Bayıl sürüşmə zonasında işlər davam edir
25.01.2018Ötən gün Bayıl yaşayış massivindəki mövcud sürüşmə zonasında yaranmış sürüşmə təhlükəsi ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətində yaradılmış Xüsusi Qərargah tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.
İlk növbədə mütəxəssislər tərəfindən ərazidə araşdırmalar aparılmış və Bayıl yamacında sürüşməyə meyilli riskli ərazidə 67 ev müəyyən olunmuşdur. Səbail RİH tərəfindən əlavə təhlükəsizlik tədbirləri nəzərə alınmaqla 80 ev (ailə) 390 nəfər ailə üzvü köçürülüb. Onlardan 34 ailə məcburi köçkünlərdir.
Köçürülən vətəndaşların əksəriyyəti qohum, tanış evinə gedib, RİH tərəfindən yaradılmış müvəqqəti sığınacaqda hazırda 42 nəfər vardır. Onlarım məişət və qidalanma məsələləri həll olunmuş, sığınacaqda həkim postu yaradılmışdır.
Qərargahdan verilən məlumata görə, Bakı şəhərində aktiv sürüşmə zonalarında bu hallar mütəmadi olaraq baş verir. Sürüşmə hadisəsi müəyyən dövrdən bir aktivləşir. Buna relyef dəyişmələri, torpağın dərinliklərindəki prosseslər, xüsusilə də yağıntıların artması və digər amillər təsirini göstərir. Sürüşməyə meylli ərazidə hər hansı böyük tikinti işləri aparılmır və bura ən yaxın tikinti 5-6 km uzaqlıqdadır ki, onların inşasına FHN, Ekologiya və Təbii Sərvərlər Nazirliyi və digər aidiyyatı qurumlar tərəfindən xüsusi araşdırmalardan sonra icazə verilmişdir. Ona görə də sürüşmə hadisəsini sırf tikinti ilə əlaqələndirmək düzgün deyildir. Hazırda ciddi narahatçılığa əsas yoxdur və ərazi aidiyyatı qurumlar tərəfindən nəzarətdədir.
Ərazidə FHN, Ekologiya və Təbii Sərvərlər Nazirliyi və digər aidiyyatı qurumların mütəxəssisləri araşdırmalar aparır, qəbul edilən qərarlar və görüləcək işlər barədə əlavə məlumat veriləcəkdir.
***
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu gün sürüşmə zonasında və həmin ərazidən köçürülən sakinlərin yerləşdirildiyi 163 saylı orta məktəbdə olub və sakinlərlə görüşüb.
Eldar Əzizov sürüşmə zonasında görülən işlərlə tanış olub. Daha sonra isə məktəbdə müvəqqəti yerləşdirilən 68 sakinlə görüş keçirib. İcra başçısı vətəndaşların yerləşmə şəraiti və digər problemləri ilə maraqlanıb.
Qeyd edək ki, ərazidə araşdırma aparan mütəxəssislər həmin dağ yamacının altında iki yeraltı çayın axdığını müəyyən ediblər. Bu çaylarda suyun səviyyəsinin dəyişməsi, eləcə də yağıntıların səviyyəsinin artması sürüşməyə səbəb olan amillərdəndir.
Görüşdə bildirildi ki, artıq bu məsələ ilə bağlı Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul olunub. Sürüşmə zonasından çıxarılan 80 ailə, 390 nəfərə bu aydan etibarən müvəqqəti olaraq kirayə haqqı ödəniləcək.
Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər qurumlarla birgə ərazidə araşdırma aparılır. Nəticə müəyyən olunanadək sakinlər kirayə haqqı ilə təmin olunacaq. Çıxarılan rəylərə uyğun tədbirlər görüləcəkdir. Əgər ərazidə təhlükə davam edərsə, vətəndaşlara birdəfəlik kompensasiya verilərək ərazidən köçürülmə məsələlərinə baxılacaqdır.
Hadisə yerindən reportaj
ATV
SpaceTV