YAP Səbail “Bibiheybət” (50 saylı tam orta məktəb) ərazi ilk partiya təşkilatının təşkilatçılığı ilə Xalq şairi Nəriman Həsənzadə ilə görüş keçirildi

Yanvarın 11-də Bibiheybət qəsəbəsindəki 50 saylı tam orta məktəbdə Xalq şairi, dramaturq, “Şərəf” ordenli, Heydər Əliyev mükafatı laureatı, prezident təqaüdçüsü, Azərbaycan Milli Aviasiya Akademiyasının “Humanitar fənlər kafedrası”nın müdiri Nəriman Həsənzadənin yaradıcılığına həsr olunmuş “Bu torpaqda bitəcəyəm mən xarı bülbül yerinə” adlı bədii gecə-görüş keçirildi. Bakının ən qədim və özünəməxsus tarixi ilə seçilən Bibiheybət qəsəbəsi sakinlərinin, məktəblilərin görkəmli şairimizi daha da yaxından tanıması məqsədilə təşkil olunmuş görüşdə milli ədəbiyyatımızın və şəxsən Nəriman Həsənzadənin pərəstişkarları, şer həvəskarları, Səbail rayon İcra Hakimiyyətinin və bələdiyyənin nümayəndələri, rayonun pedaqoji kollektivləri, qəsəbə ictimaiyyətinin nümayəndələri və şagirdləri, eləcə də YAP Səbail rayon təşkilatının əməkdaşları və digər qonaqlar iştirak etdilər.

Tədbir-görüşü açıq elan edən 50 №-li orta məktəbin direktoru Sədaqət Həsənova iştirakçıları salamladı və xalq şairi Nəriman Həsənzadənin həyat və yaradıcılığı barədə məlumat verdi.

Məktəblilərin yüksək əhval ruhiyyə və böyük həvəslə iştirak etdiyi tədbirdə şagirdlərin ifasında şairin şerləri, onun şözlərinə yazılmış mahnılar səsləndi, bədii kompozisiya nümayiş etdirildi.

Tədbirdə səsləndirilən çıxışlarda qeyd olundu ki, sevgi, məhəbbət, nəğmə şairi olan Nəriman Həsənzadə bütün yüksək insani keyfiyyətlərin daşıyıcısı olmaqla yanaşı, 7-dən 77-yə hamının sevimli şairi, keçdiyi çətin və şərəfli həyat yolu ilə gənclərimiz üçün müsbət nümunə təşkil edən əsl şəxsiyyətdir.

Çıxış edən Nəriman Həsənzadə bu gözəl görüşü təşkil etdikləri üçün məktəb rəhbərliyinə təşəkkür edərək, uşaqlarla, oxuyucuları ilə bugünkü görüşündən böyük zövq aldığını diqqətə çatdırdı. Şerin, ədəbiyyatın böyük tərbiyə məktəbi olduğunu vurğulayan Xalq şairi məktəblilərin xahişi ilə özünün “Poyluda qaldı” adlı şerini səsləndirdi.

Tədbir iştirakçılarının sevimli şairimizə ünvanladıqları çoxsaylı sualları böyük məmnuniyyət və səmiyyətlə cavablandıran N.Həsənzadə keçdiyi həyat yolu, gənclik, tələbəlik, yetkinlik illəri barədə xatirələrindən, Ulu öndər Heydər Əliyevlə görüşlərindən danışaraq, məktəblilərə insanlıq, təhsilin önəmi, Vətənə sevgi və milli-mənəvi dəyərlərimizin yaşadılmasının əhəmiyyətinə dair qızıldan qiymətli məsləhətlərini verdi.

Çıxış edən Səbail rayonu 203 saylı tam orta məktəbin direktoru Nailə Əhmədova Azərbaycanın çox səmimi, həssas və vətənpərvər şairi olan Nəriman Həsənzadə ilə keçirilən bugünkü görüşün məktəblilərimiz üçün tərbiyəvi əhəmiyyəti və dəyəri haqqında danışdı. Nəriman Həsənzadənin böyük üstad, şair, pedaqoq, böyük hərfli insan və Vətənin hər daşını, çiçəyini sevən əsl vətəndaş olmasını xüsusi vurğulayan N.Əhmədova görkəmli şairimizə bundan sonra da məşhur şerində özünün dediyi kimi “dünyanın xoşbəxti” olmasını arzuladı.

Mədəniyyət-incəsənət tədbirlərinin keçirilməsi, görkəmli mədəniyyət xadimləri ilə məktəblilərin görüşlərinin təşkil olunması ilə əlaqədar Azərbaycan məktəblərində tarix boyu formalaşdırılmış müsbət ənənələrin bu gün də yaşadılması və uğurla davam etdirilməsindən böyük məmnunluqla bəhs edən Səbail rayon İcra Hakimiyyətinin Humanitar-siyasi şöbəsinin müdiri İsrafil Kərimov Xalq şairimizin yüksək tərbiyəvi əhəmiyyəti olan yaradıcılığı haqqında danışaraq, məktəblilərə Vətəninə bağlı yaxşı insan və yaxşı mütəxəssis olmaları üçün zəngin Azərbaycan ədəbiyyatını dərindən öyrənməyi və araşdırmağı, ədəbiyyat əsərlərində əks olunmuş insan talelərindən nümunə götürməyi tövsiyə etdi.

YAP Səbail rayon təşkilatının Aparat rəhbəri dos. Zəfər Bayramov Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev adından Xalq şairimizi və tədbir iştirakçılarını ürəkdən salamlayaraq, gözəl fikirlərin səsləndirildiyi və müsbət təəssüratların yarandığı bugünkü təsiredici görüşə görə təşəkkür etdi. Nəriman Həsənzadənin həyat kredosunu böyük türk şairi Nazim Hikmətin “Mən yanmazsam, sən yanmazsan, o yanmazsa; Necə çıxar qaranlıqlar aydınlığa” misrası ilə ifadə edə biləcəyimizi qeyd edən Z.Bayramov diqqətə çatdırdı ki, hər bir insanın həyatdakı ən böyük vəzifəsi insan ola bilməsidir. İnsan sözün həqiqi mənasında insan olanda bütün həyat məqsədlərinə və hədəflərinə nail ola bilər.

Azərbaycanın sevimli Xalq şairi ilə keçirilmiş bugünkü görüşdə iştirak edən hər kəsə ürəkdən təşəkkür edən 50 saylı məktəbin direktoru Sədaqət Həsənova yüksək tərbiyəvi əhəmiyyəti olan bu səpkili görüşləri bundan sonra da sevə-sevə təşkil edəcəklərini bildirdi.

Nəriman Həsənzadəyə məktəblilərin hazırladıqları hədiyyələr təqdim olundu və xatirə şəkilləri çəkildi. Tədbirdə iştirak edən hər kəs görüşdən müsbət təəssüratlarla və silinməz xatirələrlə ayrıldı.