Bayıl sürüşmə zonasında görülən işlər və araşdırmaların vəziyyəti ilə bağlı Səbail RİH-nin məlumatı
29.01.2018Son bir neçə gün ərzində müxtəlif KİV-lərdə Səbail rayonu Bayıl yamacında yaranmış sürüşmə təhlükəsi, onun səbəbləri ilə bağlı bir-birinə əks, həqiqətə uyğun olmayan xəbərlər yayımlanır, sürüşmə hadisəsi yamacda aparılan tıkintilər və s. ilə əlaqələndirilir.
Bununla bağlı bildiririk ki, mütəxəssislərin apardıqları yoxlamalar nəticəsində sürüşmə təhlükəsi olan ərazidə 103 ev müəyyənləşdirilib.
Müəyyən olunub ki, burada tikilmiş evlərin 89,9 %-i məhz 2000-ci ilə qədər olan dövrün, o cümlədən 25%-i ötən əsrin 60-70-ci illərinin tikililərdir. Son 3 il ərzində isə burada yalnız 4 mövcud tikiliyə əlavələr edilib və hər bir fakt barədə materiallar hüquq-mühafizə orqanlarına təqdim olumub və araşdırılır.
Bir neçə evi çıxmaq şərti ilə yamacda tikilən fərdi yaşayış evləri bir gecə ərzində, əsas etibarı ilə aztəminatlı insanlar və məcburi köçkünlər tərəfindən inşa olunmuş, möhkəm özülü, dayağı olmayan, bir mərtəbəli qeyri-qanuni tikililərdir. Belə tikililərin isə torpağın sürüşməsinə təsiri yox dərəcəsindədir.
Sürüşmə ilə bağlı araşdırmalara cəlb olunmuş xarici mütəxəssislərin verdiyi ilkin rəyə əsasən burada baş verən proseslər xarici deyil, daxili tektonik proseslər olaraq, aktiv fazanın ilkin hissəsidir. Proseslərin dərinləşməməsi üçün təkliflər paketi hazırlanaraq dövlət qurumlarına təqdim olunacaqdır.
Xarici mütəxəssislərin rəyi bəzi qurumların sürüşməyə səbəb kimi burada aparılan tikinti və s. xarici amillərin göstərilməsini iddialarını alt-üst edir. Ərazidə inşa olunmuş tikililərin böyük hissəsinin birmərtəbəli və yüngül konstruksiyalı olması, ən yaxın çoxmərtəbəli bina tikintisinin 5-6 km kənarda, Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi icazəsi ilə aparılması xarici amilin təsiretmə sualını aradan qaldırır.
Təəccüblüsü isə odur ki, fərziyə irəli sürən, RİH-ni ittiham edənlər hərhansı bir araşdırma aparmadan, mövcud vəziyyətlə maraqlanmadan, heç bir sualla müraciət etmədən ancaq öz təxəyyüllərinin məhsulunu işə salıblar.
Hazırda RİH-də yaradılan Qərargah üzvləri tərəfindən ərazidə aparılan araşdırmalar başa çatmaq üzrədir, yoxlamaların nəticələri ilə bağlı məsələyə hüquqi qiymət və ictimaiyyətə məlumat veriləcək, buradakı tikililərin gələcək taleyi hüquqi müstəvidə həll olunacaqdır.