YAP-ın yaradılmasının 25 illiyi münasibətilə partiyanın Səbail rayon təşkilatında görülmüş işlər müzakirə edildi

14 dekabr 2017-ci il tarixində YAP Səbail rayon təşkilatının İdarə Heyətinin iclası keçirildi.

İclasa YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev sədrlik edirdi.

İlk öncə, Səbail rayon partiya təşkilatının yaradılmasında misilsiz xidmətləri olan tanınmış ictimai-siyasi xadim prof. Zahid Qaralovun əziz xatirəsi ehtiramla yad olundu.

Sədr gündəlikdə duran birinci məsələ – Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə Səbail rayon partiya təşkilatı tərəfindən hazırlanmış geniş tədbirlər planının icrası, bununla əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışdı.

Deputat müasir Azərbaycan dövlətçiliyinin siyasi sisteminin bənzərsiz fenomeni olan Yeni Azərbaycan Partiyasının Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə müasir siyasi tariximizin ən gərgin, taleyüklü məqamlarında ictimai tələbat və obyektiv zərurətdən irəli gələrək, müxalifət partiyası kimi yaranması və qısa zaman kəsiyində demokratik seçkilər yolu ilə iqtidara gəlməsi haqqında ətraflı məlumat verdi. Sədr demokratiyadan dəm vuran, lakin dövlət çevrilişi ilə hakimiyyəti zorla ələ keçirmiş AXCP-Müsavat cütlüyünün səriştəsiz idarəçiliyi nəticəsində ölkəmizdə qısa müddət ərzində bütün dövlət strukturlarının iflic vəziyyətinə düşməsi, Azərbaycan dövlətinin dağılması təhlükəsi, dövlət xəzinəsinin tamamilə boşalması, yoxsulluğun səviyyəsinin artması, milli təsərrüfatın bütün sahələrində dərin siyasi və iqtisadi böhranın hökm sürməsi və belə bir mürəkkəb şəraitdə erməni silahlı qüvvələri tərəfindən ərazilərimizin 20% işğalı nəticəsində 1 milyondan çox soydaşımızın qaçqın vəziyyətinə düşməsinin ölkədəki ağır şəraiti son dərəcə gərginləşdirməsi kimi real tarixi faktları xatırlatdı. Belə bir taleyüklü məqamda 91 nəfər Azərbaycan ziyalısı, xalqın iradəsini nəzərə alaraq, Heydər Əliyevə tarixi müraciət ünvanladı. Partiyamızın “Qızıl Fondu” olan “91-lər” bu müraciətdə Heydər Əliyevdən ölkəmizdə hakimiyyətə qayıtmasını və dövlətimizi düşdüyü bu ağır vəziyyətdən qurtarmasını təkidlə xahiş etdilər. “Azərbaycan ziyalıları çox gözəl görürdülər ki, ölkəmizi bu ağır vəziyyətdən çıxarmağın yeganə yolu xalqımızın dahi oğlu Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıtmasıdır. Əlbəttə ki, belə bir mürəkkəb şəraitdə Heydər Əliyev varlığı qədər sevdiyi xalqının çağırışına biganə qala bilməzdi. Beləliklə, hadisələrin sonraki gedişatında dünyaşöhrətli siyasətçimiz Azərbaycanın uçurumdan qurtuluşu yolunda ilk addımı ataraq, ölkəmizdə siyasi elitanın formalaşdırılması və demokratik dövlətçilik əsaslarının qoyulmasında müstəsna rolu olan Yeni Azərbaycan Partiyasını yaratdı, müasir Azərbaycanımızıqurdu və özündən sonra da dövlətimizin taleyini etibarlı əllərə – Heydər Əliyev məktəbinin ləyaqətli məzunu olan möhtərəm Prezidentimiz İlham Əliyevə əmanət etdi.”

Çıxışına davam edən Ş.Hacıyev Prezidentimizin cəsarətli, müstəqil, düşünülmüş və son dərəcə qətiyyətli siyasəti nəticəsində ölkəmizin ildən-ilə artan nüfuzu, dünyada sayılıb-seçilən dövlətlərdən birinə çevrilməsi və getdikcə gərginləşən regional və qlobal siyasi münasibətlər fonunda Azərbaycanın sözün əsl mənasında siyasi və iqtisadi baxımından “sabitlik adası” olmağa davam etməsi haqqında ətraflı danışdı. Qeyd edildi ki, möhtərəm Prezidentimiz İlham Əliyevin məharətli idarəçiliyi nəticəsində ölkəmizin əldə etdiyi bütün sosial-iqtisadi və siyasi uğurlarla yanaşı, hazırda Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik qibtə olunacaq dərəcədə yüksək əhəmiyyət kəsb edir. Deputat vurğuladı ki, ən böyük dəyərimiz olan müstəqilliyimizi və ən böyük nailiyyətimiz olan ictimai-siyasi sabitliyi qorumaq üçün dövlətimizin və iqtidar partiyamızın gələcəyə hədəflənən ciddi layihələri var. Bu məqsədlə hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik.

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə Səbail rayon partiya təşkilatı tərəfindən icra olunan tədbirlər planı haqqında ətraflı məlumat verən Sədr bu çərçivədə 90-cı illərin əvvəlində qeydə alınmış tarixi hadisələrin və təəssüratların xatırlandığı “91-lərlə görüş”, 20-dən çox məruzənin dinlənildiyi və geniş tərkibdə müzakirələrin aparıldığı “Yeni Azərbaycan Partiyası – Qələbələr partiyasıdır” və “Heydər Əliyev və müasir Azərbaycan” “dəyirmi masa”ları, 90 nəfərdən ibarət Səbail rayonu nümayəndə heyətinin Aprel döyüşləri zamanı işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfəri və orada təmas xəttində Vətənimizin keşiyində duran əsgərlərimizlə birlikdə keçirilmiş tədbirlər haqqında danışdı. Bildirildi ki, YAP Səbail rayon təşkilatı partiyanın yubileyi münasibətilə YAP İcra Katibliyi tərəfindən irəli sürülən “700 min ağac əkək” kampaniyasına qoşulacaq və 2018-ci ilin may ayına qədər rayon partiya təşkilatı tərəfindən 15 mindən çox ağac əkiləcəkdir. Vurğulandı ki, YAP Səbail rayon təşkilatı tərəfindən görülən bütün bu işlər rayon sakinləri və respublika ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır.

Çıxışının davamında rayon partiya təşkilatının sədri ölkəmizin son illərdə əldə etdiyi misilsiz uğurlara, Azərbaycanda davam edən son dərəcə əhəmiyyətli, pozitiv dəyişikliklərə kölgə salmağa çalışan anti-milli ünsürlərin, xüsusilə xaricdən maliyyələşən, özünü “müxalifət” adlandıran bəzi qüvvələrin son zamanlarda məlum sosial şəbəkələrdə fəallıq göstərməyə çalışdıqlarına diqqət çəkdi və qeyd etdi ki, “Sağlam cəmiyyətdə sağlam müxalifət olmalıdır. Bu, demokratik inkişaf deməkdir, lakin Azərbaycandakı “müxalifət”in məqsədi konstruktiv təkliflərlə xalqımızın, dövlətimizin mənafelərinə xidmət etmək deyil, əksinə ölkəmizdəki ictimai-siyasi sabitliyi pozmaq və hakimiyyət mübarizəsinə qalxmaqdan ibarətdir. Lakin partiyamızın Sədri, ölkə başçısı, Ali Baş Komandanımızın gördüyü misilsiz işlər qədirbilən xalqımız tərəfindən layiqincə qiymətləndirilir və hazırda heç bir qüvvə ölkəmizdə mövcud olan ictimai-siyasi sabitliyi pozmaq və ya az da olsa bu dinamik inkişafa mane olmaq iqtidarında deyil. Biz ən yaxın siyasi tariximizdə baş verən taleyüklü prosesləri, hadisələri olduğu kimi gənclərimizə çatdırmalı və onları məlum xain qüvvələrə qarşı silahlandırmalıyıq ki, ölkəmizin dünəni və bu günü haqqında reallığı əks etdirən məlumatlar sosial şəbəkələrdə sözügedən “müxalif” aktyorlar tərəfindən aparılan qərəzli informasiya mübarizəsində də öz əksini tapsın. Gənclərimiz müstəqillik dəyərimizin fərqində olmalı və ölkəmizdəki mövcud ictimai-siyasi sabitliyi qorumaq amalı ətrafında sıx birləşməlidirlər.”

Sonra rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında görülmüş işlər haqqında məlumatlar dinlənildi.

İclasın davamında Azərbaycan Bəstəkarlar İttifaqında yeni təsis olunan “Bəstəkarlar” və Azərbaycan Teatr Xadimləri İttifaqında yeni təsis olunan “Aktyorlar evi” ərazi ilk partiya təşkilatlarının müraciətinə baxıldı və təşkilatların qeydiyyata alınması barədə qərar qəbul edildi.

Partiyanın yaradılmasında mühüm xidmətlərinə və ölkəmizin ictimai-siyasi həyatında fəal iştiraklarına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən yüksək fəxri adlar, orden və medallarla təltif olunan partiya üzvlərinin bir qrupuna YAP Səbail rayon təşkilatının Fəxri Fərmanları təqdim edildi.

Sonra cari məsələlər müzakirə edildi və müvafiq qərarlar qəbul olundu.

İclasa yekun vuran Sədr qeyd etdi ki, Azərbaycanın çoxəsrlik tarixi ərzində bir çox görkəmli dövlət rəhbərləri, sərkərdələri, şair və filosofları olsa da, öz dövrü üçün, öz xalqı üçün, milləti üçün Heydər Əliyev qədər misilsiz töhfələr bəxş edən ikinci rəhbər olmamışdır. Ölkə rəhbəri möhtərəm Prezidentimiz İlham Əliyevi YAP Səbail rayon təşkilatının çoxminli üzvləri adından qarşıdan gələn doğum günü və Yeni il münasibətilə ürəkdən təbrik edən Ş.Hacıyev cənab Prezidentimizə cansağlığı və xanım Mehriban Əliyeva ilə birlikdə həyata keçirdikləri məsuliyyətli və genişşaxəli əzəmətli işlərdə daha yüksək zirvələr arzuladı. “Əminik ki, dahi Heydər Əliyevin ölkəmizdə başladığı və Azərbaycan xalqının rifahının ildən-ilə yüksəlməsinə xidmət edən uğurlu siyasəti zaman keçdikcə cənab İlham Əliyevin məharətli və qətiyyətli rəhbərliyi ilə müasir dövrün tələbləri nəzərə alınmaqla, daha da təkmilləşəcək və ölkəmizdə yeganə düzgün siyasət olaraq uzun müddət davam edəcəkdir!”

Tədbirin videoyazısı
SəsTV