M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında YAP-ın yeni ərazi ilk partiya təşkilatı təsis olundu
18.01.2018Yanvarın 17-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının yeni “Akademik Filarmoniya” ərazi ilk partiya təşkilatı təsis olundu.
Təsis yığıncağında YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev, Dövlət Filarmoniyasının direktor müavini Afət Mikayılov, Filarmoniyanın əməkdaşları və fəal gənclər iştirak etdilər.
Yığıncaq iştirakçılarını salamlayan Azərbaycan Dövlət Filarmoniyasının direktor müavini Afət Mikayılov bildirdi ki, ölkədə aparılan uğurlu siyasətin və ölkə başçısının incəsənətimizə, milli mədəniyyət ustalarına göstəriyi yüksək diqqət və qayğının nəticəsidir ki, bu gün Filarmoniya kollektivində YAP sıralarına daxil olmaq üçün böyük maraq müşahidə olunur və çoxsaylı müraciətlər qeydə alınır. Bununla əlaqədar olaraq, Dövlət Filarmoniyasında yeni ərazi ilk partiya təşkilatının təsis olunması üçün YAP Səbail rayon təşkilatına müraciət edilib.
Çıxış edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev Azərbaycanın əməkdar incəsənət xadimi, görkəmli bəstəkar Müslüm Maqomayevin adını daşıyan, mədəniyyətimizin, incəsənətimizin inkişafında mühüm töhfələri olan Dövlət Filarmoniyası kollektivindən belə bir müraciətin daxil olmasını yüksək qiymətləndirdi və klassik musiqimizin təkrarsız təbliğat ocağı olan, milli musiqi ənənələrimizi yaşadan və bütün dünyada təbliğ edən Filarmoniyada bu gün yeni ərazi ilk partiya təşkilatının təsis olunmasından son dərəcə məmnun olduğunu xüsusi qeyd etdi.
Millət vəkili Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, o dövrdə hakimiyyəti zor gücünə ələ keçirmiş AXCP-Müsavat cütlüyünün səriştəsiz dövlət idarəçiliyi nəticəsində ölkəmizdə yaşanan mürəkkəb böhran şəraitindən, partiyamızın ötən 25 ildə keçdiyi şərəfli yoldan və əldə etdiyi uğurlardan ətraflı bəhs edərək vurğuladı ki, Azərbaycanın müstəqil, demokratik, sivil dövlət kimi formalaşması və möhkəmləndirilməsində, ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunda fəal rol oynayan YAP-ın yaranması 90-cı illərin əvvəllərində Azərbaycanda mövcud olan ictimai-siyasi şəraitin zəruri tələbi və cərəyan edən hadisələrin məntiqi nəticəsi idi. Azərbaycan xalqının müqəddəratını həll edən, dünənin, bu günün və sabahın məsuliyyətini öz üzərinə götürən, müstəqil Azərbaycan dövləti ilə eyni zamanda təşəkkül tapan Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən etibarən bütün qüvvə və bacarığını xalqa xidmətə yönəldib, partiyamız bu gün də bir-birindən əhəmiyyətli uğurlara imza atmada davam edir. Partiyanın yaradıcısı və ilk sədri Ümummilli Lider Heydər Əliyevin zəngin təcrübəsi, müstəqil, demokratik, hüquqi dövlət quruculuğu yolunda gərgin fəaliyyəti, cəmiyyət həyatının bütün sahələrini əhatə edən əsaslı islahatları Azərbaycanın bugünkü və gələcək taleyini müəyyən edib. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası ən ali ideallara xidmət etməkdə davam edir.
Ulu Öndərin xalqımız qarşısında ən böyük xidmətlərindən birinin siyasi varisini çox düzgün seçməsi olduğunu diqqətə çatdıran Ş.Hacıyev çıxışının davamında cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi misilsiz sosial-iqtisadi nailiyyətlərdən, ölkəmizin təşəbbüsçüsü və bilavasitə iştirakçısı olduğu “Əsrin Müqaviləsi”nin uzadılması, Bakı-Tbilisi-Qars “Dəmir İpək Yolu”nun açılışı, Şahdəniz-2, TANAP, TAP kimi nəhəng tansmilli enerji və infrastruktur layihələrinin uğurlu icrasından ətraflı danışdı. Bildirildi ki, məhz ölkə rəhbərinin düşünülmüş, son dərəcə müstəqil və cəsarətli siyasəti nəticəsində hazırda Azərbaycan dünyada söz sahibi olan ölkəyə çevrilib, dünyada etibarlı iqtisadi və siyasi tərəfdaş, eləcə də multikultural və konfessiyalararası dialoq mərkəzi kimi özünü təsdiq edib. Bütün bu misilsiz nailiyyətlərin əldə olunmasında Yeni Azərbaycan Partiyasının rolu və əhəmiyyəti ölçüyəgəlməzdir. 2017-ci il dərin iqtisadi islahatlar ili olmuşdur, ölkəmiz sürətlə və uğurla inkişaf etmişdir. Azərbaycan gələcəyə nikbinliklə baxır, ölkəmizdə sosial infrastruktur layihələrinin icrası ilə bağlı dövlət investisiya proqramları, bütün iqtisadi sahələrin dayanıqlı inkişafı üçün strateji vəzifələr və yol xəritələri uğurla icra olunur. Əminik ki, Azərbaycan yaxın gələcəkdə ən inkişaf etmiş ölkələrdən biri olacaqdır.
Daha sonra rayon partiya təşkilatının sədri YAP Səbail rayon təşkilatının fəaliyyəti, Səbail rayonunda təşkil olunan ictimai-siyasi, mədəni tədbirlər, rayon ictimaiyyətinin cəbhə bölgəsinə, o cümlədən Böyük Qayıdışın rəmzi olan Cocuq Mərcanlı kəndinə səfərləri, YAP-ın 25 illik yubileyi münasibətilə icra olunan geniş tədbirlər planı haqqında geniş məlumat verdi. Ş.Hacıyev bu gün Azərbaycan Dövlət Filarmoniyasında YAP-ın yeni ərazi ilk partiya təşkilatının təsis olunmasını böyük tarixi əhəmiyyət kəsb edən hadisə kimi qiymətləndirdi və bu münasibətlə bütün kollektivi ürəkdən təbrik etdi. Paytaxtın paytaxtı olan Səbail rayonunun mədəni həyatında mühüm töhfələri olan incəsənət xadimlərimizin öz peşələri ilə yanaşı, artıq rayonumuzda gedən mühüm ictimai-siyasi proseslərdə də yaxından iştirak edəcəklərinə dair əminliyini ifadə edən deputat yeni təşkilat üzvlərinə siyasi fəaliyyətlərində uğurlar arzuladı.
Sonra “Akademik Filarmoniya” ərazi ilk partiya təşkilatı təsis olundu, təşkilatın sədri, müavinləri və İdarə heyətinin üzvləri seçildi.
“Akademik Filarmoniya” ərazi ilk partiya təşkilatının yeni seçilmiş sədri Fikrət Əmirov adına Əməkdar Kollektivin Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi Elçin Abbasov ona göstərilən yüksək etimada görə təşəkkür edərək, ölkə rəhbəri, partiya Sədri cənab İlham Əliyevin siyasətini ürəkdən dəstəklədiklərini və partiyanın bütün tapşırıqlarını yüksək məsuliyyətlə yerinə yetirməyə hazır olduqlarını bildirdi.
Müsbət təəssüratlarla yadda qalan yığıncağa YAP Səbail rayon təşkilatı və Azərbaycan Dövlət Filarmoniyası arasında gələcək əməkdaşlıq planlarının müzakirəsi ilə yekun vuruldu.
Tədbirin videoyazısı
SəsTV