Səbail rayonunun komandası Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümünə həsr edilmiş “Debat turniri”nin qalibi oldu

Dekabrın 22-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) və Debat Vətəndaş Cəmiyyəti İctimai Birliyinin (DVC) birgə təşkilatçılığı ilə YAP-ın yaranmasının 25-ci ildönümünə həsr edilmiş Milli Debat Proqramı çərçivəsində “Debat turniri”nə uğurla yekun vurulub.

Bakı Ali Neft Məktəbinin Kampusundə keçirilən tədbirdə dövlət və hökumət rəsmiləri, YAP-ın İdarə Heyətinin, o cümlədən YAP GB-nin üzvləri, dövlət qurumlarının nümayəndələri, həmçinin tələbələr və gənclər iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov çıxış edərək YAP-ın yaradılmasının 25-ci ildönümü münasibətilə iştirakçıları təbrik edib. S.Novruzov bildirib ki, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu partiya ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edərək, cəmiyyətin avanqard və aparıcı siyasi qüvvəsinə çevrilib. YAP Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, ölkəmizin bütün sahələrdə dinamik inkişafında həlledici rol oynayıb.

S.Novruzov Ulu Öndər Heydər Əliyevin memarı olduğu müasir müstəqil Azərbaycan dövlətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edərək regionun lider dövlətinə, dünyada söz, nüfuz sahibinə çevrildiyini vurğulayıb. Diqqətə çatdırıb ki, dövlətimizin başçısı tərəfindən həyata keçirilən məqsədyönlü və qətiyyətli siyasət nəticəsində Azərbaycan siyasi, iqtisadi sahələrlə yanaşı, digər istiqamətlərdə də aparıcı ölkələr sırasındadır. Partiyanın yaradılmasının 25-ci ildönümü münasibətilə təşkil olunan bu turnirin əhəmiyyətini xüsusi qeyd edən S.Novruzov iştirakçılara uğurlar arzulayıb.

Bakı Ali Neft Məktəbinin direktoru Elmar Qasımov çıxışında ən müasir standartlara cavab verən bu ali təhsil ocağının fəaliyyəti, tədris prosesi barədə məlumat verib. Rektor Bakı Ali Neft Məktəbinə qəbul olan tələbələrdən 24-nün Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görüldüyünü, 7 tələbənin 700 bal topladığını qeyd edib. E.Qasımov tədbirin təşkilinə görə YAP Gənclər Birliyinə minnətdarlığını bildirib.

Çıxışlardan sonra bu qabaqcıl ali təhsil müəssisəsinin açılışında iştirak edən Prezident İlham Əliyevin çıxışına və debat turnirinin hesabat icmalına dair videoçarxlar nümayiş olunub.

Rəsmi hissədən sonra turnirin final mərhələsinə vəsiqə qazanmış Səbail və Yasamal rayonlarını təmsil edən komandalar arasında “Qarabağ MDB məkanında ən böyük münaqişə ocağıdır” mövzusunda debat keçirilib. Final mərhələsinin qaliblərinin mükafatlandırılması mərasimində debatda ən yaxşı iştirak edən 10 natiq və hakim təltif edilib. Debat turnirinin qalibi isə Səbail rayonunun təmsilçiləri olublar.

Tədbirin sonunda YAP Gənclər Birliyi ilə DVC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Memorandumun məqsədi birgə əməkdaşlıq çərçivəsində gənclərin inkişafını təmin etmək, Bakıda və regionlarda yaşayan gənclərin dünyagörüşünün və biliklərinin artırılması istiqamətində ictimai debatların reallaşdırılması ilə bağlı yeni layihələr həyata keçirməkdir.

Tədbirin videoyazısı
İki Sahil TV