YAP Səbail “Sosial təminat müdafiəçiləri” (DSMF-nin Səbail rayon şöbəsi) ərazi ilk partiya təşkilatında iclas keçirildi

15 dekabr 2017-ci il tarixində YAP Səbail “Sosial təminat müdafiəçiləri” (DSMF-nin Səbail rayon şöbəsi) ərazi ilk partiya təşkilatında iclas keçirildi. İclasda ərazi ilk partiya təşkilatının sədri Nigar xanım Ağayevanın təqaüdə çıxması ilə əlaqədar “Sosial təminat müdafiəçiləri” ərazi ilk partiya təşkilatının sədri vəzifəsindən azad olunması ilə bağlı müraciəti və yeni sədrin seçilməsi məsələsi müzakirə edildi.

İclasda YAP Səbail rayon təşkilatının Aparat rəhbəri dos. Zəfər Bayramov, DSMF-nin Səbail rayon şöbəsinin müdir əvəzi Anar Əhmədov və ərazi ilk partiya təşkilatının qeydiyyatında olan partiya üzvləri iştirak etdilər.

İclası açıq elan edən Z.Bayramov YAP Səbail rayon təşkilatının çoxşaxəli fəaliyyəti haqqında məlumat verərək qeyd etdi ki, Bakının mərkəz rayonlarından biri olan Səbail rayonunu əhatə edən və respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak edən partiya təşkilatının qeydiyyatında hazırda 117 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir. Fərəhləndirici haldır ki, ölkə rəhbəri, partiyamızın Sədri cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevə başda olmaqla bu gün YAP Səbail rayon təşkilatının sıralarında 25 mindən çox partiya üzvü cəmləşmişdir. 66% gənclərin üstünlük təşkil etdiyi Səbail rayon partiya təşkilatı qabaqcıl və nümunəvi rayon təşkilatlarından olmaqla yanaşı, son illərdə bir çox diqqətçəkən işlərə və birgə layihələrə imza atmışdır.

Bu il Yeni Azərbaycan Partiyasının 25 illik yubileyinin qeyd olunduğunu diqqətə çatdıran Aparat rəhbəri, partiyamızın 25 il ərzində keçdiyi çətin və şərəfli inkişaf yolundan bəhs etdi. 1998-ci ildə yaradılmış “Sosial təminat müdafiəçiləri” ərazi ilk partiya təşkilatının kifayət qədər siyasi təcrübəsinin olduğunu və hər zaman partiya vəzifələrinin yerinə yetirilməsi ilə bağlı xüsusi fəallığı ilə fərqləndiyini vurğulayan Z.Bayramov təşkilat üzvlərini qarşıdan gələn 2018-ci il Prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat qruplarında da yaxından iştirak etməyə dəvət etdi. Rayonumuzun ən həssas sosial təbəqəsi ilə işləyən Dövlət Sosial Müdafiə Fondunun əməkdaşlarının öz vəzifələrinin icrasına hər zaman xüsusi qayğı ilə yanaşdığını qeyd edən Aparat rəhbəri təşkilat üzvlərinin siyasi fəaliyyətlərinə də yüksək diqqət göstərdiklərini vurğuladı.

Daha sonra iclas iştirakçıları “Sosial təminat müdafiəçiləri” ərazi ilk partiya təşkilatının yeni sədri vəzifəsinə DSMF Səbail şöbəsinin baş mütəxəssisi – sosial işçisi Əkbərova Kimyaxanım Sabir qızının namizədliyini irəli sürdülər. Təklif səsə qoyuldu və yekdilliklə qəbul olundu. Yeni seçilmiş sədr K.Əkbərova ona göstərilmiş yüksək etimada görə təşəkkür etdi. Ərazi ilk partiya təşkilatının siyasi fəaliyyəti, təşkilat üzvlərinin rayonun ictimai-siyasi həyatında, xüsusən bütün ümumxalq seçkilərində və səsvermə prosesində yaxından iştirak etdikləri barədə danışan K.Əkbərova bildirdi ki, ərazi ilk partiya təşkilatı bundan sonra da fəal siyasi fəaliyyətlə məşğul olmağa və partiya vəzifələrini, partiya Sədrinin tapşırıqlarını vaxtlı-vaxtında yerinə yetirməyə davam edəcəkdir.

DSMF-nin Səbail rayon şöbəsinin müdir əvəzi Anar Əhmədov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, xalqın təkidli tələbi və istəyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının sözün əsl mənasında xalqa xidmət edən və gələcəyimizi düşünən ümumxalq partiyası olduğunu diqqətə çatdırdı. Uzun müddətdir ki, YAP-ın üzvü olduğunu və partiya vəzifələrini yüksək səviyyədə yerinə yetirdiyini vurğulayan A.Əhmədov xüsusi qeyd etdi ki, bu partiyanın sıralarında fəaliyyət göstərmək böyük şərəfdir. “Ərazi ilk partiya təşkilatımızın bütün üzvləri, hamımız bir nəfər kimi bundan sonra da partiyamıza ən yüksək səviyyədə xidmət edəcək, qarşıdan gələn Prezident seçkilərində partiyamızın layiqli namizədi üçün təbliğat və təşviqat kampaniyasında yaxından iştirak edəcək və təşkilatımıza yeni üzvlərin cəlb olunması istiqamətində fəaliyyətimizi daha da genişləndirəcəyik. Çünki, bugünkü dövlət müstəqilliyimiz, ildən-ilə inkişaf edən Azərbaycanımız və ölkəmizdəki ən böyük dəyərimiz olan ictimai-siyasi sabitliyimiz üçün bizlər Yeni Azərbaycan Partiyasına borcluyuq. Hər birimizin vətəndaşlıq borcu partiyamızın Sədri, ölkə başçısı cənab İlham Əliyevin və partiya Sədrinin müavini, Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti xanım Meriban Əliyevanın ətrafında sıx birləşərək Vətənimizi işıqlı gələcəyə aparmaqdır.”

İclasa yekun vuran Z.Bayramov iclas iştirakçılarını partiya işində və bütün tədbirlərdə yaxından iştirak etməyə dəvət etdi. Qarşıdan gələn “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni il münasibətilə “Sosial təminat müdafiəçiləri” ərazi ilk partiya təşkilatının üzvlərini YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyevin adından ürəkdən təbrik edən Aparat rəhbəri bütün DSMF kollektivinə cansağlığı və fəaliyyətlərində uğurlar arzuladı.