YAP Səbail rayon təşkilatında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anıldı
20.01.2018Yanvarın 18-də YAP Səbail rayon təşkilatının qərargahında 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirildi.
İlk öncə, Azərbaycanın müstəqilliyi uğrunda qəhrəmancasına həlak olmuş 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra 20 Yanvar hadisələrinə dair videoçarx nümayiş olundu.
Mərasimdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev 20 Yanvar faciəsinin səbəb və nəticələri barədə danışdı. Bu faciəni SSRİ adlandırılan fövqəldövlətin öz xalqına – Azərbaycan xalqına qarşı törətdiyi böyük cinayət, eyni zamanda qəhrəmanlıq səlnaməsi kimi qiymətləndirən deputat qeyd etdi ki, təpədən-dırnağadək silahlanmış sovet ordusunun əliyalın, sadə vətəndaşlara qarşı qanlı qırğın törətməsi çökməkdə olan imperiya rəhbərliyinin əsl simasını açıb göstərdi. Şəhərdə fövqaladə vəziyyət elan olunmadan, Bakıya bir neçə istiqamətdən təşkil edilən və ermənilərin xüsusi fəallıq göstərdikləri qanlı qırğın nəticəsində 147 nəfər şəhid oldu, 744-dən çox insan yaralandı, 841-dən çox günahsız şəxs qanunsuz olaraq həbs edildi. O zaman Bakı ilə yanaşı, respublikamızın bir sıra bölgələrində də qırğınlar törədildi.
Bildirildi ki, zəngin və şərəfli dövlətçilik tarixi olan Azərbaycanın müstəqillik tarixinə qanla yazılmış 20 Yanvar faciəsinin əsas səbəbi o vaxtkı hakimiyyətin satqınlığı, rəsmi Moskvanın əlində oyuncağa çevrilməsi, habelə milli azadlıq hərəkatının önündə gedən şəxslərin xalqa düzgün yol göstərə bilməməsi, xalqı aldatması və şəxsi maraq güdmələri oldu. Faciə sonrası dəfn mərasimində xalqın qarşısına çıxmağa belə cürətləri olmayan bütün bu Vətən xainləri azadlıq, istiqlaliyyət istəyən Azərbaycan xalqının mübarizlik əzmini zor gücünə qıra bilmədilər və şəhidlərimiz Vətənin azadlığı uğrunda canlarını fəda etməklə Azərbaycan xalqının istiqlaliyyət mübarizəsinin daha da alovlanmasında mühüm rol oynadılar. 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik amalını, bu yolda canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdiyini qeyd edən millət vəkili bildirdi ki, qəhrəman Vətən övladlarının xalqımızın azadlığı uğrunda şəhid olması müstəqillik, istiqlaliyyət uğrunda mübarizə aparan Azərbaycan xalqının iradəsinin sarsılmazlığını sübut etdi.
Faciəyə ilk siyasi qiymətin məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən verildiyini vurğulayan Ş.Hacıyev diqqətə çatdırdı ki, bu qanlı hadisəyə ilk və ən kəskin münasibəti həmin dövrdə Moskvada yaşayan Heydər Əliyev bildirdi. Dahi şəxsiyyət özünün və ailə üzvlərinin həyatının təhlükə altında olmasına baxmayaraq, faciənin səhərisi günü Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, beynəlxalq ictimaiyyət qarşısında kəskin bəyanatlarla çıxış etdi, Sovet İttifaqı rəhbərliyini Bakıda qanlı qırğın törətməkdə ittiham etdi və Azərbaycanın o vaxtkı hakimiyyətini fəaliyyətsizlikdə, satqınlıqda, mərkəzi hökumətin əlində oyuncağa çevrilməkdə günahlandırdı. Qeyd edildi ki, Ulu Öndərimizin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi qiymət verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 21 noyabr tarixli sessiyasında “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərar, 1992-ci il yanvarın 13-də isə “1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Rəyasət Heyətinin Bəyanatı” qəbul olunub. Ümummilli Lider Heydər Əliyev ölkəmizdə siyasi hakimiyyətə qayıtdıqdan sonra isə 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib. 1994-cü ilin fevral ayında keçirilən Milli Məclisin xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib və “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul edilib.
Çıxışına davam edən YAP Səbail rayon təşkilatının sədri 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, onların ailə üzvlərinə və faciə nəticəsində əlil olan şəxslərə göstərilən yüksək dövlət qayğısından danışdı.
Əldə olunmuş dövlət müstəqilliyinin qorunub saxlanması üçün müasir dövrdə xüsusi səylər və cəsarət tələb olunduğunu xüsusi qeyd edən Ş.Hacıyev bildirdi ki, möhtərəm Prezidentimiz İlham Əliyevin praqmatik və xalqımızın milli mənafelərinə xidmət edən düşünülmüş siyasəti nəticəsində Azərbaycan bu gün dünyada sürətlə inkişaf edən, qlobal iqtisadi və maliyyə böhranından ən az əziyyət çəkən, regionun güc mərkəzinə və sözsahibinə çevrilən azsaylı ölkələr sırasındadır. “Bizim iqtisadi və hərbi qüdrətimiz ildən-ilə daha da artır. Azərbaycanın bu gün güclü Lideri var, ölkəmizdə xalqla iqtidar arasında birlik sarsılmazdır və biz gələcəyə böyük nikbinliklə baxırıq. Aprel döyüşləri zamanı bütün dünya Azərbaycanın hərbi gücünün nələrə qadir olduğunun bir daha şahidi oldu. Əminik ki, şəhidlərimizin qanı yerdə qalmayacaq və onların canlarını qurban verdikləri müstəqil Azərbaycanın ərazi bütövlüyü mütləq surətdə tam bərpa olunacaqdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”
Mərasimdə 6 nömrəli məktəb-liseyin 2-ci sinif şagidləri Qanlı 20 Yanvar faciəsinə həsr olunmuş vətənpərvərlik ruhunda şerlər səsləndirdilər.
Çıxış edən 6 nömrəli məktəb-liseyin direktoru Gülşən xanım Orucova bildirdi ki, bu körpə balaların ifasında hiss olunan Vətən sevgisi və doğma torpağa bağlılıq hər bir azərbaycanlının qan yaddaşına həkk olunmuşdur. Çünki Azərbaycan xalqı qəhrəman və eyni zamanda tarix boyu başına çox faciələr gəlmiş xalqdır. Şanlı tariximizi yaşatmaq, dostumuzu-düşmənimizi tanımaq və gənc nəsli, uşaqlarımızı məhz bu vətənpərvərlik ruhunda böyütmək bizim ali vəzifəmiz və şəhidlərimizin ruhu qarşısındakı mənəvi borcumuzdur.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Rövşən Nəzərov və digər çıxış edənlər qeyd etdilər ki, Azərbaycanın dövlət müstəqilliyi məhz şəhidlərimizin qəhrəmanlığı, fədakarlığı və qanı ilə qazanılmışdır. Müasir Azərbaycan gəncliyinin də əsas məramı bu müstəqilliyi öz canı-qanı bahasına olsa da qorumaq və Vətənimizin ildən-ilə daha da qüdrətlənməsi üçün əlindən gələniəsirgəməməkdən ibarətdir. Bir daha Azərbaycanın müstəqilliyi uğrunda qəhrəmancasına həlak olmuş bütün şəhidlərimizi rəhmətlə anır və ruhları qarşısında baş əyirik!
Allah 20 Yanvar şəhidlərinə rəhmət eləsin, ruhları şad, qəbirləri nurla dolsun! Amin!
Şəhid ailələrinə baş sağlığı, səbr diləyir, Vətən sağ olsun deyirik!
Tədbirin videoyazısı
AzTV
SəsTV