YAP Səbail rayon təşkilatının yeni ərazi ilk partiya təşkilatı təsis olundu

Yanvarın 30-da Azərbaycan Respublikası Hesablama Palatasında Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının “Dövlət auditi” ərazi ilk partiya təşkilatı təsis olundu.

Təsis yığıncağında YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev, Hesablama Palatasının Aparat rəhbəri Məhəmmədəli Süleymanov və Hesablama Palatasının YAP üzvü olan əməkdaşları iştirak etdilər.

Yığıncağı açıq elan edən Hesablama Palatasının Aparat rəhbəri Məhəmmədəli Süleymanov bildirdi ki, bu gün Hesablama Palatası kollektivinin hər bir üzvü üçün əziz gündür, çünki Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin yaratdığı partiyanın sıralarına daxil olmaq hər bir Azərbaycan vətəndaşı üçün böyük şərəf, yüksək etimad və məsuliyyət deməkdir. Xüsusi vurğulandı ki, möhtərəm Prezidentimiz, YAP-ın Sədri cənab İlham Əliyevin müstəqil dövlətçiliyimizin ildən-ilə daha da möhkəmləndirilməsi, Azərbaycanın iqtisadi, siyasi və hərbi qüdrətinin artırılması, hər mənada xalqımızın milli mənafelərinin qorunmasına hədəflənmiş düşünülmüş siyasəti ümumxalq rəğbəti, məhəbbəti ilə qarşılanır və bu gün YAP sözün əsl mənasında xalqın partiyasıdır. Hesablama Palatası işçilərinin əksəriyyətinin dövlət qulluqçusu olduğunu diqqətə çatdıran Aparat rəhbəri qeyd etdi ki, biz cənab İlham Əliyevin siyasətini hər zaman işimizi və vəzifələrimizi layiqincə yerinə yetirməklə dəstəkləmişik, bu gündən etibarən isə bu vicdanlı xidmətimizi eyni zamanda ölkə başçısının Sədr olduğu partiya sıralarında davam etdirmək istəyirik. Bununla əlaqədar olaraq, kollektivdə YAP sıralarına qəbul olunmaq üçün çoxsaylı müraciətlər qeydə alınıb və Hesablama Palatasında YAP-ın yeni ərazi ilk partiya təşkilatının təsis olunması üçün YAP Səbail rayon təşkilatına müraciət edilib. Müraciətin rayon partiya təşkilatı tərəfindən müsbət qarşılanmasına və bütün lazımi hazırlıq işlərinin qısa müddətdə tamamlanmasına görə YAP Səbail rayon təşkilatı rəhbərliyinə ürəkdən təşəkkür edən M.Süleymanov bugünkü təsis yığıncağında şəxsən iştirak etdiyinə görə rayon partiya təşkilatının sədri Şəmsəddin Hacıyevə xüsusi minnətdarlığını bildirdi.

Rəhbərlik başda olmaqla, Hesablama Palatasının bütün kollektivini səmimi qəlbdən salamlayan YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev qeyd etdi ki, dövlət büdcəsi kimi ali maliyyə sənədinin formalaşdırılması və büdcə vəsaitlərindən düzgün və səmərəli istifadə olunmasına dövlətin maliyyə nəzarətinin həyata keçirilməsi kimi yüksək məsuliyyət tələb edən mühüm vəzifələri yerinə yetirən Hesablama Palatası yarandığı gündən etibarən öz fəaliyyətini müasir tələblər səviyyəsində quraraq, özünü ölkəmizin ən mühüm maliyyə nəzarəti institutlarından biri kimi təsdiq etmişdir və bu mənada dövlətçilik mənafelərini qoruyan digər analoji strukturlardan əhəmiyyətli dərəcədə fərqlənir. Rayon partiya təşkilatının sədri Hesablama Palatasında YAP-ın ərazi ilk partiya təşkilatının yaradılması təşəbbüsünü yüksək qiymətləndirdi, bu təsis yığıncağının Palatanın həyatında mühüm tarixi hadisə olduğunu bildirdi və bu münasibətlə kollektiv üzvlərini səmimi qəlbdən təbrik etdi.

Yeni Azərbaycan Partiyasının yaranma tarixi və onun Azərbaycanın bugünkü ictimai-siyasi həyatındakı əvəzolunmaz rolu haqqında ətraflı məlumat verən Ş.Hacıyev YAP-ın çətin mübarizələr və şərəfli qələbələrlə əlamətdar olan 25 illik inkişaf yoluna geniş ekskurs etdi və qarşıda duran vəzifələr və hədəflər haqqında danışdı.

Qeyd olundu ki, YAP-ın yaranması müstəqil dövlətçilik tariximizin ən ağır və ziddiyyətli dövrünə təsadüf edir. Bu elə bir dövr idi ki, yenicə müstəqillik qazanmış Azərbaycanın taleyi həll olunurdu, ölkəmizi bölməkdə maraqlı olan böyük güclərin məkrli planları müstəqilliyimiz üçün ciddi təhlükə yaratmışdı, vətəndaş müharibəsi başlamışdı, qardaş qanı tökülmüşdü, torpaqlarımızın 20%-i işğal olunmuşdu, 1 milyondan çox soydaşımız qaçqın və köçkün vəziyyətində idi, ölkəni dərin ictimai-siyasi və iqtisadi böhran bürümüşdü, dövlətin demək olar ki, bütün strukturları iflic vəziyyətinə düşmüşdü. Vəziyyəti sistem dəyişikliyinin yaratdığı problemlər daha da ağırlaşdırırdı. Bir sözlə, Azərbaycan məhv olmaq təhlükəsi qarşısında dayanmışdı. Təsadüfi deyildir ki, Möhtərəm Prezdentimiz çox düzgün olaraq Azərbaycanın müstəqilik tarixinin bu ilk üç ilini ən rüsvayçı dövrü kimi qiymətləndirmişdir. Hakimiyyəti zorla ələ keçirmiş və milli mənafelərə, milli dəyərlərimizə, müstəqilliyimizə məhəl qoymayan AXCP-Müsavat cütlüyü ölkəni uçuruma sürükləyirdi. Belə bir şəraitdə Azərbaycan ziyalıları və bütün xalqımız, yeganə çıxış yolunu Azərbaycanın dahi oğlu Heydər Əliyevə müraciət etməkdə gördü və ölkəmizin məhv olmaq təhlükəsindən qurtuluşu da məhz Azərbaycan ziyalılarının – “91-lər”in Ulu Öndərimizə tarixi müraciəti ilə başladı. 21 noyabr 1992-ci il tarixində 550 nəfər partiya üzvü ilə təsis yığıncağı keçirilən YAP-ın ilk sədri Heydər Əliyev seçildi və bununla da Azərbaycan xalqından yekdil dəstək alan partiyamız yeni bir siyasi qüvvə kimi siyasət meydanına daxil oldu. Yeni Azərbaycan Partiyasının nüfuzunun güclənməsi və partiyanın özünü təsdiq etməsində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi qeyd edən deputat vurğuladı ki, vətənimizin çoxəsrlik tarixində böyük şəxsiyyətlər, rəhbərlər, sərkərdələr, alim-filosoflar, şairlər və s. olmuşdur, lakin Azərbaycan xalqı qarşısındakı xidmətlərinin əhəmiyyətinə və miqyasına görə görkəmli dövlət xadimi və dünyaşöhrətli siyasətçi Heydər Əliyevlə heç bir rəhbər müqayisə oluna bilməz.

Millət vəkili Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdışından sonra ölkəmizdə həyata keçirilən və bu gün də onun adı ilə bağlı olan cəmiyyət həyatının bütün sosial-iqtisadi sahələrini əhatə edən kompleks dövlət quruculuğu tədbirləri, genişmiqyaslı islahat proqramları, xüsusilə milli iqtisadi intibahımızın əsasını təşkil edən “Əsrin Müqaviləsi”nin imzalanmasının tarixi əhəmiyyəti haqqında geniş danışaraq diqqətə çatdırdı ki, Heydər Əliyev məhv olmaq təhlükəsi ilə üz-üzə qalan ölkəni sabitlik və inkişaf yoluna çıxardı, Azərbaycanı bütün dünyaya və qlobal dünyanı Azərbaycana tanıtdı və ölkəmizi özü qədər inandığı etibarlı Liderə – möhtərəm Prezidentimiz İlham Əliyevə əmanət etdi.

Müasir dünyada çox azsaylı prezidentlərin sözün həqiqi mənasında xalqının, ölkəsinin lideri olması faktını qeyd edən Ş.Hacıyev bildirdi ki, ölkə başçısı, partiyamızın Sədri cənab İlham Əliyev ümumxalq etimadını və sevgisini qazanmış milli Lider olmaqla yanaşı, eyni zamanda bütün dünyada xüsusi mövqeyi və rolu olan müdrük siyasətçi, cəsarətli və uzaqgörən Liderdir. Deputat, möhtərəm Prezidentimizin rəhbərliyi ilə, Azərbaycanda aparılan və milli maraqlara xidmət edən düşünülmüş, cəsarətli və müstəqil siyasətin ölkədaxili və beynəlxalq siyasi-iqtisadi-sosial tərkib elementləri haqqında ətraflı bəhs edərək, xüsusilə 2017-ci ildə “Əsrin Müqaviləsi”nin 2050-ci ilədək çox əlverişli şərtlərlə uzadılmasını, Bakı-Tbilisi-Qars kimi regionun nəqliyyat xəritəsini tamamilə dəyişən infrastruktur layihəsinin reallaşmasını, və üç qitəni (Avropa, Asiya, Afrika), eləcə də üç dənizi (Xəzər dənizini, Qara dənizi və Aralıq dənizini) birləşdirən Cənub-Qaz Dəhlizi, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi kimi layihələrin icrasını İlham Əliyev siyasətinin tarixi təntənəsi kimi qiymətləndirdi.

Müasir Azərbaycanın qeyd olunan uğurlarının əldə olunmasında Yeni Azərbaycan Partiyasının xüsusi rolunu vurğulayan rayon partiya təşkilatının sədri çıxışının davamında Səbail rayonunun ölkənin zəngin ictimai-siyasi həyatındakı rolu haqqında ətraflı məlumat verərək bildirdi ki, ideoloji maarifləndirmə, təbliğat-təşviqat və siyasi fəaliyyətlə yanaşı, Səbail rayonunun çoxşaxəli ictimai-siyasi həyatında yaxından iştirak etmək, sosial-mədəni proseslərə töhfə vermək, aztəminatlı rayon sakinləri ilə bağlı işlər görmək, cəbhə bölgələrinə səfərlər təşkil etmək və s. YAP Səbail rayon təşkilatının fəaliyyət planının əsas prioritetlərini təşkil edir.

Ş.Hacıyev 2018-ci il Prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası üzvlərinin qarşısında duran vəzifələrə də toxunaraq diqqətə çatdırdı ki, biz, bütün YAP üzvləri, bu il də istər meydanlardakı, istər sosial şəbəkələrdəki seçkiqabağı fəaliyyətimiz ilə ölkəmizdəki alternativi olmayan siyasətin növbəti möhtəşəm qələbəsini təmin etmək üçün bütün intellekt, bilik, savad, bacarıq və potensialımız ilə mübarizə aparacaq və Allahın köməkliyi ilə, ölkəmizdə qibtəolunacaq dərəcədə mövcud olan sarsılmaz xalq-iqtidar birliyini və ictimai-siyasi sabitliyi bundan sonra da qoruyacağıq.

Ölkəmizdə gedən bütün bu pozitiv işlərə və dövlət siyasətinə mühüm töhfələri olan Hesabalama Palatası kollektivinin öz xidməti vəzifələri ilə yanaşı, Səbail rayonu və ölkəmizdə gedən ictimai-siyasi proseslərdə də yaxından iştirak edəcəklərinə dair əminliyini ifadə edən deputat təşkilat üzvlərini yeni ərazi ilk partiya təşkilatının təsis olunması münasibətilə bir daha təbrik etdi və onlara siyasi fəaliyyətlərində uğurlar arzuladı.

Sonra “Dövlət auditi” ərazi ilk partiya təşkilatı təsis olundu, təşkilatın İdarə heyətinin üzvləri, sədri və müavini seçildi.

“Dövlət auditi” ərazi ilk partiya təşkilatının yeni seçilmiş sədri, Hesablama Palatasının Aparat rəhbəri Məhəmmədəli Süleymanov və təşkilat sədrinin müavini, Palatanın sektor müdiri Nazim Alıyev onlara göstərilən yüksək etimada görə təşəkkür edərək, Palatanın bütün kollektivinin Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyalarını, ölkə rəhbəri, partiya Sədri cənab İlham Əliyevin siyasətini ürəkdən dəstəklədiklərini və partiyanın bütün tapşırıqlarını yüksək məsuliyyətlə yerinə yetirməyə hazır olduqlarını bildirdilər.

Xoş və səmimi məqamlarla yadda qalan yığıncağa YAP Səbail rayon təşkilatı və Azərbaycan Respublikası Hesablama Palatası arasında gələcək əməkdaşlıq planlarının müzakirəsi ilə yekun vuruldu.