YAP Səbail Qadınlar Şurasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbir keçirildi
08.12.2017Bu günlər ölkəmizin hər yerində xalqımızın dahi oğlu, əvəzsiz dövlət xadimi, müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyev əbədi sevgi və sonsuz ehtiramla anılmaqdadır. Vəfatından 14 il keçməsinə baxmayaraq, elə bir azərbaycanlı tapmaq olmaz ki, bu hüzn günündə Ümummilli Liderimizi qədrbilənliklə yad etməsin, onun Azərbaycan dövlətçiliyinin qurulmasında və xalqımız qarşısındakı müstəsna xidmətlərindən danışmasın.
Dekabrın 8-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının Qadınlar Şurasının təşkilatçılığı ilə rayonun 239 saylı məktəbində Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi.
İlk öncə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən Səbail rayon partiya təşkilatının Qadınlar Şurasının sədri dos. Təranə Kərimova Azərbaycan xalqının Ümummilli Lideri, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin Azərbaycan dövlətçiliyi üçün ən taleyüklü məqamda həyata keçirdiyi xilaskarlıq missiyasından danışaraq qeyd etdi ki, müasir Azərbaycanın inkişaf strategiyası Ümummilli Liderimizin adı ilə bağlıdır. Heydər Əliyevin 1993-cü ilin iyununda Azərbaycanda hakimiyyətə ikinci dəfə qayıdışı ölkəmizi dağılmaq, parçalanaraq tamamilə yox olmaq təhlükəsindən xilas etdi. Ulu Öndər Azərbaycanın müstəqilliyini qorudu və möhkəmləndirdi, ölkəmizi təhdid altında saxlayan, onu parçalamaq istəyən daxili və xarici düçmənlərimizi, xüsusən də sapı özümüzdən olan balataları, Gəncədə Sürət Hüseynovun başıpozuq dəstələrini, cənubda Talış-Muğan respublikası yaratmaq istəyən bir qrup kütləni tərkisilah etdi, cəbhə bölgəsində atəşkəs rejiminin yaradılmasına nail oldu, müasir müstəqil Azərbaycan dövlətçiliyinin təməl prinsiplərinin və azərbaycançılıq ideologiyasının müəllifi oldu, milli iqtisadiyyatımızın intibah modelini bütün dünyaya təqdim etdi və Azərbaycanda siyasi elitanın formalaşmasının siyasi-ictimai əsaslarını yaradaraq Cənubi Qafqazın ən mütəşəkkil siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının banisi və yaradıcısı oldu.
T.Kərimova məktəblilərə böyük dövlət xadimi, dünyaşöhrətli siyasətçi, müasir Azərbaycanımızın memarı və qurucusu olan Heydər Əliyevin zəngin dövlətçilik, siyasi, elmi irsini öyrənməyi, onun həyat və mübarizə yolunu əks etdirən kitabları oxumağı, bədii və sənədli filmləri izləməyi, çıxışları dinləməyi tövsiyə etdi. Xüsusi vurğulandı ki, Heydər Əliyev dövlətimiz və xalqımız qarşısında üzərinə götürdüyü missiyanı həm layiqincə yerinə yetirdi, həm də özündən sonra xalqımız üçün layiqli siyasi davamçı bəxş etdi.
Çıxış edən 239 saylı məktəbin direktoru Sədaqət Əzimova diqqətə çatdırdı ki, Heydər Əliyev tarixin ən çətin, məsuliyyətli məqamlarında bir xilaskar kimi xalqımızın, Vətənimizin dadına çatdı. Heydər Əliyev olmasaydı müasir Azərbaycanın müqəddəratı sual altında idi. Heydər Əliyev bütün varlığı ilə bağlı olduğu xalqını – bütün azərbaycanlıları hifz etdi. Ulu Öndər həmişə böyük inam və qətiyyətlə deyirdi ki, “Azərbaycan dünyaya Günəş kimi doğacaq”. Biz bu gün möhtərəm Prezidentimiz, Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı İlham Əliyevin rəhbərliyi ilə bu Günəşin nurunda xoşbəxt sabahlara doğru gedirik.
Sonra məktəblilərin ifasında Ulu Öndərin əziz xatirəsinə ithaf edilmiş şerlər səsləndirildi.