YAP Səbail rayon təşkilatında 2017-ci ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edildi

29 dekabr 2017-ci il tarixində YAP Səbail rayon təşkilatında İdarə Heyətinin 2017-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi.

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev ilk öncə ötən il respublikamızın ictimai-siyasi həyatında baş verən mühüm siyasi, iqtisadi, sosial, mədəni, idman hadisələri haqqında danışaraq, qeyd etdi ki, 2017-ci il həm ölkəmiz, həm Yeni Azərbaycan Partiyası, həm də Səbail rayonu üçün çox uğurlu il olmdur.

Məlum olduğu kimi, 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” kimi elan edilmişdi. Sədr bu çərçivədə Azərbaycanda keçirilmiş möhtəşəm tədbirləri, xüsusilə də doğma Bakımızın IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə evsahibliyi etməsini ölkəmiz üçün böyük nailiyyət kimi dəyərləndirdi.

Azərbaycanın ötən il əldə etdiyi mühüm sosial-iqtisadi uğurlara toxunan deputat bildirdi ki, Azərbaycan bu il “Əsrin Müqaviləsi”nin ölkəmiz üçün ən əlverişli şərtlərlə 2050-ci ilə qədər uzadılması, “Dəmir İpək Yolu” adlandırılan və Şərqlə Qərbi birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı kimi mühüm transkontinental enerji və infrastruktur layihələrinə imza atdı. Vurğulandı ki, Şimal-Cənub nəqliyyat dəhlizinin istifadəyə verilməsi ilə bağlı işlər yekunlaşmaq üzrədir, açılışı 2018-ci ildə nəzərdə tutulan TANAP, TAP boru kəmərləri ölkəmizə ciddi iqtisadi dividendlər vəd edir, Azərbaycan artıq qlobalmiqyaslı layihələrin təşəbbüskarı və bu nəhəng layihələri maliyyələşdirmək imkanında olan ölkə kimi özünü təsdiq etmişdir. 2017-ci ildə dünyanın 10-dan çox ölkəsinin iqtisadiyyatına investisiya yatıran Azərbaycan artıq milli iqtisadiyyatdan kənarda özünün ikinci iqtisadiyyatını yaratmaqla, qlobal təkrar istehsal siklinə qoşulur, ölkəmizdə kiçik və orta sahibkarlıq fəaliyyəti əhəmiyyətli dərəcədə genişlənir, transmilli şirkətlərimizin sayı artır, milyonlarla yeni iş yerləri yaradılır. Ötən il müstəqilliyimiz dövrü ərzində ən yüksək göstəricilərə malik olan Dövlət büdcəsi qəbul olundu, xarici ticarət əlaqələrində müsbət saldonun yaranması və ümumilikdə Tədiyyə Balansının profisiti nəticəsində strateji valyuta ehtiyatlarımız $5 mlrd. dollar həcmində artdı. Bütün bu faktlar bizim iqtisadi potensialımızdan, imkanlarımızdan xəbər verir və gələcək inkişafımız üçün əsaslı təməllər formalaşdırır. Ən mühüm uğurlarımızın 2015-ci ildən başlayan iqtisadi problemlərin artıq geridə qalması, ÜDM-nin həcmində artıma nail olunması, xüsusilə qeyri-neft sektorunun inkişafındakı naliyyətlər, pul-kredit, maliyyə və iqtisadiyyatımızın bütün sahələrində həyata keçirilən sistemli islahatlardan ibarət olduğunu xüsusi qeyd edən Sədr, onu da bildirdi ki, ölkəmiz qlobal böhrandan ən az itkilərlə və ən qısa zamanda çıxa bilən azsaylı ölkələr sırasındadır.

Başa vurduğumuz ilin Yeni Azərbaycan Partiyası üçün əlamətdar hadisələrlə yadda qaldığını diqqətə çatdıran Ş.Hacıyev YAP-ın 25 illik yubileyinin ən yüksək səviyyədə qeyd olunması və yubileylə əlaqədar olaraq 51 nəfər YAP üzvünün yüksək Dovlət mükafatları ilə təltif olunmasını möhtərəm Prezidentimiz – partiya Sədrimizin bütövlükdə Yeni Azərbaycan Partiyasınin fəaliyyətinə verdiyi yüksək qiymət kimi dəyərləndirdi.

Millət vəkili 2017-ci ildə YAP Səbail rayon təşkilatı tərəfindən görülmüş işlər haqqında da qısa məlumat verdi. Bildirildi ki, YAP Səbail rayon təşkilatı ötən il üçün YAP İcra Katibliyi tərəfindən qarşıya qoyulan bütün məqsəd və vəzifələri layiqincə yerinə yetirmiş və iş planında nəzərdə tutulan bütün tədbirləri vaxtlı-vaxtında icra etmişdir. Qeyd olundu ki, partiya təşkilatımız il ərzində çoxşaxəli fəaliyyət göstərmiş, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü və YAP-ın 25 illik yubileyi münasibətilə hazırlanmış geniş tədbirlər planı uğurla icra olunmuşdur. Bu tədbirlər çərçivəsində xüsusilə partiyanın “Qızıl Fondu” hesab olunan “91-lər”lə keçirilən görüşlər, Səbail rayonunun 90 nəfərdən ibarət nümayəndə heyətinin Böyük Qayıdışın başlanmasının rəmzi olan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə və cəbhə bölgəsinə il ərzində reallaşdırılmış səfərləri xüsusi qeyd olunmalıdır. YAP-ın 25 illik yubileyi münasibətilə, “91-lər”dən Səbail rayonunda qeydiyyatda olan 9 nəfərin ölkə başçısı cənab İlham Əliyev tərəfindən xüsusi dövlət mükafatlarına layiq görüldüklərini məmnunluqla qeyd edən Ş.Hacıyev vurğuladı ki, bizimlə birgə işləyən, İdarə Heyətimizin üzvü olan partiya təəssübkeşlərinin əməyinin cənab Prezident tərəfindən belə yüksək qiymətləndirilməsi bizdə böyük qürur hissi yaradır.

Məlumat verildi ki, il ərzində YAP Səbail rayon təşkilatı nəzdində 12 yeni ərazi ilk partiya təşkilatı təsis olunmuşdur və hazırda rayon təşkilatının qeydiyatında 119 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir.

Ölkəmizin və Səbail rayonunun ictimai-siyasi və sosial-mədəni həyatında yaxından iştirak edən YAP Səbail rayon təşkilatı artıq ənənə halını almış xeyriyyəçilik fəaliyyətini də il ərzində davam etdirmiş və yardıma ehtiyacı olan aztəminatlı rayon sakinlərini, şəhid ailələrini, əlilləri, tənha qocaları, yataq xəstələrini və kimsəsizləri daim xüsusi diqqətdə saxlamışdır. Mütəmadi həyata keçirilən xeyriyyə aksiyaları çərçivəsində I qrup əlil olan, hərəkət etməkdə çətinlik çəkən və ciddi ehtiyacı olan aztəminatlı 13 rayon sakininə əlil arabaları hədiyyə olunmuş, eləcə də il ərzində Səbail rayonunda yaşayan yüzdən çox aztəminatlı ailəyə, o cümlədən Qarabağ müharibəsi veteranlarına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Səbail rayon şöbəsinin qeydiyyatında olan əlil, tənha, ahıl və kimsəsiz rayon sakinlərinə bayram sovqatları və ərzaq yardımları təqdim olunmuşdur.

2018-ci ildə rayon partiya təşkilatı qarşısında duran məqsəd və vəzifələrə də toxunan Sədr diqqətə çatdırdı ki, 2018-ci il müstəqil Azərbaycanımızın tarixinə növbəti prezident seçkiləri ili kimi daxil olacaqdır. Yeni Azərbaycan Partiyasının ümumxalq seçkilərində mühüm qələbələr qazanmasının əsasında duran amillərdən biri partiyamızın məhz mütəşəkkil qaydada və uğurlu seçki kampaniyaları həyata keçirməsidir. Hazırda Azərbaycanda qibtəolunacaq dərəcədə sarsılmaz xalq-iqtidar birliyi formalaşıb. Ölkəmizdə yaranmış bu ictimai-siyasi sabitliyi qorumaq və ölkə başçısının ətrafında sıx birləşərək ölkədə aparılan düşünülmüş siyasəti, iqtisadi, sosial və siyasi islahatları dəstəkləmək hər birimizin başlıca vəzifəsi və mənəvi vicdan borcumuzdur. YAP Səbail rayon təşkilatı bundan sonra da partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin siyasətini dəstəkləmək, verilən konkret tapşırıq və tövsiyələr əsasında üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün bütün intellekti, təcrübəsi, bacarığı və var qüvvəsi ilə çalışacaqdır.

Çıxış edən İdarə Heyətinin üzvləri Rizvan Vahabov, Kamil Qafarov, prof. Vilayət Əliyev və YAP Səbail Qadınlar Şurasının sədri dos. Təranə Kərimova il ərzində rayon partiya təşkilatı tərəfindən görülmüş işləri yüksək qiymətləndirərək 2018-ci ildə rayon partiya təşkilatının fəaliyyətinə uğurlar arzuladılar.

İclasın davamında İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbində yeni təsis olunan “Gimnastlar” və “Əbdülkərim Əlizadə 5” ərazi ilk partiya təşkilatlarının müraciətinə baxıldı və təşkilatların qeydiyyata alınması barədə qərar qəbul edildi.

Sonra cari məsələlər müzakirə edildi və müvafiq qərarlar qəbul olundu.

İclasa yekun vuran Sədr qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2018-ci il münasibətilə bütün Yeni Azərbaycan Partiyası üzvlərini təbrik etdi, hamıya cansağlığı, uzun ömür və işlərində nailiyyətlər arzuladı. Əminliklə qeyd olundu ki, Ulu Öndər Heydər Əliyev yolu və möhtərəm Prezidentimiz İlham Əliyevin cəsarətli, düşünülmüş və Azərbaycan xalqının mənafelərinə xidmət edən siyasəti bizi gələcəkdə daha böyük uğurlara aparacaqdır.