YAP Səbail “Azərbaycan tarixçiləri” (Milli Azərbaycan Tarixi Muzeyi) ərazi ilk partiya təşkilatında “20 Yanvar kataloqunun” təqdimatı keçirildi

Bu gün AMEA Milli Azərbaycan Tarixi Muzeyində “20 Yanvar şəhidləri” kataloqunun (Baş red.: akademik Nailə Vəlixanlı, Bakı: “Elm”, 2018. 210 s.) təqdimatına həsr olunmuş tədbir keçirildi. Kataloq Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən nəşr edilmişdir.

Tədbirdə 20 yanvar şəhidlərinin ailə üzvləri, Azərbaycan Respublikası “Qadın və İnkişaf” Mərkəzinin vitse-prezidenti, 20 yanvar şəhidi Cəbrayıl Xanməmmədovun həyat yoldaşı Şövkət Xanməmmədova, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədr müavini Arzuman Muradlı və Aparat rəhbəri dos. Zəfər Bayramov, məktəblilər və KİV nümayəndələri iştirak etdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.

Sonra tədbir iştirakçıları 1990-cı il 20 yanvar gecəsində azadlıq uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Tədbiri giriş sözü ilə Muzeyin direktoru, akademik Nailə Vəlixanlı açaraq, bu qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər barədə ətraflı məlumat verdi. O, bildirdi ki, 1990-cı il yanvarın 20-də keçmiş SSRİ Silahlı Qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qanlı aksiya insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Həmin günlərdə Azərbaycan xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Bu faciə yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri insanlığa, humanizmə qarşı törədilən cinayətdir.

Milli Azərbaycan Tarixi Muzeyi 20 Yanvar faciəsi ilə bağlı sənəd, foto və əşyaların toplanması işini həyata keçirir. Hazırda 300-dən artıq eksponat Muzeyin müvafiq fondlarında qorunmaqdadır. Oxuculara təqdim etdiyimiz kataloq Muzeyin fondlarında qorunan materialları əks etdirir. Muzey 20 Yanvar hadisəsinə dair tarixi əşyaların toplanması işini bu gün də davam etdirir. Nailə xanım bu mövzuda kataloqun nəşr edilməsini qanlı tariximizin yaddaşlardan silinməməsi baxımından mühüm addım adlandırdı.

Tədbirdə iştirak edən YAP Səbail rayon təşkilatının Aparat rəhbəri dos. Zəfər Bayramov öz çıxışında bildirdi ki, 1990-cı il yanvar ayının 20-si Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut etdi. Məhz buna görə də 20 yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir.

Daha sonra Azərbaycan Respublikası “Qadın və İnkişaf” Mərkəzinin vitse-prezidenti, 20 yanvar şəhidi Cəbrayıl Xanməmmədovun həyat yoldaşı Şövkət Xanməmmədova da çıxış edərək başda akademik Nailə Vəlixanlı olmaqla “20 yanvar şəhidləri” kataloqunun hazırlanmasında əməyi keçən muzey əməkdaşlarına minnətdarlığını bildirdi.

Tədbir Azərbaycan Dövlət Musiqi Akademiyasının tələbələri və 2 saylı Texniki-Humanitar Elmlər Liseyinin şagirdləri tərəfindən hazırlanmış bədii hissə ilə davam etdi.

Xalqımızın milli birliyini gücləndirmiş, Azərbaycan tarixinin faciəvi, eyni zamanda şanlı səhifələrindən biri olan 20 Yanvar faciəsi qurbanlarının xatirəsi daim qəlblərdə yaşayacaq və fəxrlə anılacaq.