Sürüşmə ilə bağlı Səbail RİH-də Xüsusi Qərargah yaradıldı

Son günlərdə atmosfer yağıntılarının təsirindən Səbail rayonu Bayıl yamacında, Teleqüllənin yaxınlığındakı mövcud sürüşmə zonasında aktivlik nəzərə çarpmış, torpaqda çatlar əmələ gəlmiş, bəzi yerlərdə isə çatlar genişlənmişdir.

Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının nümayəndələri həmin ərazidə olub və  sürüşmə sahəsinə baxış keçirmişlər.

Səbail RİH-dən verilən məlumatda bildirilir ki, Bakı şəhərinin aktiv sürüşmə zonalarından olan bu ərazidə sürüşmə halının baş verməsi yeni hadisə deyil, illərlə mövcud olan köhnə problemdir. Sürüşmə hadisəsi müəyyən dövrdən bir aktivləşir. Yağıntıların normadan artıq olması və digər səbəblər də buna öz təsirini gösrərir. Belə hallar hələ Sovetlər dönəmində də mövcud idi.

Vaxtı ilə ərazidə inşa olunmuş qanunsuz tikintilər, onların kommunikasiya xətlərinin qəzalı olması da sürüşməyə təkan verən hallardandır.

Məsələnin ciddiliyi nəzərə alınaraq, vətəndaşların təhlükəsizliyinin qorunması məqsədi ilə Səbai Rayon İcra Hakimiyyətində Xüsusi Qərargah yaradılmışdır. Mütəxəssislərin iştirakı ilə sürüşmənin əhatə dairəsi, bu ərazidə mövcud tikililərin ünvanları və yaşayan vətəndaşların sayı müəyyənləşdirilmişdir.

Sakinlərin təhlükəsizliyinin təminatı məqsədi ilə xüsusi təxliyə və yerləşdirmə planları hazırlanmış, tələbat yaranarsa vətəndaşların müvəqqəti yerləşdiriləcəyi yerlər müəyyənləşdirilmişdir. Hazırda ciddi narahatçılığa əsas yoxdur və ərazi aidiyyatı qurumlar tərəfindən nəzarətdədir.

Məsələ ilə bağlı RİH-nin başçısı Eldar Əzizov tərəfindən Qərargahın iclası keçirilmiş, xidmət, təşkilat və digər sahələrin rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Qərargahın iclasından sonra rayon icra hakimiyyəti və rayon polis idarəsinin əməkdaşları həmin ərazidə olmuş, sakinlərlə görüşmüşlər. Təhlükəsizlik nöqteyi nəzərindən sakinlərə müvəqqəti olaraq evlərini tərk edib qohumları və yaxınlarının evlərinə köçmələri tövsiyyə olunmuşdur. Ərazi polis nəzarətinə götürülmüşdür. Digər sakinlərin yerləşdirilməsi üçün ərazidəki idarə, təşkilat və müəssisələrdə müvəqqəti sığınacaqlar yaradılmışdır.

Əraziyə daimi baxışlar keçirilir, quraşdırılmış siqnal qurğularının göstəriciləri və baş verən hər hansı dəyişikliklər barədə dərhal aidiyyəti üzrə məlumat verilir.

Ərazidə gedən prosseslər Nazirlər Kabineti tərəfindən nəzarətdə saxlanılır. Məsələ ciddi nəzarətdədir və əlavə tədbirlər görülür.