YAP Səbail rayon təşkilatının 2018-ci il üçün iş planı təsdiq edildi

Yanvarın 25-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının İdarə Heyətinin iclası keçirildi.

İclasda YAP Səbail rayon təşkilatının 2018-ci il üçün iş planı və gündəlikdə duran cari məsələlər müzakirə edildi.

Çıxış edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev bildirdi ki, 2018-ci il ölkəmiz, o cümlədən Yeni Azərbaycan Partiyası üçün mühüm ictimai-siyasi tədbirlərlə zəngin olacaq. YAP Səbail rayon təşkilatı bu il də, hər zaman olduğu kimi, bütün istiqamətlər üzrə səmərəli fəaliyyət göstərəcək və möhtərəm Prezidentimiz, partiya Sədrimiz cənab İlham Əliyevin bilavasitə YAP qarşısına qoyduğu vəzifələrin, eləcə də YAP İcra Aparatı tərəfindən verilən tapşırıq və tövsiyələrin icrasında yüksək fəallıq nümayiş etdirəcəkdir. Vurğulandı ki, YAP Səbail rayon təşkilatının 2018-ci il üçün iş planı qarşıda duran vəzifələrə uyğun olaraq, real imkanlarımız nəzərə alınmaqla hazırlanmışdır. İş planında ənənəvi əlamətdar tarixlərin qeyd olunması, müxtəlif səpkili ictimai, siyasi, mədəni tədbirlərin keçirilməsi ilə yanaşı, müstəqil müasir Azərbaycanın qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi, “Azərbaycan Xalq Cümhuriyyəti ili” çərçivəsində Şərqdə ilk demokratik respublikanın 100 illik yubileyi, eləcə də növbəti Prezident seçkiləri ilə əlaqədar xüsusi tədbirlər planı nəzərdə tutulub. YAP Səbail rayon təşkilatının hər bir üzvü bütün bu tədbirlərin icrasında, xüsusilə müstəqillik tariximizə çox ciddi və mühüm ictimai-siyasi əhəmiyyətli hadisə kimi daxil olacaq 2018-ci il Prezident seçkilərində yaxından iştirak edəcək, partiyamızın növbəti möhtəşəm qələbəsi üçün fəal dəstəyini göstərəcəkdir.

İclasda YAP Səbail rayon təşkilatının, onun Qadınlar Şurasının, Gənclər Təşkilatının və Nəzarət-Təftiş Komissiyasının illik iş planları geniş müzakirə olundu, rəy və təkliflər dinlənildi.

İdarə heyətinin üzvlərindən “Səs” media qrupunun rəhbəri Bəhruz Quliyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorunun müşaviri prof. Vilayət Əliyev, rayon təşkilatı sədrinin birinci müavini Muxtar Nağıyev və Rizvan Vahabov çıxış edərək iş planının geniş, əhatəli və yüksək dəqiqliklə hazırlandığını bildirdilər və onun təsdiq olunmasını tövsiyə etdilər. Çıxışlardan sonra YAP Səbail rayon təşkilatının 2018-ci il üçün iş planı səsə qoyularaq təsdiq edildi.

İclasda, həmçinin Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında yeni təsis edilən “Filarmoniya” ərazi ilk partiya təşkilatından daxil olan müraciətə baxıldı və təşkilatın qeydiyyata alınması barədə qərar qəbul olundu.

Sonra cari məsələlər və qarşıda duran vəzifələr müzakirə olundu, müvafiq tapşırıqlar verildi.

İclasa yekun vuran Ş.Hacıyev fevral ayında YAP Səbail rayon təşkilatının yaradılmasının 25 illik yubileyinin qeyd olunacağını vurğulayaraq, bu mühüm tədbirə hazırlıq işləri barədə ətraflı məlumat verdi, bununla bağlı nəzərdə tutulan tədbirləri diqqətə çatdırdı.

Tədbirin videoyazısı
SəsTV