Səbail rayonunda Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirildi
17.12.2017Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə YAP Səbail rayon təşkilatının, Səbail Rayon İcra Hakimiyyətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşəbbüsü ilə dekabrın 16-da “700 min ağac əkək” kampaniyası çərçivəsində rayonun Şıx qəsəbəsində yerləşən “Heydər Əliyev” parkında birgə ağacəkmə aksiyası keçirildi.
Ağacəkmə aksiyasında YAP Səbail rayon təşkilatının İdarə Heyəti, Şura üzvləri, ilk partiya təşkilat sədrləri, gənc fəallar və YAP üzvləri, eləcə rayonun idarə və müəssisələrinin nümayəndələri iştirak etdilər.
YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev AZƏRTAC-a müsahibəsində aksiya ilə bağlı təşəbbüsün bir ay əvvəldən irəli sürüldüyünü bildirdi. Sədr qeyd etdi ki, “Bugünkü ağacəkmə aksiyasında 1500-dək şam və zeytun ağacının əkilməsi nəzərdə tutulub. Ağacəkmə aksiyası gələn ilin mayınadək davam edəcək. Partiya üzvlərinin sayı 700 mini ötüb. Buna görə də ümumilikdə partiyamızın üzvlərinin sayı qədər ağac əkilməsi planlaşdırılır. Səbail rayonu olaraq, növbəti böyük ağacəkmə aksiyamızı dekabrın 23-də partiyamızın Sədri, ölkə başçısı cənab İlham Əliyevin doğum günü ərəfəsində daha böyük sayda və daha geniş tərkibdə keçirməyi nəzərdə tuturuq. Bu ağacəkmə aksiyası zamanı Səbail rayonu ərazisində daha üç minə yaxın ağacın əkilməsi planlaşdırılır.”
Partiya üzvlərinin Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış bu parkda təşkil olunan ağacəkmə aksiyasında böyük həvəslə iştirak etdiklərini məmnunluqla vurğulayan millət vəkili diqqətə çatdırdı ki, ağacəkmə aksiyaları həm şəhərimizin gözəlləşdirilməsi, həm yaşıllıqların artırılması, həm ekoloji təmizliyin yüksəldilməsi, eləcə də sakinlərin asudə vaxtının, istirahətinin səmərəli təşkili üçün çox mühüm əhəmiyyət kəsb etdiyindən istər respublika ictimaiyyəti, istərsə bütün vətəndaşlarımız, rayon sakinləri tərəfindən bəyənilir və yüksək dərəcədə təqdir olunur.