YAP Səbail rayon təşkilatının yeni “Gimnastlar” ərazi ilk partiya təşkilatı təsis olundu

Dekabrın 22-də İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbində YAP Səbail rayon təşkilatının yeni “Gimnastlar” ərazi ilk partiya təşkilatının təsis yığıncağı keçirildi.

Təsis yığıncağında YAP Səbail rayon təşkilatının Aparat rəhbəri dos. Zəfər Bayramov və İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin direktoru Xaqani Cəfərov iştirak etdilər.

Yığıncağı açıq elan edən YAP Səbail rayon təşkilatının Aparat rəhbəri dos. Zəfər Bayramov Azərbaycan Gimnastika Federasiyasının bütün kollektivini YAP Səbail rayon təşkilatının sədri professor Şəmsəddin Hacıyevin adından səmimi qəlbdən salamladı. Aparat rəhbəri dövlət siyasəti səviyyəsində milli idmanımızın inkişafına göstərilən diqqət və qayğıdan ətraflı danışaraq, istər Ulu Öndər Heydər Əliyevin, istərsə də onun layiqli siyasi davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin prezidentlikləri dövründə ölkəmizdə dünyaşöhrətli idmançıların yetişməsi ilə bağlı görülən işləri ürəkdən alqışladı. Son illərdə Azərbaycanın mötəbər beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi etməsi və ölkəmizin artıq dünyada məharətli idman təşkilatçısı olan ölkə kimi tanınması faktını böyük qürur hissi ilə vurğulayan Z.Bayramov bu sahədə ölkə başçısı cənab İlham Əliyevin və Respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın misilsiz xidmətlərini xüsusi qeyd etdi.

Çıxışının davamında Z.Bayramov Yeni Azərbaycan Partiyasının (YAP) yaranma tarixi, xalqın təkidli tələbi və arzusu ilə yaranan və sözün əsl mənasında ümumxalq partiyası olan YAP-ın yaranmasının və Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin partiyanın ilk sədri seçilməsinin zəruri tarixi-obyektiv səbəbləri, eləcə də partiyanın ötən 25 il ərzində keçdiyi şərəfli və çətin inkişaf yolundan geniş bəhs etdi. Azərbaycan Gimnastika Federasiyasına daxil olan çoxsaylı qadın, kişi və uşaq gimnastika klublarından biri olan və Səbail rayonu ərazisində fəaliyyət göstərən İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbində yeni ərazi ilk partiya təşkilatının təsis olunması təşəbbüsünü yüksək qiymətləndirən Z.Bayramov bu münasibətlə rəhbərlik başda olmaqla bütün kollektivi təbrik etdi. Daha sonra YAP Səbail rayon təşkilatının çoxşaxəli fəaliyyəti haqqında ətraflı məlumat verən Aparat rəhbəri əminliyini ifadə etdi ki, Gimnastika Məktəbinin üzvləri Səbail rayonun ictimai-siyasi həyatına bundan sonra da böyük töhfələr verəcəklər.

Yığıncağın davamında “Gimnastlar” ərazi ilk partiya təşkilatı təsis olundu və təşkilatın İdarə Heyətinin üzvləri, sədri və sədrin müavinləri seçildi. Təşkilat üzvlərinə siyasi fəaliyyətlərində uğurlar arzu edildi.

İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin direktoru Xaqani Fərəcov Məktəbin fəaliyyəti haqqında geniş məlumat verdi. Bildirildi ki, Məktəbin çoxsaylı gənclərdən və könüllülərdən ibarət kollektivi dövlət başçısı, YAP-ın Sədri İlham Əliyev və Respublikamızın Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının Prezidenti xanım Mehriban Əliyevanın apardığı siyasəti ürəkdən bəyənir və dəstəkləyirlər. Gimnastika Federasiyası bundan sonra da fəal ictimai-siyasi fəaliyyəti ilə ölkədə aparılan alternativsiz siyasətə öz töhfələrini verməyə davam edəcəkdir.

Yığıncaq YAP Səbail rayon təşkilatı və Azərbaycan Gimnastika Federasiyası arasında gələcək əməkdaşlıq və birgə layihələrin müzakirəsi ilə yekunlaşdı.