YAP Səbail rayon təşkilatında partiya fəalları ilə görüş keçirildi

Dekabrın 7-də YAP Səbail rayon təşkilatında Milli Məclisin deputatı, Səbail rayon partiya təşkilatının sədri prof. Şəmsəddin Hacıyevin sədrliyi ilə partiyanın fəalları və gənclərlə görüş keçirildi.

Tədbirdə respublikamızın ictimai-siyasi həyatında baş verən son əlamətdar hadisələr, imzalanan transmilli enerji müqavilələri, regional və qlobal əhəmiyyət daşıyan nəqliyyat infrastrukturu layihələri, eləcə də dünyada gedən proseslər, dünya siyasəti və iqtisadiyyatında qeydə alınan əhəmiyyətli hadisələr haqqında fikir mübadiləsi aparıldı.

Son üç ayda Azərbaycanda baş verən iki tarixi hadisə – “Əsrin Müqaviləsi”nin icra müddətinin 2050-ci ilədək uzadılması və mühüm transmilli layihə olan “Dəmir İpək Yolu” – Bakı-Tbilisi-Qars dəmir yolunun məhz Azəraycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi və ölkəmizin dünyadakı nüfuzu sayəsində ərsəyə gələrək istifadəyə verilməsi haqqında ətraflı danışan Ş.Hacıyev ölkə başçısının geoiqtisadi praqmatizmə əsaslanan çoxvektorlu siyasətinin sistemyaradan əsas faktorları barədə geniş məlumat verdi. Ənənəvi olaraq neft-qaz ölkəsi olan Azərbaycanda neftdən asıllığımızın azaldılması istiqamətində son illərdə görülən çoxşaxəli işləri, genişmiqyaslı tədbirləri, büdcəmizin sosial-yönümlü istiqamətdə formalaşması üçün atılan addımları ötən dövrlərin siyasi prioritetləri ilə müqayisə edən deputat görülən bütün bu işlərdə cənab İlham Əliyevin rolu, idarəçilik qabiliyyəti və Liderlik xüsusiyyətlərini xüsusi vurğuladı. “Məhz möhtərəm Prezidentimizin son dərəcə cəsarətli, düşünülmüş və müstəqil siyasəti nəticəsində Azərbaycan son illərdə regionumuzun lider dövlətinə çevrilmişdir. Azərbaycanın razılığı olmadan regionumuzda heç bir hərbi-strateji-iqtisadi layihə icra oluna bilməz. Azərbaycan bu gün Türk dünyasını bir araya gətirən dövlətdir, ölkəmiz sivilizasiyalararası multikultural dialoqun mərkəzidir, biz hər il Beynəlxalq Humanitar Foruma, mötəbər beynəlxalq idman yarışlarına ev sahibliyi edirik. Bütün bu möhtəşəm işlər hər bir azərbaycanlının qəlbində yüksək fəxarət hissi yaradır və ölkəmizin beynəlxalq nüfuzunu ildən-ilə əhəmiyyətli dərəcədə artırır.”

Azərbaycanın sosial-iqtisadi inkişaf modelinin mühüm strukturyaradan amillərini ətraflı təhlil edən rayon partiya təşkilatının sədri son illərdə Azərbaycanda qəbul olunan iqtisadi inkişaf konsepsiyaları, strateji yol xəritələri, kənd təsərrüfatının inkişafı istiqamətində görülən mühüm tədbirlər, ölkəmizdə yaradılan aqroparklar, sənaye-texnologiya parkları, bu illər ərzində yaradılmış 1 mln. 600 mindən çox yeni iş yeri, regionlarımızda, rayonlarda uğurla icra olunan investisiya layihələri, dövlət kreditlərinin hesabına maliyyələşən proyektlər, ölkəmizdə kiçik və orta biznesin, sahibkarlığın inkişafına göstərilən diqqət və nəticədə Azərbaycanda son illərdə dinamik artımın müşahidə olunduğu iqtisadi fəallıq göstəriciləri haqqında geniş danışdı.

Gənclərimizin yüksək standartlar səviyyəsində təhsil alması, özünüinkişaf etdirməsi, yüksəkixtisaslı mütəxəssis və dövlətinə, xalqına sədaqətlə, ləyaqətlə xidmət edən vətənpərvər şəxsiyyətlər kimi formalaşması üçün ölkəmizdə yaradılan şərait, gənclər mərkəzləri, gənclərimizin beynəlxalq təcrübəyə yiyələnmələri üçün həyata keçirilən xaricdə təhsil proqramları, dövlət təqaüdləri haqqında məlumat verən Ş.Hacıyev gənclərimizə bu imkanlardan yararlanmalarını tövsiyə etdi.

Bütün bu görülən işlər fonunda hazırda sosial şəbəkələrdə özlərini müxalifət kimi qələmə verən bəzi anti-milli ünsürlər tərəfindən gündəmə gətirilən mövzulara da toxunan deputat qeyd etdi ki, bu dırnaqarası qüvvələri Azərbaycan xalqı, hamımız çox yaxşı tanıyırıq. “Hazırda bəzi sosial şəbəkələrdə aktivləşən müxalif qüvvələrin 1991-93-cü illərdə hakimiyyətdə olduqları zaman, onların siyasi səriştəsizliyinin, dövlətçilikdən nə dərəcədə bixəbər olduqlarının hamımız şahidi olmuşuq. O vaxt Heydər Əliyevin hakimiyyətə qayıtması üçün bütün Azərbaycan xalqı ayağa qalxdı, AXCP-Müsavat cütlüyü özü Heydər Əliyevə qayıtması üçün yalvarırdı. 1993-cü ildən sonra da sözügedən qüvvələr Azərbaycanda yalnız dağıdıcı müxalifətlik etməkdədirlər. Onların son zamanlarda aktivləşməsinin səbəbləri də aydındır – sapı özümüzdən olan bu baltalar Azərbaycanı  gözü götürməyən, uğurlarına sevinməyən xarici qüvvələr tərəfindən maliyyələşdirildiyindən, onlar da bu cür sosial sifarişləri yerinə yetirmək məcburiyyətindədirlər. Məqsəd ölkəmizdəki ictimai-siyasi sabitliyi pozmaqdır. Lakin bu gün heç bir qüvvə Azərbaycanda mövcud olan ictimai-siyasi sabitliyi pozmaq, və ya hazırki iqtisadi və sosial inkişafa az da olsa mane olmaq iqtidarında deyil.”

Daha sonra son günlərdə dünya gündəmində müzakirə olunan Qüdslə bağlı provakasiya xarakterli çıxışlar, bununla əlaqədar olaraq, bütün İslam dünyasının qarşıdurmaya səbəb ola biləcək narahatçılığı, eləcə də Yaxın Şərqdə davam edən lokal müharibələr, Uzaq Şərqdə yüksələn təhdidlər və gərginləşən beynəlxalq münasibətlər haqqında müzakirələr aparıldı.

Sonda qeyd olundu ki, gənclərimiz yuxarıda qeyd olunan dünyəvi, regional və lokal xarakter daşıyan bütün bu prosesləri diqqətlə izləməli, ölkəmiz, dövlətçiliyimiz, Azərbaycanın müstəqilliyinin qorunması üçün mümkün təhdidlərə hazırlıqlı olmalı, Prezidentimizin apardığı vahid dövlət siyasəti və milli ideologiyamız ətrafında sıx birləşərək, ölkəmizdə mövcud olan ictimai-siyasi sabitliyi və sarsılmaz xalq-iqtidar birliyini qorumaq üçün əllərindən gələni etməlidirlər.

Müzakirədə iştirak edən bütün gənclər ölkəmizdə aparılan siyasəti dərindən dərk etdiklərini, Azərbaycana qarşı edilən bütün təhdid və təzyiqlərin mahiyyətini bildiklərini və Azərbaycan gənclərinin böyük dostu sayılan ölkə rəhbəri cənab İlham Əliyevin ətrafında sıx birləşdiklərini ifadə etdilər. Bundan sonra da ölkəmizdə gedən bütün ictimai-siyasi proseslərdə fəallıq göstərəcəklərini bildirən gənclər xüsusi qeyd etdilər ki, ən mühüm və ağrılı problemimiz olan itirilmiş torpaqlarımızın geri qaytarılması üçün Ali Baş Komandanımızın bir əmri ilə hamı bir nəfər kimi silaha sarılmağa hazırdırlar.