Səbail rayonu 6 nömrəli məktəb-liseyin məktəbliləri 20 Yanvar faciəsinə həsr olunan ədəbi-bədii kompozisiya ilə çıxış etdilər

Yanvarın 18-də 6 nömrəli məktəb-liseydə Qanlı 20 Yanvar faciəsinə həsr edilən anım tədbiri keçirildi.

Tədbirdə Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev və digər qonaqlar iştirak etdilər.

Anım tədbirində məktəbin 2-ci “b” sinifi şagirdlərinin ifasında o dəhşətli gecənin qurbanlarının və dövlət müstəqilliyimiz uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin əziz xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirildi.

Balaca istedadların böyük məharətlə səsləndirdikləri Vətənimizə, doğma Azərbaycanımıza, şəhidlərimizə, qəhrəmanlıq tariximizə həsr olunan və millətimizi yeni qələbələrə çağıran şerlər tədbir iştirakçılarına fərəh, qürur, hüzn, həyəcan və qələbəyə inamla dolu anlar yaşatdı.

Bu gün məktəblilərin ifasını dərin hüzn və yüksək fəxarət hissi ilə izlədiyini qeyd edən məktəb direktoru Gülşən xanım Orucova gənc nəslin yüksək vətənpərvərlik ruhunda tərbiyə olunmasının əhəmiyyətinə diqqət çəkdi. Bildirildi ki, biz Vətənimizi yaşatmaq istəyiriksə, ilk növbədə onun tarixini, mədəniyyətini, qan yaddaşımızı yaşatmalı və körpələrimizi bu ruhda tərbiyə etməliyik. Bu gün bu şer misralarında ifadə olunan kədəri, ürək yanğısını, Vətən sevgisini dərindən hiss edib səsləndirən övladlarımız sabah Azərbaycanımız üçün layiqli vətəndaşlar kimi yetişəcək və bu dövlətə sədaqətlə xidmət edəcəklər.

Məktəblilərin ifasında səsləndirilən bədii kompozisiyanın bütün tədbir iştirakçılarının qəlbində dərin təəssüratlar yaratdığını vurğulayan millət vəkili Şəmsəddin Hacıyev qeyd etdi ki, xalqımız hər il 20 Yanvar faciəsinin növbəti ildönümünü böyük ürək ağrısı, həyəcan və eyni zamanda qürur hissi ilə xatırlayır, qəhrəman şəhidlərimizin əziz xatirəsini, onların fədakarlıqlarını ehtiramla yad edir. Deputat, şagirdlərinə Azərbaycanımızın milli ideologiyasını ən yüksək səviyyədə aşılayan 6 nömrəli məktəb-liseyin bütün pedaqoji kollektivinə, bugünkü tədbirin təşkilatçılarına və xüsusilə məharətli ifaları ilə bu anım tədbirini unudulmaz xatirəyə çevirən şagirdlərə və onların sinif rəhbəri Xuraman xanım Məmmədovaya təşəkkür edərək, diqqətə çatdırdı ki, müstəqillik tariximizin ən qanlı və qəhrəmanlıq səhifələrindən biri olan 20 yanvar hadisələri eyni zamanda xalqımız üçün milli dirçəliş, milli oyanış, müstəqillik uğrunda ümumxalq mübarizəmizin başlanğıc nöqtəsi oldu. Ən yeni tariximizi qanları ilə yazan 20 Yanvar şəhidlərini ehtiramla yad edən və onlara Allahdan rəhmət diləyən Ş.Hacıyev məktəblərimizdə bu səpkidə keçirilən tədbirlərin gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasında müstəsna rolunu xüsusi qeyd etdi. Millət vəkili müstəqillik yolunda canlarından keçmiş səhidlərimizin əziz xatirələrinin əbədiləşdirildiyini, şəhid ailələri və 20 yanvar əlillərinin daima dövlətimizin və möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırdı. İqtisadiyyatımızın sürətli inkişafından, ordumuzun günbəgün daha da qüdrətlənməsindən, müzəffər Azərbaycan əsgərinin aprel hadisələrində göstərdikləri şücaətlər haqqında danışan Ş.Hacıyev xüsusi qeyd etdi ki, bütün bunlar bizlərdə gələcəyə inamla baxmağa, yaxın 1-2 il ərzində işğal altında olan torpaqlarımızın tamamilə azad ediləcəyinə, 20 Yanvar faciəsinə həsr edilən növbəti anım tədbirlərinin Şuşada, Ağdərədə, Xankəndində keçiriləcəyinə tam əminik yaradır.

Çıxış edən məktəbin tarix müəllimi Elmir İmanov 20 Yanvar hadisələrinin Azərbaycan xalqının şücaət və qəhrəmanlıq dastanı olduğunu qeyd etdi. Məktəblilərin bugünkü duyğusal ifasını xüsusi vurğulayan E.İmanov bildirdi ki, uşaqlarımızdakı bu vətənpərvərlik ruhu Vətənimizin nikbin gələcəyinə dair bizdə əminlik yaradır. Bildirildi ki, məktəbin fəxri məzunu, möhtərəm Prezidentimiz İlham Əliyevin beynəlxalq arenadakı uğurları hər bir azərbaycanlının qəlbində yüksək fəxarət hissi yaradır. Biz Vətənimizin, müstəqilliyimizin qədrini bilməli və Azərbaycanı daha da qüdrətli ölkəyə çevirmək üçün əlimizdən gələni etməliyik.

Şəhidlərimizə bir daha Allahdan rəhmət diləyir və ruhları şad olsun deyirik! Amin!