YAP Səbail “Voleybolçular” ərazi ilk partiya təşkilatının yeni üzvlərinə vəsiqələr təqdim olundu

Dekabrın 29-da Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının “Voleybolçular” ərazi ilk partiya təşkilatının yeni üzvlərinə partiya vəsiqələri təqdim olundu.

İclasda Azərbaycan Voleybol Federasiyasının birinci vitse-prezidenti, voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev, ilk partiya təşkilatının sədri Əbülfəz Hüseynov, YAP Səbail rayon təşkilatının Aparat rəhbəri Zəfər Bayramov, İdarə Heyətinin üzvü Kamil Qafarov və partiya üzvləri iştirak etdilər.

İclas iştirakçılarını YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev adından salamlayan Zəfər Bayramov başda Cavid Qurbanov və Faiq Qarayev olmaqla Azərbaycan Voleybol Federasiyasının bütün kollektivini qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2018-ci il münasibətilə ürəkdən təbrik etdi, onlara cansağlığı və yeni-yeni uğurlar arzuladı. 2017-ci ilin Azərbaycan üçün hər sahədə son dərəcə uğurlu il olduğunu diqqətə çatdıran Aparat rəhbəri ölkəmizdə “İslam Həmrəyliyi İli” çərçivəsində keçirilmiş tədbirlər, bütün ictimai-siyasi sahələrdə görülmüş işlər haqqında danışaraq, 2017-ci ilin əlamətdar hadisələri arasında “Əsrin Müqaviləsi”nin 2050-ci ilə kimi uzadılmasını nəzərdə tutan 14 Sentyabr Sazişinin imzalanmasını və nəhəng transkontinental infrastruktur layihəsi olan Bakı-Tbilisi-Qarsın açılmasını Azərbaycanın və Respublika Prezidentinin böyük iqtisadi və siyasi uğuru kimi dəyərləndirdi.

İl ərzində Azərbaycanın idman sahəsində də böyük uğurlara imza atdığını diqqətə çatdıran Z.Bayramov Azərbaycanın idman ölkəsi kimi prestijinin bu il daha da yüksəldiyini bildirərək, vurğuladı ki, bu sahədə voleybolçularımızın uğurlarını xüsusi qeyd etmək lazımdır. İdmançılarımıza və ümumiyyətlə Azərbaycan Voleybol Federasiyasının bütün kollektivinə bundan sonra da daha yüksək nailiyyətlər arzu edən Z.Bayramov bu gün YAP üzvlük vəsiqəsi alan yeni üzvləri bu münasibətlə ürəkdən təbrik etdi və onlara gələcək siyasi və idman karyeralarında uğurlar arzuladı.

Azərbaycan Voleybol Federasiyasının (AVF) bütün əməkdaşları adından Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunan yeni üzvləri təbrik edən Faiq Qarayev bildirdi ki, AVF çoxmillətli Federasiya olsa da, burada Azərbaycanı ürəkdən sevən, Azərbaycan idmanı üçün çox işlər görmüş fədakar insanlar cəmləşmişlər. 17 ildən çoxdur ki, Azərbaycan idmanı üçün çox işlər görmüş AVF üzvlərinin bu gün böyük YAP ailəsinə üzv qəbul olunmasının böyük qürurverici amil olduğunu vurğulayan F.Qarayev bildirdi ki, AVF istər ictimai-siyasi fəaliyyət, istər idman sahəsində bundan sonra da YAP-la sıx əməkdaşlıq edəcəkdir.

Yeni vəsiqələr alan üzvləri təbrik edən “Voleybolçular” ərazi ilk partiya təşkilatının sədri Əbülfəz Hüseynov təşkilat üzvlərinin partiyanın qarşıya qoyduğu vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəyini qeyd etdi: “Biz ölkədə aparılan dövlət siyasətini var gücümüzlə həmişə dəstəkləmişik, bundan sonra da dəstəkləyəcəyik.”

Sonda yeni üzvlərə partiya vəsiqələri təqdim olundu.

Partiyanın yeni üzvləri onlara göstərilən etimadı yüksək qiymətləndirərək, bu partiyaya üzv qəbul olunduqları üçün böyük qürur hissi keçirdiklərini və üzərlərinə düşən məsuliyyəti layiqincə yerinə yetirəcəklərini bildirdilər.