Beynəlxalq əlillər günü ilə əlaqədar Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Dövlət Xəzər Dəniz Gəmiçiliyinin dəstəyi ilə rayondakı əlil uşaqlar, Daun Sindromlu Şəxslərin Assosiasiyası və UAFA əlil uşaqlar təşkilatının üzvləri, həmçinin rayondakı 219 saylı ev-məktəbdəki əlil uşaqlar – ümumilikdə 150-dən çox əlil uşaq üçün Dənizkənarı Milli Parkdakı «Yaxt-klub»da müsiqili-əyləncəli tədbir keçirildi. Tədbirdə qeyd olundu ki, Səbail rayonunda qeydiyyatdan keçmiş 2963 nəfər müxtəlif əlillik dərəcəsinə malik vətəndaş yaşayır. Bunların arasında əmək, Böyük Vətən və Qarabağ müharibəsi əlilləri, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlər, həmçinin gözdən əlillər, anadangəlmə xəstələr və müxtəlif səbəblərdən əlil olmuş insanlar vardır. Hazırda rayon Sosial Müdafiə Fondunda 362 nəfər tənha, əlil qeydiyyatdadır ki, onlara 31 nəfər sosial işçi xidmət göstərir.

Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Xalidə BayramovaDövlət Xəzər Dəniz Gəmiçiliyinin rəsmisi Tural Abbasov dövlətimizin və şəxsən ölkə başçısı cənab İlham Əliyevin əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Səbail rayonunda həyata keçirilən işlərdən danışdılar. Bildirildi ki, əlil vətəndaşlara və xüsusilə də əlil uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər bir üzvünün borcudur. Bununla əlaqədar əlillərlə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi dövlət tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır.

RİH tərəfindən uşaqlara hədiyyələr təqdim olundu, tədbirdə iştirak edən incəsənət xadimləri, şən klounlar öz mahnıları və ifaları ilə görüşü uşaqların yaddaşında daha yaddaqalan və mənalı etdilər.

Səbaildə Beynəlxalq Əlillər günü ilə bağlı daha bir tədbir veteran təşkilatlarının qərargahında keçirildi. Tədbirdə iştirak edən Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev qeyd etdi ki, Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən 3 Dekabr – Beynəlxalq Əlillər günü Ümummilli Liderimiz Heydər Əliyevin müvafiq sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da qeyd olunmağa başlanmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cəmiyyətimizin bütün təbəqələrinin üzvlərinə, o cümlədən əlil vətəndaşlara olan diqqət və qayğısı hər zaman göz qabağındadır. Ölkə başçısının sərəncamı ilə mütəmadi olaraq müxtəlif kateqoriyalardan olan əlillərin müavinətləri artırılır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın səyləri nəticəsində bir çox əlil evləri əsaslı təmir olunmuş, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılmışdır. Dövlət səviyyəsində əlil vətəndaşlara olan qayğı ölkəmizin bütün guşələrində də öz əksini tapmaqdadır.

Digər çıxışçılar əlil vətəndaşlarımıza göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər. Vurğulandı ki, əlillər cəmiyyətimizin bərabərhüquqlu üzvləridir və onların ölkədə gedən bütün posseslərdə fəal iştirakı təmin olunmalıdır. Sonda əlillərə ərzaq yardımları təqdim olundu.