Səbail rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anıldı
17.01.201820 Yanvar faciəsindən artıq iyirmi səkkiz il ötür. Xalqımızın qan yaddaşına yazılmış bu tarixi faciə ölkəmizin hər yerində olduğu kimi paytaxtımızın Səbail rayonunun idarə və təşkilatlarında, ali və orta təhsil müəssisələrində də yad olunur.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərinin “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında” sərəncamına əsasən Səbail Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər hazırlanmış və bu plana uyğun olaraq rayonun idarə və təşkilatlarında, ali və orta təhsil müəssisələrində tədbirlər keçirilir, rayondakı muzey və sərgi salonlarında müxtəlif sərgilər təşkil olunur. Orta və ali təhsil müəssisələrinin şagird və tələbələrin “Şəhidlər Xiyabanı”na ziyarətləri təşkil olunur. Yanvar ayının 19-da rayondakı bütün təhsil müəssisələrində keçirilən birinci dərslər Qanlı Yanvar faciəsinə həsr ediləcəkdir.
Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə hər il olduğu kimi bu il də rayon rəhbərliyi, Respublika “20 Yanvar” Cəmiyyəti, Sosial Müdafiə Fondu, Məşğulluq Mərkəzi və rayonun ictimai təşkilatlarının nümayəndələrinin iştirakı ilə rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı əlil olmuş rayon sakinləri ilə Rayon İcra Hakimiyyətində görüş keçirildi.
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev qeyd etdi ki, bu faciə xalqımızın qan yaddaşında əbədi həkk olunmuşdur. Keçmiş Sovet ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhramanları olmuşlar. Ümummilli Liderimiz Heydər Əliyev hər zaman 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələri, əlil olmuş vətəndaşlarımıza diqqət və qayğısını əsirgəməmişdir. Onun səyləri ilə faciə qurbanlarının ailələri və 20 Yanvar əlilləri dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunmuşlar. Vurğulandı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslərə qayğı hər zaman diqqət mərkəzindədir, onlara verilən təqaüd və müavinətlər artırılır və bu artım gələcəkdə də davam etdiriləcəkdir.
Görüşdə şəhid ailələri və 20 Yanvar əlillərinin məişət qayğıları və problemləri ilə maraqlanıldı, bir çox sualların həlli ilə bağlı müvafiq qurumlara tapşırıqlar verildi.
Şəhid ailələri və əlillər adından çıxış edənlər onlara olan diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
Tədbirin sonunda RİH tərəfindən şəhid ailələri və əlillərə maddi yardım göstərildi, onlara ərzaq bağlamaları təqdim olundu.
Tədbirdə qeyd olundu ki, yanvarın 20-də rayondakı Bibiheybət ziyarətgahında və İçəri şəhərdəki “Cümə məscidi”ndə şəhidlərin xatirəsinə dualar oxunacaq və ehsanlar veriləcəkdir.
Bütün şəhidlərimizə Allahdan rəhmət diləyir və ruhları qarşısında ehtiramla baş əyirik!